Dünya

Almaniya Rusiyanın UNESCO-dan çıxarılmasını tələb etdi: “Artıq son həddi aşıb”

Sharing is caring!


Rusiyanın Odessanın tarixi mərkəzinə hücumundan sonra Almaniyanın “World Heritage Watch” təşkilatı Rusiyanın UNESCO-nun Ümumdünya İrs Komitəsindən kənarlaşdırılmasına çağırıb.

Təşkilat tərəfindən verilmiş bəyanatda bildirilib ki, tarixi binaları məqsədyönlü şəkildə dağıtmaqla Rusiyanın soyqırımına köklənmiş rejimi artıq son həddi aşıb və dünyanın sivil dövlətlər sırasından birdəfəlik çıxıb.

“World Heritage Watch” qeyd edib ki, Rusiya 1972-ci il Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi üzrə Beynəlxalq Konvensiyanı və silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında Haaqa Konvensiyasını pozub. Sonuncunu isə ölkələr İkinci Dünya müharibəsi zamanı mədəni sərvətlərin kobud şəkildə dağıdılması və talan edilməsinin birbaşa nəticəsi kimi qəbul ediblər.

“Rusiya mədəni sərvətlərin qorunması ilə bağlı məsləhətlər verən və ya qərarlar qəbul edən beynəlxalq qurumlarda iştirakla bağlı bütün hüquqlarını itirib”, – deyə “World Heritage Watch”dan qeyd edilib.

Təşkilatın nümayəndələri UNESCO-nun növbədənkənar iclasının keçirilməsinə və gündəmdə olan yeganə məsələ kimi Rusiyanın xaric edilməsinə çağırıblar. Onlar, həmçinin, işçi qrupuna Ümumdünya İrs Konvensiyasını pozanlara qarşı sanksiyalar mexanizminin hazırlanması ilə bağlı göstəriş verilməsini təklif ediblər.

Xatırladaq ki, iyulun 22-dən 23-nə keçən gecə Odessa rusiyalıların raket hücumlarına məruz qalıb və mülki infrastruktur, çoxmərtəbəli binalar, fərdi yaşayış binaları, avtomobillərlə yanaşı, UNESCO-nun himayəsi altında olan şəhərin tarixi mərkəzinə də ciddi ziyan dəyib.

Mənbə: ZN.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir