Cəmiyyət

Sertifikatlaşdırma: İngilis dili müəllimlərinin sayı niyə bu qədər çoxdur? – FOTO

Sharing is caring!


Azərbaycanda 2023-24-cü tədris ili üzrə 31 min müəllimin sertifikatlaşdırma prosesindən keçməsi planlaşdırılır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev brifinq zamanı deyib.

“Riyaziyyat fənni üzrə 11 min 290, Azərbaycan dili üzrə – 1 284, ingilis dili üzrə – 12 min 35, rus dili (Azərbaycan bölməsi) və rus dili və rus ədəbiyyatı (rus bölməsi) üzrə – 5 868, alman dili üzrə – 236, fransız dili üzrə isə 322 müəllimin sertifikatlaşdırmadan keçməsi nəzərdə tutulub”, – deyə nazir qeyd edib.

Statistik göstəricilərdən məlum olur ki, ingilis dili müəllimlərinin sayı Azərbaycan dili müəllimlərindən çoxdur. Hətta riyaziyyat müəllimlərinin sayını da üstələyir. Bu, sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bəs görəsən, sertifikatlaşdırmada ingilis dili müəllimlərinin sayının bu qədər olmasının səbəbləri nələrdir? Təhsilverənlərin sayındakı bu fərqlər nə ilə əlaqəlidir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, ingilis dili ilə yanaşı, digər fənlərin də yaxşı öyrənilməsinə və mənimsənilməsinə ehtiyac var:

“Bu suallar daha çox Elm və Təhsil Nazirliyinə ünvanlanmalıdır. Məsələyə aydınlıq gətirməlidirlər. Səbəbini ortaya çıxarmağa ehtiyac var.

Görünür, ingilis dili ilə bağlı sertifikasiyaya ciddi baxılmasına və araşdırılmasına ehtiyac yaranıb. Ona görə də belə bir qərar qəbul edilib. İngilis dili lazımlı fəndir. Lakin ingilis dili ilə yanaşı, digərlərinin də yaxşı öyrənilməsinə ehtiyac var.

Sertifikasiya mürəkkəb prosesdir. Nazirlik özü müəllimlərlə bağlı daha çox sertifikasiyanın aparılmasına ehtiyacın yarandığını gördü və prosesi başlatdı”.

Təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, sertifikasiya nəticələri müəllimlər arasında müsbət rəqabətə yol açacaq:

“Azərbaycan dili müəllimlərinin sayının az olması əvvəlki sertifikasiyada Azərbaycan dili və ibtidai sinif müəllimlərinin sertifikasiyadan keçməsi ilə əlaqəlidir. 2023-cü ildə ağırlıq daha çox Azərbaycan dili və ibtidai sinif müəllimlərinin üzərində idi. Növbəti sertifikasiyanın əsas hissəsi riyaziyyat və ingilis dili oldu.

Uğurlu nəticələr əldə olundu. Sertifikasiya ikimərhələli olur. Birinci – test, ikinci – qabiliyyət. Testdən keçənlər müsahibəyə buraxıldılar. Pedaqoji bacarıqlarını ortaya qoydular. Statistik göstəricilər müəllimlər arasında müsbət mənada rəqabət yaradır. Bu da inkişafa aparacaq. Nəticədə təhsilimiz qazanacaq”.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ölkə üzrə cəmi 139 006 fənn müəllimi var:

“Bunlardan ibtidai təhsil verən müəllimlərin sayı 37 009, Azərbaycan dili üzrə – 15 138, ingilis dili – 14 029, riyaziyyat – 13170, tarix – 7 788, fiziki tərbiyə – 7 621, fizika – 5 512, biologiya – 5 485; informatika – 5 366; coğrafiya – 5 309, rus dili – 5 197, texnologiya – 5 063, kimya – 4 059, musiqi və nəğmə – 3 311, təsviri incəsənət – 2 806, digər – 780, fransız dili – 492, alman dili – 344, rəsmxət – 282; gənclərin çağırışaqədərki hazırlığı – 162, gürcü dili – 41, ərəb dili – 28, türk dili – səkkiz, fars dili üzrə yeddidir”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir