Siyasət

Vüqar Rəhimzadə: ABŞ Azərbaycanı güclü, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən ölkə kimi qiymətləndirir

Sharing is caring!

“Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipi əsasında əlaqələr quran Azərbaycan  Qərb ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir, münasibətlərin yeni prioritetlər əsasında inkişafına maraq göstərir. Bu baxımdan Azərbaycan-ABŞ münasibətləri xüsusi qeyd edilməlidir. ABŞ Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə dövlətimizin başçısı İlham Əliyevə təbrik məktubunda əksini tapan fikirlər iki ölkə arasında əlaqələrin bugünkü səviyyəsinə və perspektivlərə işıq salır. Məktubda da qeyd olunduğu kimi, bu yenilənmə çağı əməkdaşlığımızın və sülhə sadiqliyimizin bir daha vurğulanması üçün fürsətdir.”

 Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

 V.Rəhimzadə qeyd edib ki, regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rolu olan Azərbaycan  daim beynəlxalq  aləmin  diqqətində olub: «Dövlətimizin başçısı İlham Əliyev  Azərbaycanın iqtisadi və siyasi həyatında yeni mərhələnin başlanğıcı  kimi dəyərləndirilən, bugünkü reallıqlara yol açan, ulu öndər Heydər Əliyevin müəllifi olduğu «Əsrin müqaviləsi»nin imzalanmasına və  icrasına  ABŞ-ın dəstəyini daim yüksək dəyərləndirir. Regional çərçivəni aşan əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın beynəlxalq aləmdə etibarlı  tərəfdaş kimi artan nüfuzunun göstəricisidir. Artıq çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizinin icrası uğurla başa çatıb. ABŞ Administrasiyası aydın görür ki, güclü və inkişaf edən Azərbaycan həm də Cənubi Qafqaz-Xəzər dənizi regionunda sülhün və  sabitliyin, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji layihələrinin  reallaşdırılması və dayanıqlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın liderliyi  ilə  həyata keçirilmiş Cənub Qaz Dəhlizi layihəsi Avropanın  enerji təhlükəsizliyinə, enerji mənbələrinin şaxələndirilməsinə və bütün iştirakçı tərəflərə fayda gətirən layihədir.  ABŞ Prezidenti təbrik məktubunda  bu məqamı xüsusi qeyd edir ki, iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. Eyni zamanda, məktubda bu fikir də əksini tapır ki, Amerika Birləşmiş Ştatları  Azərbaycanla iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır.»

  Baş redaktor bildirib ki, ABŞ-Azərbaycan münasibətlərinin inkişafında əhəmiyyətli rol oynayan  addımlardan biri də 2001-ci ildə Birləşmiş Ştatlarda törədilən  terror aktından sonra bu supergücün  xarici siyasətində baş verən dəyişikliklər əsasında   1992-ci ildə Azərbaycana qarşı tətbiq edilən «Azadlığı Müdafiə Aktı»na  907-ci düzəlişin ədalətsizliyinin etirafı və  fəaliyyətinin birillik dondurulması barədə qərarın qəbul edilməsidir: «Baxmayaraq ki,  2001-ci ildən ötən  20 ildə  onun  birdəfəlik ləğvi müşkülə çevrilib, amma hər il qərarın  icrasının  dondurulması ilə bağlı qəbul olunan qərar yenidən təsdiqlənir. Məlum olduğu kimi, ABŞ ermənilərin və erməni diasporunun  daha güclü olduğu ölkələr sırasındandır. Şübhəsiz, ABŞ Konqresinin belə bir əsassız  qərarı qəbul etməsində də erməni diasporunun rolu az olmamışdır. Lakin bugünümüzün reallıqları tamamilə başqa bir mənzərəni təqdim edir. Azərbaycan dünyanın yeni xarici siyasətinin müzakirə edilməsi  üçün ideal məkan kimi qəbul olunur. Bu, dövlətimizin düşünülmüş və məqsədyönlü, eyni zamanda,  beynəlxalq hüquqa əsaslanan xarici siyasətinin açıq və çoxşaxəli olmasından irəli gəlir.»

  V.Rəhimzadə diqqəti  Azərbaycanın İkinci Qarabağ müharibəsində  qazandığı  Zəfərə yönəldərək bildirib ki, rəsmi Bakı daim  münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın  mövqeyinə önəm verib: «30 ilə yaxın müddətdə Minsk qrupunun həmsədrlərinin   Ermənistana  dəstək funksiyasını yerinə yetirmələri, mandatlarının tələblərinin əksinə olaraq     neytrallığı qorumamaları  münaqişənin həlli prosesinin uzanmasına və sonda Azərbaycan xalqının səbir kasasının dolmasına səbəb oldu. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində münaqişə həllini tapdı, ərazi bütövlüyümüz bərpa olundu, ölkəmizin həyatında yeni dövr başladı. Amerika Prezidenti  məktubunda  «Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaqdır» fikirləri ilə ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlandığına işarə edir.»

«Ümumilikdə  Prezident Co Baydenin təbrik məktubu ABŞ-ın yeni Adminstrasiyasının Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Prezident İlham Əliyevlə bundan sonra da birgə çalışmaqda maraqlı olduğunu, Amerika -Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəldiyini, dostluq və tərəfdaşlıq xarakteri daşıdığını  göstərir» söyləyən V.Rəhimzadə qeyd edib ki,  Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Qələbəsi  regionda və dünyada yeni reallıqlar yaradıb:  «ABŞ yeni reallığı görür və bu reallıqlar çərçivəsində Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına çalışacağını bəyan edir. Azərbaycanla ABŞ regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdırlar. ABŞ Azərbaycanı güclü, dinamik inkişaf edən, sabitliyə və  təhlükəsizliyə mühüm töhfə verən, qlobal müstəvidə önəmli təşəbbüslərlə çıxış edən və  qarşıya çıxan  problemlərin həllinə əməli dəstək verən ölkə kimi qiymətləndirir. Ölkəmiz sabitləşdirici faktor kimi mövqeyini möhkəmləndirir.   COVID-19 pandemiyasına qarşı mübarizədə bir-birinə əks qütbləri bir araya gətirən Azərbaycan qlobal problemlərin həllində qlobal birlik, həmrəylik çağırışını etdi.  Dövlətimizin başçısı İlham Əliyev prioritetləri açıqlayarkən xarici siyasətdə dəyişiklik olmayacağını bildirməklə bir daha Azərbaycanın dəyişməz, beynəlxalq hüquqa əsaslanan  mövqeyini dünyaya çatdırır. Dövlətinin, xalqının gələcəyini düşünən, daim irəliyə baxan, ikitərəfli və çoxtərəfli  münasibətlərdə ədalət prinsipini qoruyan, ən əsası siyasətində müstəqil olan Liderə nəinki ölkəsi daxilində, beynəlxalq miqyasda inam və etimad böyük olacaq. Birləşmiş Ştatlar  Prezidentinin  ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələyə yol açan məktubunda əksini tapan fikirlər də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan, qalib ölkənin qalib Lideri İlham Əliyevə olan yüksək münasibətinin  aydın ifadəsidir.» 

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir