Müsahibə

Aftandil Hacıyev: “Qalatasaray”la müqavilədə akademiyalar arasında əməkdaşlıq da yer alacaq” – MÜSAHİBƏ

Sharing is caring!


“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası bu günlərdə Türkiyədə beynəlxalq turnirdə iştirak edib.

Ənənəvi olaraq hər il təşkil olunan “Kartepe Kuboku”nun beşinci ilində yarışa qatılan Ağdam təmsilçisi U-15-lərin mübarizəsində birinci yeri tutub.

Klub nümayəndələri səfər zamanı Türkiyənin “Qalatasaray” klubunun bazasında olublar.

“Qarabağ” futbol akademiyasının koordinatoru Aftandil Hacıyev “Report”a müsahibəsində həm komandanın turnirdəki çıxışını dəyərləndirib, həm də “Qalatasaray” akademiyasının rəsmiləri ilə keçirilən görüşlə bağlı məlumat verib.

– Türkiyə səfəriniz necə keçdi?

– Avqustun 31-dən sentyabrın 4-dək Türkiyədə olduq. Bu müddətdə U-15 komandamız ilk dəfə beynəlxalq turnirdə iştirak etdi. Məqsədimiz bu yaş qrupuna daha çox diqqət ayırmaqdır. Çünki bu, perspektiv vəd edən komandadır. Buna görə də oradakı turnirə qoşulmaq qərarına gəldik.

– “Kartepe Kuboku” turnirindəki çıxışınız yəqin ki, ürəyinizcə oldu…

– “Qarabağ” akademiyasının komandası beynəlxalq turnirdə nəticə qazanmağı bacardı. Kocaelidəki yarışda 4 oyun keçirdik. Qrupda baş tutan 3 matçın ardından finala yüksəldik. Həlledici qarşılaşmada isə Kocaelinin komandasına qalib gəldik.

– Orada olduğunuz müddətdə “Qalatasaray”ın akademiyasına da baş çəkdiniz. İstanbul təmsilçisinin rəsmiləri ilə görüşünüz necə keçdi?

– Məlumdur ki, əsas komandamızın “Qalatasaray”la əməkdaşlığı var. Bu əməkdaşlığı akademiya səviyyəsində də davam etdirməyi fikirləşirik. Görüşün baş tutmasında məqsəd də bu idi. Həm İdarə Heyətinin, həm akademiyanın koordinatoru ilə, eyni zamanda, texniki işlərə baxan rəhbərlə görüşümüz oldu. Bütün bazanı gəzdirdilər. Gələcək əməkdaşlıq barədə söhbətlərimiz oldu.

– Əməkdaşlıq çərçivəsində nələr nəzərdə tutulacaq?

– Yaxın gələcəkdə hər iki klubun prezidentlərinin görüşü olmalıdır. Orada bütün məsələlər müzakirə olunacaq. Müqavilədə akademiyalar arasında əməkdaşlıq da yer alacaq. Turnirlər, oyunçuların və məşqçilərin gediş-gəlişi, akademiya səviyyəsində yoldaşlıq görüşləri, “Qalatasaray”a təklif olunan turnirlərdə “Qarabağ”ın da iştirakı kimi məsələlər əməkdaşlıqda qeyd olunacaq. Getdikcə daha nüfuzlu yarışlara qatılacağıq.

– Türkiyə və Azərbaycandakı futbol akademiyalarının infrastrukturunda fərq böyükdür?

– “Qalatasaray”ın Florya bölgəsində kifayət qədər böyük sahəsi var. Həm əsas komanda, həm də akademiyanın uşaqları eyni yerdə məşq edirlər. Amma meydançaların sayı kifayət qədər çoxdur. Hərəsinin öz məşq meydançası var. “Qalatasaray”da olan şərait uşaqların gələcəkdə böyük futbolçu olmalarına imkan yaradır. Təbii ki, Avropada bundan da yaxşı şəraitə malik akademiyalar mövcuddur.

– Beynəlxalq turnirdə çempion olmağınız orada necə qarşılandı?

– Turnirdə 10 yaşdan 15 yaşa kimi çox sayda komanda var idi. “Kartepe Kuboku” böyük nüfuza malik turnirdir. Artıq 5-ci dəfə keçirilirdi və kifayət qədər iştirakçı var idi. Bir neçə adlı-sanlı komanda da müxtəlif yaş qruplarında mübarizə apardı. Rumıniyadan, İrandan gələnlər var idi. Bizim belə bir turnirdə iştiraka ehtiyacımız var idi. Yarışa qatılanlar bizi peşəkar komandaya oxşatdılar. Futbolçularımız həm komanda şəklində, həm də fərdi davranışla nümunə idilər.

– “Qalatasaray”dan başqa hansısa klubla əməkdaşlıq barədə söhbətlər olmadı?

– Düzü, bəzi klubların rəhbər şəxsləri ilə görüşlərimiz oldu. Onlardan biri də Fransanın “Lion” klubunun U-15 komandasının idarəçisi idi. Gələcəkdə onlarla da sıx əlaqədə olacağıq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir