Müsahibə

ECA-ya arbitr seçilən həmyerlimiz: “Kortəbii şəkildə hər sənədi imzalamaq düzgün deyil” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Azərbaycanda idman hüquqşünaslığı sahəsində müəyyən problemlər, xüsusilə kadr çatışmazlığı və qeyri-peşəkar yanaşmanın mövcudluğu var. Hazırda Bakı Dövlət Universitetinin Hüquq fakültəsində magistr səviyəsində ixtisaslaşma var. Bu istiqamətdə sırf idman hüquqşünasları hazırlanır. Bakalavr səviyyəsində də idman hüququ fənni tədris olunur. Düşünürəm ki, qarşıdakı illərdə idman hüquqşünaslarının sayı artacaq və ölkəmizdə idman hüququ daha da inkişaf edəcək”.

Bu sözləri Oxu.Az-a müsahibəsində idman hüquqşünası, Avropa Həndbol Arbitraj Məhkəməsinə (ECA) arbitr seçilmiş Fərid Haqverdiyev deyib.

Müsahibəni təqdim edirik.

– Avropa Həndbol Arbitraj Məhkəməsinə (ECA) arbitr seçilmisiniz. Öncə bununla bağlı fikirlərinizi öyrənək.

– Bir azərbaycanlı kimi mənim üçün böyük fəxrdir ki, ölkəmizi belə bir mötəbər qurumda təmsil edəcəyəm. Orada tanınmış idman hüquqşünasları arbitr kimi fəaliyyət göstərirlər. Onların işləri ilə tanış olmuşam və onları bir növ özümə rəhbər seçmişəm. Belə şəxslərlə eyni heyətdə olmaq mənim üçün fəxrdir. Orada olmaq həm özüm üçün, həm də ölkəmizi təmsil etmək baxımından vacibdir.

– ECA-nın funksiyası nədən ibarətdir?

– ECA Avropa Həndbol Federasiyası tərəfindən 2007-ci ildə yaradılıb. Məqsəd həndbol sahəsində yaranan mübahisəli məsələlərin həlli üçün çevik və əlçatan platformanın yaradılmasıdır. Bu sahədə vahid orqanın yaradılması labüdləşmişdi. Çünki bir az pərakəndəlik mövcud idi. Bu orqan Beynəlxalq Həndbol Federasiyası tərəfindən də rəsmi olaraq tanınır. Orada federasiyaların bir-birlərindən, klubların federasiyalardan, həndbolçuların klublardan şikayətlərinə və s. baxılır. ECA ən yuxarı instansiyadır. Şərt odur ki, mübahisəyə öncə qərarından şikayət verilən orqanın alt qurumlarında, komitələrində baxılmalıdır. Mübahisə üçün bütün instansiyaları keçdikdən sonra yenə də tərəfləri qane etməyən qərar olanda yekun instansiya kimi iş ECA-ya verilə bilər.

– Sizin seçilməyiiniz necə baş tutdu?

– Burada xüsusi prosedur var. Üzv qurumlar, klublar arbitr üçün namizəd irəli sürə bilərlər. Mənim namizədliyim Avropa Həndbol Federasiyası tərəfindən sürülüb. Qurumun hüquqşünası ilə əvvəldən işgüzar münasibətlərim yaranmışdı. Təklif onlardan gəldi və sənədləri hazırlayıb namizədliyimin nəzərdən keçirilməsi üçün təqdim etdim. Namizəd qərəzsiz, müstəqil olmalı, arbitr fəaliyyətini həyata keçirən zaman maraq toqquşması olmamalıdır. Onun təcrübəsi, iclasları aparmaq qabiliyyəti yoxlanılır. Mənim idman hüquqşünası kimi magistr təhsilim və AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin üzvü olmağım burada önəmli rol oynadı. Eyni zamanda tələb olunan sənədlər arasında CV-də var idi. Artıq neçə illərdir ki, idman hüquqşünası kimi fəaliyyət göstərirəm, FIFA-da, İdman Arbitraj Məhkəməsində (CAS) bir çox şəxsi təmsil etmişəm. Həm də Azərbaycan Vəkillər Kollegiyasının üzvüyəm. Bu sahədə kifayət qədər təcrübəm olduğu üçün mənə üstünlük verildi. Eyni zamanda qurumda müxtəlifliyə önəm verirlər, istəyirlər ki, bütün Avropa təmsil olunsun. Bütün bu sadalanan faktorlar və rəngarəngliyin tərəfində olduqları üçün namizədliyim ECA-nın Ümumi Yığıncağı tərəfindən müsbət dəyərləndirildi və növbəti altı il müddətinə arbitr seçildim.

– ECA-daki işinizi necə təsvir edə bilərsiniz?

– Mənə həvalə edilən mübahisələr üzrə arbitr, qərar verənlərdən biri olacağam. Proseslərdə üç hakim olur. Öncə hər tərəf bir hakim seçir, ECA tərəfindən də bir nəfər heyətə rəhbər təyin edilir. Ondan sonra prosedura uyğun olaraq işə baxılır. Quruma müraciət ediləcəyi və tərəflərdən birinin, yaxud ECA-nın məni seçəcəyi təqdirdə, işə qoşulacağam. Arbitr üçün əsas tələblərdən biri də odur ki, maraq toqquşması varsa, bunu açıqlamaq lazımdır. Onu da qeyd edim ki, bu, kifayət qədər bahalı prosedurdur. İlkin müraciət rüsumu 1000 avrodur. Eyni zamanda müraciət üçün hüquqşünasa ödənilən vəsait və ECA-nın öz xərcləri də nəzərə alınmalıdır. Sonradan prosesin gedişatına uyğun olaraq xərclərin artması mümkündür.

– ECA-ya üzvlüyünüz AFFA-dakı işinizə mane olmayacaq?

– Xeyr, Komitədəki fəaliyyətimə davam edəcəyəm. Çünki həndbol və futbol ayrı-ayrı sahələrdir. Həm də mən AFFA-da ictimai əsaslarla fəaliyyət göstərirəm. Buna görə də hər hansı maneə yaranmayacaq.

– Qeyd etdiniz ki, illərdir ki, idman hüquqşünası kimi fəaliyyət göstərirsiniz. Azərbaycanda bu sahədə vəziyyət necədir? Son zamanlarda şikayətlərin, mübahisəli məsələlərin həlli üçün müvafiq qurumlara müraciətlərin sayının artdığı müşahidə edilir.

– Bəli, əvvəlki illərə nisbətən bu yöndə aktivlik artıb. Əvvəllər Komitənin mövcudluğu barədə tək-tük futbolçu məlumatlı idi. Düşünürəm ki, son işlərdən sonra onlarda məlumat artacaq. Mübahisələrlə bağlı xeyli müraciətlər daxil olur. Düşünürəm ki, say artan templə davam edəcək. Əvvəl Komitəyə şikayət verilməyin mümkünlüyünü belə bir çox klublar, futbolçular, məşqçilər bilmirdilər. Amma son illər tendensiya göstərir ki, bu sahədə daha məlumatlıdırlar. Amma sözsüz ki, hələ də maarifləndirilmələrinə ehtiyac var. Nə qədər çox məlumatlı olsalar, həm ölkəmizdə idman hüququnun inkişafı, həm komitənin fəaliyyətinin təkmilləşdirilməsi baxımından müsbət təcrübə olar.

– Futbolçuların bir çoxu hüquqlarını sanki tam olaraq bilmirlər. Bir neçə il əvvvəl oyunçularla ikili müqavilə imzalandığı ilə bağlı faktlar ortaya çıxmışdı və bu, sonradan onlara problem yaradırdı. Belə problemlərin aradan qaldırılması üçün hansı addımlar atıla bilər?

– Burada həm klublar, həm oyunçular maraqlı olmalıdırlar. Futbolçu diqqətli davranmalı, səbəbi öyrənməlidir ki, niyə iki müqavilə imzalanır. Hüquqi əsası varsa, o zaman razılaşmalıdır. Yoxsa kortəbii şəkildə hər sənədi imzalamaq düzgün deyil. “İmzala dedilər, mən də imzaladım” – Bu, əsas vermir ki, futbolçu və ya klub məsuliyyətdən azad olsun. Qarşılıqlı şəkildə hər biri məsələni araşdırmalıdır. Bununla bağlı hər hansı tərəddüdləri olduğu halda hüquqşünaslara müraciət edə, yaxud AFFA-dan yardım istəyə bilərlər.

– ECA-ya müraciətin bahalı olduğunu qeyd etdiniz. CAS-da işlər daha çox xərc tələb edir. Son zamanlar Azərbaycandan ora bir neçə müraciət olub. Bəlkə, yerli komitələrin keyfiyyətini artırmaqla məsələnin ora gedib çıxmasına imkan verməmək olar?

– Əslində digər ölkələrdə də federasiyaların nəzdində yerli komitələr var. Amma onlardan da CAS-a şikayətlər daxil olur. Bu o demək deyil ki, onlar həmişə qanunsuz qərarlar verirlər. Hüquqda da ilkin instansiya məhkəməsi var, amma apellyasiya məhkəməsi də var və s. İdman sahəsində beynəlxalq qurumlara işin gedib çıxması mütləq şəkildə yerli komitənin fəaliyyətini düzgün qurmamasının göstəricisi deyil. Qərarın tərəflərdən birinin mənafeyinə uyğun gəlməməsi mümkündür. Ona görə də qarşı tərəfin hüququdur ki, yerli orqanın qərarından İdman Arbitraj Məhkəməsinə şikayət versin. Bəli, bu, bahalı prosesdir və heç də hər bir idmançının imkanı çatmır ki, işi ora aparsın. Buna baxmayaraq, artıq CAS imkanı olmayan şəxslər üçün təmənnasız fəaliyyət göstərən hüquqşünasların xidmətlərini təklif edir. Yəni CAS-a müraciət etmək istəyən şəxslər tələb olunan sənədləri təqdim etməklə belə hüquqşünasların xidmətlərindən yararlana bilirlər.

– Bu sahədə üzdə olan adlardan biri kimi Azərbaycan idman hüquqşünaslığındakı durumu necə dəyərləndirirsiniz?

– Bu sahədə müəyyən çatışmazlıqlar, xüsusilə kadr çatışmazlığı və qeyri-peşəkar yanaşmanın mövcudluğu var. Hazırda Bakı Dövlət Universitetində Hüquq fakültəsində magistr səviyəsində ixtisaslaşma açılıb. Bu istiqamətdə sırf idman hüquqşünasları hazırlanır. Bakalavr səviyyəsində də idman hüququ fənni tədris olunur. Düşünürəm ki, qarşıdakı illərdə idman hüquqşünaslarının sayı artacaq və ölkəmizdə idman hüququ daha da inkişaf edəcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir