Siyasət

Moskvanın Qarabağ üzrə planı Bayramov-Mirzoyan danışıqları fonunda – TƏHLİL

Sharing is caring!


Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyan Moskvada görüşəcəklər.

Bayramov-Mirzoyan danışıqları son zamanlar Rusiyanın Qarabağda münaqişəli vəziyyət yaradıb, onu dondurmağı hədəfləyən tezisləri fonunda baş tutur.

Moskva Qərbin iki mərkəzində – Brüsseldə və Vaşinqtonda keçirilən danışıqlara adekvat reaksiya vermiş olur və özünü regionda həlledici vasitəçi kimi göstərməyə çalışır.

Rusiya Cənubi Qafqazda hərbi mövcudluğu da daxil olmaqla mövqelərini əlindən buraxmaq istəmir, bu isə Qərblə şiddətlənən rəqabət müstəvisində region üçün təhdidlər vəd edir.

Azərbaycan üçün fürsətdir ki, Rusiyanın yaratdığı şəraitin Bakı-İrəvan gündəliyinə təsirlərini yenidən birbaşa Kremlin baş diplomatına izah etsin.

İkinci tərəfdən, Azərbaycan-Ermənistan XİN başçılarının görüşündən sonra ali səviyyəli danışıqlar baş tuta bilər – Rusiyanın vasitəçiliyi ilə. Azərbaycan belə bir formatın əleyhinə deyil, amma Moskva sülhə əngəl yaratdığı tramplinləri yığışdırmalıdır.

Bayramov-Mirzoyan müzakirələrinin aspekti genişdir, hərtərəfli sülhə maneə yaradan boşluqları doldurmaq üçün baş diplomatlar yol xəritələri hazırlamalıdırlar.

Buraya Zəngəzur dəhlizinin açılmasından tutmuş, anklavların Azərbaycana qaytarılmasına qədər genişmiqyaslı paket və bundan irəli gələn prosedurların müəyyənləşdirilməsi daxildir.

Hələlik isə Rusiya Azərbaycanın Qarabağ bölgəsinə müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingenti ilə ümumi prosesə təsir etməyə çalışır və onlar üzərindən ambisiyalarını artırmaq istəyir.

Rusiyanın bu şakərindən əl çəkəcəyi çətin məsələdir, amma onu da nəzərə almaq lazımdır ki, Bakı ilə Moskvanın dil tapmaq təcrübəsi Kremlin İrəvanla ortaq məxrəcə gəlmək təcrübəsindən qat-qat üstündür.

Ona görə də Rusiya Qərbin sülh gündəliyində rolunu artırmasına cavab olaraq Ermənistana daha çox təzyiqlər göstərə və Azərbaycan da həmin nəticələrdən faydalana bilər.

Ümumilikdə Kremlin moderatorluğu ilə baş tutan danışıqların bətnində mürəkkəb məsələlər daha çoxdur, Azərbaycan bunu əsas gətirib gündəlikdəki mövzular üzrə Moskvanın ambisiyalarını kiçiltməyi bacarmalıdır.

Lakin Moskva qorxur ki, Qərbin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki iddialı gündəliyi onun regional təsirlərdən məhrum edilməsi ilə nəticələnə bilər.

Ona görə də Rusiya çalışacaq ki, prosesə töhfə vermək fonu yaratsın, lakin mübahisələr bitməsin, çünki konfliktin yoxluğu Moskvanın regional rıçaqlarının əlindən çıxması deməkdir.

Azərbaycanla Ermənistan arasında sülh yoxdur, sülhə yaxınlaşma mövcuddur, lakin eskalasiya təhlükəsi də sovuşmayıb.

Rusiya çalışır ki, mümkün eskalasiya onun idarəçiliyi altında baş tutsun, ancaq indi Moskva Qərb platformasındakı Azərbaycan-Ermənistan razılaşmalarına qarşılıq olaraq alternativ ortaya qoymalıdır.

Ona görə də Lavrovun vasitəçiliyi ilə keçirilən görüşdə sülh müqaviləsinin mətni ilə bağlı açıq qalan məsələlərdən bir neçəsi razılaşdırıla bilər.

Bakı Qarabağ ermənilərinin Azərbaycana sürətlə inteqrasiyası məsələsini Kremlin geosiyasi məqsədləri üçün manipulyasiya etməyə imkan verməməlidir – bu məsələdə Bayramov tezisləri ortaya qoya bilər.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir