Cəmiyyət

Yenidən dirilişin simvolu: Ziyalılarımızın yetişdiyi Qazax Müəllimlər Seminariyasından REPORTAJ + FOTO

Sharing is caring!


Milli özünüdərkin azadlığına qovuşduğu, milliliyə qayıdışın başladığı yerdə – Qazaxda, Müəllimlər Seminariyasının qarşısındayıq. Firidun bəy Köçərli və həyat yoldaşı Badisəba xanımın heykəli ilə üz-üzə dayanmışıq.

İkisinin də donmuş baxışları gözlərimə zillənib. Zamanı 105 il əvvələ çəkib eyni yerdə dayansam, bəlkə də, bu baxışların qaynayan, hətta şövqlə çağlayan halını görərdim. Yəqin, eyvanlarından boylanıb qonaqlarının gəldiyini görən kimi belə əhvala bürünərdilər. Amma indi o eyvan boşdur. Ona görə də burada bizi seminariyanın inzibati işçiləri qarşılayırlar. Onu qeyd edim ki, təhsil həyatım boyu əsərlərini oxuduğum, Azərbaycan gəncliyinə vətənpərvərlik ruhunu aşılayan adamların yetişdiyi məkana ayaq basmaq olduqca qürurvericidir. Burada hər şey yeni, ideologiya isə qədimdir, kərpiclərə qədər hopub. Binadan içəri addımınızı atan kimi, Azərbaycanın ən böyük maarifçilərinin kəlamları, kitabları və ya fotoları ilə qarşılaşırsınız ki, onların sizə xatırlatdığı keşməkeşli, mübariz maarifçilik tariximiz binanın müasirlik təntənəsi olan interyerinə böyük bir ağırlıq qatır. Yəni məkan nə qədər yenilənsə də, sizi tarixinin kölgəsi izləyir.

Fikrimcə, binanın bugünkü görüntü və mahiyyətinin təsvirinə keçmədən əvvəl bir az həmin tarixdən bəhs etməkdə fayda var. Məlum olduğu kimi, Qazax Müəllimlər Seminariyası 1918-ci il Zaqafqaziya Müəllimlər Seminariyasının parçalanmasından sonra onun Azərbaycan bölməsinin bazasında yaradılıb. Azərbaycanın görkəmli ziyalısı Firidun bəy Köçərli Azərbaycan şöbəsinin Qori şəhərindən Qazaxa köçürülməsi üçün uzun illər çalışsa da, yalnız çar rejiminin dağılması ilə buna müvəffəq olub.

Azərbaycan milli təhsil sisteminin başlanğıcını özündə ehtiva edən seminariyanın məhz Qazaxa köçürülməsi isə heç də təsadüfdən baş vermir. Belə ki, məlum olduğu üzrə Qazax Tiflis canişinliyinə yaxın bir məkan olub. Ona görə də həmin dövrdə Qazaxdan imkanlı şəxslərin övladları Qori Müəllimlər Seminariyası ilə yanaşı, Tiflis Zadəgan Məktəbi, Tiflis Politexnik İnstitutunda oxumaq imkanına sahib olublar. Beləliklə, Qazaxda Əliağa Şıxslinski, Fərrux ağa Qayıbov kimi şəxslərdən başlayan böyük bir aydın kəsim yetişib. Burada təhsilli insanlar çox olduğu üçün Firidun bəy seminariyanın Qazaxda açılmasını daha məqsədəuyğun hesab edib. Çünki Qazaxda seminariyada dərs keçə biləcək müəllimləri tapmaq heç də çətin olmayacaqdı. Elə ona görə də belə bir qərar verilir və Azərbaycanda yeni bir təhsil erası başlayır. Bu ülvi işin həyata keçməsində ən böyük töhfə verənlərdən biri də övladı Qori Müəllimlər Seminariyasında oxuyan Qazaxın imkanlı şəxslərindən olan Məşədi İbrahim olub. O öz mülkünü Seminariya binasına çevirmək üçün Firidun bəyə hədiyyə edib. Nəhayət, 1918-ci il noyabrın 10-da Qazax Müəllimlər Seminariyasının təntənəli açılışı baş tutub. Əslən Şuşadan olan Firidun bəy Seminariyaya rəhbərlik edib və həyat yoldaşı Badisəba xanımla ömrünün son iki ilini burada keçirib. 1920-ci ildə isə o haqsız yerə xəyanətdə günahlandırılaraq güllələnib.

Firidun bəy təkcə Qazax Müəllimlər Seminariyasının yox, həm də onun özülü olan Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin tarixində önəmli rol sahibidir. Belə ki, 1879-1885-ci illərdə Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alan Köçərli təhsilini başa vurduqdan sonra burada çalışmağa başlayıb. O dövrdə seminariyada Azərbaycan dili tədris olunmadığı üçün əvvəlcə Qafqazın müftisi olan Mirzə Hüseyn Qayıbzadə kimi ziyalılar, daha sonra isə Firidun Bəy Köçərli, Rəşid Bəy Əfəndiyev, Səfərəli Bəy Vəlibəyov din dərslərinin yerinə, gizli şəkildə Azərbaycan dilini tədris ediblər. Nəticədə Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov kimi görkəmli şəxsiyyətlər, Şuşada açılan darülmüəlliminin ilk təşkilatçı və müdiri Museyib İlyasov, eləcə də Qazax Müəllimlər Seminariyasının fəaliyyətinə töhfə verə biləcək vətənpərvər, dilini sevən aydınlar yetişib. Onların hesabına bu seminariya Azərbaycan ədəbiyyatına İsmayıl Şıxlı, Səməd Vurğun, Osman Sarıvəlli, Mehdi Hüseyn kimi şəxslər qazandırıb. Lakin Sovet dövründə seminariya istifadəyə yararsız hala salınıb və uzun illər bərpa prosesindən kənarda qalıb. Müstəqillikdən sonra isə buranın bərpa məsələsi vaxtaşırı bu və ya digər şəkildə gündəmə gətirilib. Nəhayət 2021-ci ildə ADA Universiteti “Bir müəllimin manifesti” layihəsi çərçivəsində seminariyanın tarixi missiyasının geri qaytarılması təşəbbüsü ilə çıxış edib və mərkəzin bərpasını üzərinə götürüb. Həmin ilin oktyabrında başlanılan bərpa işlərinə ADA Universiteti Fondu və onun tərəfdaşları Heydər Əliyev Fondu, “NEQSOL Holding, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, PMD Qrup və Amerika Azərbaycan Cəmiyyəti cəlb olunub. Tam bir il sonra, yəni 2022-ci ilin oktyabrında isə Qazax Müəllimlər Seminariyasının tarixi binasında ADA Universiteti Qazax Mərkəzi fəaliyyətə başlayıb. Bu həftə – avqustun 7-də Prezident İlham Əliyev mərkəzdəki vəziyyətlə tanış olub.


Yeganə Göyüşlü

Bu gün isə dövlət başçısının izi ilə biz bu məkanın kəşfinə çıxmışıq. Binanın interyerini, əsasən, seminariya müəllimlərinin fotoları və məzunlarının kitabları bəzəyir. Kompleksin zalını bəzəyən həmin fotolar arasında Zaqafqaziya Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin açılmasında xüsusi töhfələri olan dramaturq Mirzə Fətəli Axundov və Qafqazın müftisi Mirzə Hüseyn Qayıbzadənin fotolarını görmək isə zövqümüzü xüsusilə oxşayır. Zal hazırda mühazirə və tədbirlər üçün istifadə olunur. Buranı gəzərkən bizə yoldaşlığı isə Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzinin baş məsləhətçisi Yeganə Göyüşlü edir. Onun sözlərinə görə, mərkəz tarixinə sadiqdir. Belə ki, ADA Universitetinin özündə tədris ingilis dilində olsa da, onun Qazax Mərkəzində təhsil Azərbaycan dilində verilir. Ancaq bununla belə, ingilis dilinin gücləndirilmiş tədrisi də həyata keçirilir. Yeganə Göyüşlünün sözlərinə görə, mərkəzdə hazırda magistr tələbələri üçün iki ixtisas – “Təhsil üzrə menecment”, “Təlim və tədrisin təşkili metodikası” üzrə tədris aparılır:

“33 tələbə həmin ixtisaslar üzrə bu il birinci kursu bitirdilər. Növbəti tədris ilində “Dövlət idarəetməsi” magistr ixtisası üzrə də tədris həyata keçiriləcək. Gələcəkdə ADA Universitetinin Qazax Mərkəzinin nəzdində 10-11-ci siniflər üçün yeni tipli məktəbin qurulması və bir neçə bakalavr ixtisasının açılması da nəzərdə tutulub. 2023-2024-cü tədris ilindən Qazax Mərkəzində 100-dən çox tələbə təhsil alacaq. Demək olar, bütün bölgələrimizdən tələbələr var. Bir maraqlı faktı bölüşüm ki, yeni qəbul alan tələbələrin əksəriyyətini Gürcüstanda yaşayan və çalışan, Gürcüstan vətəndaşı olan azərbaycanlı müəllimlər təşkil edir. Yəni Mərkəzin fəaliyyətindən Gürcüstandakı həmvətənlərimiz də yüksək səviyyədə faydalana biləcəklər”.

Həmsöhbətimiz bildirir ki, hazırda Qazax Mərkəzində tədris hibrid formada onlayn qaydada keçilir. Əyani təhsil müddətlərində müəllimlər ADA Universitetində və ADA Qazax Mərkəzində təhsil alırlar. Həmin müəllimlərin qalması üçün mərkəzlə üzbəüz Müəllimlər Evi tikilir və indi orada son tamamlama işləri görülür.

Müəllimlərdən söz düşmüşkən qeyd edim ki, seminariyada “Bir müəllimin manifesti” layihəsi çərçivəsində region müəllimləri üçün bir il müddətində ixtisasartırma proqramı həyata keçirilir. Artıq 60-a yaxın müəllim bu üç mərhələli təkmilləşdirmə proqramından məzun olublar. Yaxın tarixdə Proqramın yeni mərhələsinə başlanılacaq. Hazırda “Bir müəllimin manifesti” proqramının Yeganə Göyüşlü də daxil olmaqla 4 məzunu Mərkəzin əməkdaşlarıdır. Onu da bildirək ki, Mərkəzdə Seminariyaya öz mülkünü hədiyyə etmiş Məşədi İbrahimin nəticəsi də işçi olaraq çalışır.

Yeganə Göyüşlü ixtisaslaşdırma proqramına diqqət çəkərək söyləyir ki, ixtisaslaşdırma proqramına Bakı istisna olmaqla bütün regionlardan müəllimlər və məktəb direktorları cəlb edilir. Səbəbini isə belə izah edir ki, Bakıda müəllimlərin ixtisas səviyyəsi bölgələrdən üstündür. ADA-nın məqsədi isə bölgələrdən olan müəllim və məktəb direktorlarının da fəaliyyət səviyyəsini daha da yüksəltməkdir.

Bu gün ADA Universitetinin Qazax Mərkəzinin nəzdində həm də elmi-tədqiqat şöbəsi yaradılıb. Şöbənin fəaliyyəti çərçivəsində 1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzeti ərəb qrafikasından latın qrafikasına çevrilərək transliterasiya edilir. Yeganə Göyüşlü bizə latın qrafikası ilə nəşr olunmuş 7 cildlik “Azərbaycan qəzeti” kitabı təqdim edir və bildirir ki, bu istiqamətdə işlər yekunlaşmayıb:

“Bu qəzet ərəb qrafikası ilə olduğu üçün Azərbaycanın tarixi haqqında araşdırma edərkən istifadədən kənarda qalıb. İndi AXC tarixi haqqında məlumat əldə etmək istəyənlər rahatlıqla həmin cildlər hesabına araşdırma apara bilərlər”.

Bundan başqa, mərkəzdə Zaqafqaziya Müəllimlər Seminariyasında azərbaycanlı tələbələr üçün A.O.Çernyayevski və Səfərəli bəy Vəlibəyovun tərtib etdiyi “Vətən dili” dərsliyinin transliterasiya edilmiş yeni nəşri, həmçinin Firidun bəy Köçərlinin Azərbaycan ədəbiyyatı nümunələrini toplayaraq yazdığı, 1925-1926-cı illərdə xanımı Badisəba Vəkilova tərəfindən ərəb qrafikası ilə çap etdirilmiş “Azərbaycan ədəbiyyatı tarixi” kitabının həm original versiyası, həm də latın qrafikası ilə olan nəşri nümayiş olunur.

Qurum rəsmisi deyir ki, gələcəkdə mərkəzdə Firidun bəy və seminariyanın tarixi haqqında xatirə köşəsinin tərtib edilməsi planlaşdırılır:

“Orada Badisəba xanımın Şəki həyatından bəzi məlumatlar da öz əksini tapa bilər”.

Kompleksin ziyarət etdiyimiz son maraqlı hissəsi isə gələcəkdə Rəsm Dərnəyi kimi istifadə olunması nəzərdə tutulan XIX əsrə aid İsrafil ağa hamamıdır. Xarici görüntüsü tam bərpa olunmuş bu tikilinin daxilində restavrasiya prosesi davam edir. İş başa çatdıqdan sonra burada həm də Qazax Xalçaçılıq Məktəbinin nümunələrindən ibarət muzey təşkil ediləcək. Bura kiçik həcmli mədəni tədbirlərin təşkili üçün də ideal yerdir. Bütün bu hissələri gəzdikdən sonra mərkəzlə sağollaşırıq. Gələndə ilk Firidun bəy və xanımının heykəli ilə salamlaşsaq da, qayıdanda Məşədi İbrahimin xatirə lövhəsi ilə sağollaşırıq və buraya yenidən baş çəkərək kompleksin tam bərpa olunmuş halında görüşəcəyimizə ümid edirik.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir