Cəmiyyət

İcma Ermənistanı Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırıb

Sharing is caring!


“Biz Ermənistanı keçmişdən dərs çıxarmağa, düşmənçilik və nifaq siyasətinə son verməyə, bölgədə yaranmış sülh imkanını lazımınca dəyərləndirməyə və Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırırıq”.

“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın azərbaycanlıları və digər etnik qrupları öz ərazisindən qovmaqla monoetnik məkan yaratmaq siyasəti regionumuzun zəngin etnik və dini müxtəliflik tarixi ilə tamamilə ziddiyyət təşkil edir:

“Bu ağrılı tarixi faktları sadalamaqda məqsədimiz ixtilafı davam etdirmək deyil, sülh, barışıq və qayıdış istiqamətində apardığımız çətin yolun başlanğıc nöqtəsini vurğulamaqdır. Biz öz məqsədimizə – doğma torpaqlarımıza qayıdışa dialoq yolu ilə nail olmaqda əzmliyik. İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, həmçinin sülh, barışıq, reinteqrasiya və birgəyaşayış dəyərlərinə hörmət edilməsinin tərəfdarıdır”.

Əziz Ələkbərli qeyd edib ki, icma humanitar və insan hüquqlarına əsaslanan gündəliyə möhkəm bağlılıqla fəaliyyət göstərən bir təşkilatdır:

“Vətənimizə dinc yolla qayıtmaq tələblərimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirən hal kimi yanlış təfsir edilə və ya təqdim oluna bilməz. Qayıdış məsələsi üzrə Ermənistan hökuməti ilə hər zaman birbaşa dialoqa hazır olduğumuzu bir daha bəyan edirik. Biz Ermənistanı keçmişdən dərs çıxarmağa, düşmənçilik və nifaq siyasətinə son verməyə, bölgədə yaranmış sülh imkanını lazımınca dəyərləndirməyə və Qərbi azərbaycanlılarla barışıq üçün real addımlar atmağa çağırırıq”.

“Biz haqlı məramımıza göstərdiyi sarsılmaz siyasi, sosial və humanitar dəstəyə görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın qaçqınlarla həmrəyliyi və onlara yardımı təkcə etnik azərbaycanlılarla məhdudlaşmayıb – Azərbaycan dünyanın müxtəlif bölgələrində müxtəlif etnik mənsubiyyətlərdən olan və ölkədə sığınacaq tapmış onminlərlə qaçqına da yardım edib. Eləcə də, Azərbaycan hökuməti beynəlxalq humanitar problemlərin həllinə əhəmiyyətli ölçüdə töhfə verir. Bu, Azərbaycan cəmiyyətində dərin kök salmış tolerantlığın göstəricisidir”, – Ə.Ələkbərli vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir