Təhsil

Zeyneb Memmedli Yazır: Müəllim nə istəyir?

Sharing is caring!

Bu gün müəllimlər bir “aclıq” içindədirlər: “dəyər aclığı”…

Pedaqoji fəaliyyətimə başladığım gündən etibarən artıq 7 ildir ki, bu suala cavab tapmaq üçün araşdırma aparıram. Ölkənin ən qabaqcıl, ən savadlı, ən sosial və başqa “ən”lərindən olan müxtəlif yaşda, təcrübədə və fərqli regionlarda çalışan müəllimlərlə illərdir bəziləri ilə real, bəziləri ilə isə sadəcə sosial şəbəkələr üzərindən əlaqə qurmuşam. 
Həmin müəllimlərlə mütəmadi olaraq təhsil haqqında, təhsil üçün etdiklərimiz və  təhsil sahəsindəki gözləntilərimiz haqqında müxtəlif söhbətlərimiz olub. Qabaqcıl həmkarlarımdan ən çox eşitdiyim fikirlər:
– “o qədər əziyyət çəkdim bir sağ ol deyənim olmadı”;
– “mən əziyyət çəkdim, direktor öz adından təqdim etdi”;  
– “əziyyətimə dəyər verən yoxdur, amma yenə də edirəm əlimdən gələni; 
– “heç kim dəyər verməsə də, bu mənim içimdən gəlir, yenə də şagirdlərim üçün, təhsil üçün hər şey edəcəyəm” oldu.

Bu fikirləri söyləyən müəllimlərdən bəziləri zamanla öz fədakarlıqlarından qismən “soyudular”, bəziləri isə hələ də mübarizə aparırlar. 

Özüm də, bundan öncə çalışdığım digər məktəblərdə  belə hallarla qarşılaşmışam. Bəzən olub ki, gördüyüm işlərin qarşısında özümü dəyərsiz hiss edəcək qədər reaksiyalar görüb: “Bu sondur, bir daha bu məktəb üçün heç nə etməyəcəm, desəm də, bir saat sonra, -gələn səfər filan işi edək” – təklifi ilə direktorumun qapısını döymüşəm. Bəzən isə olub ki, öz həmkarlarım belə ironiya ilə: “Axırda sənə burada heykəl qoyacaqlare, az öldür özünü”,-deyə “məsləhət” də veriblər.  Bütün bunlara baxmayaraq heç zaman vaz keçməmişəm hədəflərimdən.  
Əlbəttə ki, bu həyatda hər kəs eyni iradədə, eyni əzmdə və eyni qaydada inadkar, fədakar ola bilməz.  
Hər müəllim, hər zaman bir TƏŞƏKKÜR gözləyir. O qədər olub ki, hər Müəllimlər Günündə, Gənclər Günündə və digər başqa xüsusi günlərdə məktəbimdən, aid olduğum təhsil idarəsindən təltif gözləmişəm, amma əvəzində aid olmayan birilərinin təltif olunmasına şahidlik etmişəm. Nə yalan deyim, çox üzülmüşəm, amma həvəsdən düşməmişəm. Daima özümü motivasiya edib: “Zeynəb, sən bacaracaqsan, daha da yaxşıları səni gözləyir, ən yaxşısına layiqsən”, -demişəm. Düşünürəm ki, mənim bu həyatda elə ən böyük uğurum məhz ÖZÜMÜ MOTİVASİYAMdır.  Bu səbəbdəndir ki, bu günə qədər qazandıqlarımı ÖZ UĞURUM, qazana bilmədiklərimi isə TƏCRÜBƏM kimi qəbul etməyi bacarmışam. 

Artıq bir zamanlar çəkdiyim əziyyətlərimin indi bəhrəsini görür, çalışdığım müəssisənin aid olduğu regional idarə tərəfindən gənc, qabaqcıl müəllim kimi fərqləndirildiyimi, bir müəllim kimi mənə olan yüksək etimadı hiss edirəm. Bu məni işimdə daha da məsuliyyətli, əzmli, həvəsli edir. 
  Bütün bunları yazarkən məqsədim özümü reklam etmək deyil, yüzlərlə həmkarlarımın mənimlə eyni situasiyaları yaşadığını, mənim kimi gözləntiləri olduğunu bildiyim üçün öz üzərimdə nümunə göstərməyə çalışdım. 

Bu yazımı sona qədər oxumusunuzsa, deməli, siz də anlamısınız ki, 

AZƏRBAYCAN MÜƏLLİMİ SADƏCƏ DƏYƏR VƏ TƏŞƏKKÜR İSTƏYİR!

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir