Araşdırma

Türk millətinin ortaq əlifba problemi – Şəms Hüseynli yazır

Sharing is caring!

Ortaq kökə və mədəniyyətə sahib olan türk xalqlarının birliyi və inkişafı prosesinin sürətləndiyi müasir dövrümüzdə ortaq əlifba haqqında düşünmək olduqca önəmlidir. Türk dünyasının birliyi və ortaq ədəbi dilin inkişafı yolunda vahid bir əlifbanın yaradılması əsas şərtlərdəndir.

Vahid yazı sisteminin – əlifbanın olması, hər bir dövr üçün aktual hesab olunsa da, bu yöndə ciddi cəhdlərə XIX əsrin sonlarında rast gəlirik. Orta dövr ədəbiyyatına nəzər salsaq, söz sənətimiz türk əqidəsi ilə yaranıb inkişaf etsə də,ərəb əlifbası ilə qələmə alınırdı. İlk dəfə Şah İsmayil Xətai tərəfindən Ana dili dövlət dili elan olunmuş, dövlət işlərində, rəsmi sənədlərdə öz təsdiqini tapmışdı. Qədim zamanlardan orta əsrlərədək yazılı ədəbiyyatımızın dillər əzbəri olan əsərlərinin mövzu və ideyası türk təfəkkürünü əks etdirmiş, ortaq türk birliyini təbliğ etmişdi. Lakin ədəbi inkişafımızın ən “faciəvi” tərəfini məhz bu əsərlərin ərəb əlifbası ilə qələmə alınmasındadır. Buna misal olaraq, günümüzdə qonşu İran ədəbiyyatşünaslarının Nizamini, Füzulini özünüküləşdirməyə çalışmaq cəhdləri ədəbi mühitimizdə bir mənalı qarşılanmamışdır. Elə Nizaminin “İskəndərnamə” poemasında Makedoniyalı İsgəndərlə əsl türk qadını Nüşabə obrazının qarşılaşması səhnəsi söz ustadının yaradıcılığının türk dünya görüşünə aid olmasının sübutudur:

Erkək tinətliyəm, olsam da qadın,

Hər işi bəllidir mənə dünyanın.

Mən də bir aslanam, düşünsən bir az,

Aslanın erkəyi, dişisi olmaz.

Nizami türk qadının hünərli səsinə arxalanaraq dövrün padşahlarına xitab edir.

XIX əsrin sonlarında Azərbaycanın ədəbi dilinin inkişafının və tərəqqisinin qarşısını alan maneələrdən biri də vahid əlifbanın olmaması və ərəb əlifbasında mövcud olan çətinliklər olmuşdu. Məhz bu səbəbdən, Azərbaycanın tərəqqisini düşünən ziyalılar dilimizin bütünlüklə fonetik quruluşunu əks etdirməyən ərəb əlifbasının dəyişdirilməsi, vahid türk əlifbasının yaradılması uğrunda uzun illər mübarizə aparmışlar. Azərbaycanda bu mübarizənin başlanğıcı M.F.Axundovun adı ilə bağlıdır. O, kiril və ərəb əlifbalarına yaxşı bələd olduğundan ərəb əlifbasındakı qüsurları görür və elmin inkişafdan qalmasını, cəhalətin tərəqqini üstələməsinin səbəblərindən birini də bununla əlaqələndirir. M.Fətəli.Axundov ərəb əlifbasının fonetik quruluşunda mövcud olan qaydaları nöqsan hesab etmişdir. Belə ki, bəzi hərflərin eyni yazılması və nöqtəylə fərqlənməsi, hərfin hökmünün yerinə görə dəyişməsi, sait səslərin samitlərdən ayrı yazılması və dogru oxunmasının oxucu savadına qalması mütaliə zamanı oxucuda çətinliklər yaradır.

Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Şah İsmayıl Xətainin yolunu davam etdirərək Azərbaycan (türk) dilinə dövlət statusu verdi və dövlət orqanlarında sənədlər bu dildə qeydə alınmağa başladı.

Türk xalqları arasında ilk olaraq Azərbaycanda latın qrafikalı əlifbaya keçid olundu. Bəzi digər türk xalqları da bu əlifbaya keçid etdilər. Bu hadisə türk xalqlarının birləşməsi üçün önəmli addım idi. Lakin hakimiyyətdə olan sovet hökümətinin yeritdiyi siyasətə zidd olan türk xalqlarını bir-birinə isti münasibəti az sonra bütün post sovet ölkələrini ağuşuna alan repressiya ilə susduruldu. Çox keçmədən Sovet hökümətinin yeritdiyi sərt ideoloji siyasət özünü göstərdi. Sovet birliyinə daxil olan türk xalqlarının ortaq əlifbası ləğv olunaraq məcburi şəkildə kiril əlifbası ilə əvəz olundu. Sovet hakimiyyəti dağıldıqdan sonra isə əlifba mövzusu bir daha aktuallaşdı. Ortaq əlifbada birləşmək cəhdini tarixin səhnəsinə yenə ilk gətirən Azərbaycan oldu.

Azərbaycanın yeni müstəqillik qazanması milli maraqlarımıza, milli dəyərlərimizə, tariximizə qayıdışı sürətləndirdi. Bu sırada klassik mətbuatımızın nümunələrini yeni nəslə çatdırmaq problemi yarandı. Problem onda oldu ki, yuxarıda dediyimiz kimi zaman-zaman əlifba dəyişikliyi klassik mətbuatımızın birbaşa oxunuşuna heç də hər kəsə imkan vermirdi. Belə şəraitdə “transliterasiya”,”faksimile nəşr” kimi anlayışlar elmi leksikada populyarlaşdı. Azərbaycan Milli Ensiklopediyası Nizami Gəncəvi adına Ədəbiyyat institunun mətbuat tarixi və publisistika şöbəsi, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi, ADA universiteti kimi elm və təhsil müəssisələri klassik mətbuatımızın müasirlik kəsb edən nümunələrini ərəb qrafikalı əlifbadan latın qrafikalı yeni əlifbaya köçürərək-transliterasiya edərək, onların faksimile – yeni əlifbada nəşrinə nail olmuşdular. Bu sahədə Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı mühüm rol oynadı. Heydər Əliyev klassik mətbuatın transliterasiyası və onun faksimile nəşrinə ciddi dövlət qayğısı göstərdi. Onun sayəsində”Molla Nəsrəddin”jurnalının bütün nömrələri 10 cildlik formatda yenidən çap olundu. Bu gün ADA universiteti, başda rektor Hafiz Paşayev olmaqla, 1918-1920-ci illərdə ərəb əlifbası ilə çap edilən klassik “Azərbaycan” qəzetinin bütün nömrələrini 20 cildlik kitab formatında yeni nəslə təqdim etməkdədir.

Bütün bunlar olsa da bugünkü gənc nəsil kiril əlifbasını unutmaqdadır. Beləcə sovet dövrü bədii sənət nümunələri və mətbuatımızın da transliterasiyasına ehtiyac duyulmaqdadır. Bu ehtiyacın bir qismi Prezident İlham Əliyevin “Azərbaycan dilində Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə qarşılanmışdır. Bu sərəncam indi də qüvvədədir. Belə narahatlıqlar bir daha göstərir ki, xalq əlifbaya münasibətdə daim ayıq-sayıq olmalıdır. 

Şəms HÜSEYNLİ
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir