Müsahibə

Narkotiklə saxlanılan güləşçi: “Rəqiblərim narahat olmağa başlasınlar, Əmiraslanov qayıdır” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“İşim güləşməkdir. Dövlətimizi, millətimizi böyük arenalarda layiqincə təmsil etmək istəyirəm”.

Bunu Azərbaycan millisinin sərbəst güləşçisi Mahir Əmiraslanov (57 kiloqram) İdman.biz saytına müsahibəsində deyib.

– Bir illik fasilədən sonra Azərbaycan çempionatında çıxış etdin və yarışı bürünc medalla başa vurdun. Hazırkı formanı necə qiymətləndirirsən?

– Bəli, uzun fasilədən sonra Azərbaycan çempionatında iştirak edib bürünc medal qazandım. Düşünürəm ki, yaxşı formadayam və bundan da yüksəyə qalxacağam.

– 2022-ci il sənin üçün xoşagəlməz hadisələrlə yadda qaldı. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edildin və barəndə qətimkan tədbiri seçilərək, saxlanıldın. Bundan sonra yenidən güləşə qayıtmaq çətin olmadı?

– Bu problemlərdən sonra qayıtmaq bir o qədər də çətin olmadı. Çünki peşəkar idmançıyam. İşim güləşməkdir. Dövlətimizi, millətimizi böyük arenalarda layiqincə təmsil etmək istəyirəm.

– Qayıdışından sonra millinin məşqçiləri və federasiya rəsmiləri ilə görüşün olub?

– Bəli, məşqçilərlə görüşmüşəm və hazırda milli komandanın üzvüyəm. Başqa işim yoxdur. Uzun illərdir ki, güləşlə məşğul oluram və bu işin peşəkarıyam. Ara verməmişdən öncə necə lider idimsə, yenə də elə olacağam. Səhvsiz insan olmur, bir səhv idi, oldu keçdi. Yıxılana balta vurmaq lazım deyil, əlindən tutub qaldırmaq lazımdır. Yığma komandanın məşqçilərindən istəyim hər zaman olduğu kimi yanımda olmaları, mənə inanmalarıdır. Azərbaycan Güləş Federasiyasının mənə bəslədiyi ümidləri doğruldacağam.

– Yenidən lider olacağını bildirdin. 57 kiloqramda bir nömrə olan İslam Bazarqanovla bacaracaqsan?

– Bəli, çəkimdə hazırda lider Bazarqanovdur. Onunla hesabımız 1:1-dir. İnşallah, revanş olacaq. Mən onu böyük üstünlüklə məğlub edəcəyəm.

– Bəs digər rəqiblərin barədə nə deyə bilərsən?

– Rəqiblərim hamısı narahat olmağa başlasınlar, çünki Əmiraslanov qayıdır. Onlar bilsin ki, güclü şəkildə hazırlaşıram və heç kimə şans verməyəcəyəm. Öz sözümü yenə deyəcəyəm. Böyük arenalarda layiqincə çıxış edəcəyəm. Məqsədim Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Buna nail olmaq üçün əlimdən gələni edəcəyəm.

– Buna artıq özünü hazır sayırsan?

– Yığmada mənim çəkimdə Olimpiadaya heç kim vəsiqə qazanmayıb. Bunu özüm bacaracağam. Olimpiya Oyunlarında iştirak etmək şansım çox böyükdür.

– Onda Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirində səni izləyə biləcəyik?

– Bakıdakı Olimpiya təsnifat yarışında özüm iştirak edəcəyəm. Məşqlərdə, təlim-məşq toplanışlarında, yoldaşlıq görüşlərində özümü yüksək səviyyədə göstərəcəyəm. Yarışlarda yüksək səviyyədə nailiyyətlər qazanacağam.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir