Siyasət

Azərbaycan siyasi sistemində yeni dövr – Partiyalar seçkinin qalibini təbrik ediblər – ŞƏRH

Sharing is caring!


Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkisi xalq, millət, dövlət birliyinin təcəssümü kimi Azərbaycan xalqının tarixinə düşdü. Ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycan xalqı bu seçkiyə bir daha dünyaya birliyini, həmrəyliyini nümayiş etdirdi. Seçki günü məntəqələrə kütləvi seçici axını, yüksək fəallığı əksər yerli və xarici müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələri verdikləri bəyanatlarda təsdiq etdilər. Seçki həm də cəmiyyət daxilində milli birliyin, siyasi etikanın təcəssümü kimi də yadda qaldı. Nəticələr elan olunduqdan sonra prosesə qatılan namizədlərin əksəriyyəti siyasi mədəniyyət nümayiş etdirərək, qalib namizədi təbrik etdilər. Eyni mövqeni prosesdə iştirak etməyən ölkənin əksər siyasi partiyaları nümayiş etdirdilər.

Seçkinin nəticələri elan olunduqdan sonra namizədlərin qalibi təbrik etmələri siyasi mədəniyyət nümunəsi hesab edilə bilər. Seçkidə namizəd Fazil Mustafanın lideri olduğu Böyük Quruluş Partiyası proses zamanı heç bir maneə ilə üzləşmədikllərini və təzyiqlər göstərilmədiyini bəyan edib:

“Partiyanın seçki qərargahının üzvləri müşahidəçilərimizin rəyinə əsasən belə hesab edir ki, bu prezident seçkisi demokratik rəqabət mühitində keçirilib və seçki prosesində hər hansı ciddi qanun pozuntuları qeydə alınmayıb”.

Milli Cəbhə Partiyası da növbədənkənar seçkinin nəticələri ilə bağlı bəyanat yayıb.

“Seçkinin ilkin nəticələrinə və “exit poll”ların nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilən İlham Əliyevi Milli Cəbhə Partiyasının üzvləri, Seçki qərargahının üzvləri və partiyanın sədri Razi Nurullayevin adından təbrik edir, vətənə və millətimizə xeyirli olsun deyirik”, – bəyanatda vurğulanıb.

Prezidentliyə namizəd Zahid Orucun seçki qərargahı bəyan edib ki, öz xalqını qalibiyyətə çatdıran, ölkəsini qalib ölkəyə çevirən namizəd İlham Əliyevlə mübarizə aparmaq olduqca çətin olsa da, bu seçki bizim komandamıza müsbət təcrübə qazandırıb və xalqla daha yaxın ünsiyyətimizə imkan yaradıb.

Digər namizəd Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəyanatında deyilib ki, seçkidə inamlı qələbə qazanaraq yenidən ölkə prezidenti seçilən İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzu edirlər.

Böyük Azərbaycan Partiyası da seçki ilə bağlı yaydığı bəyanatda prosesin demokratik keçirildiyini bəyan edib. Partiyadan namizədliyi irəli sürülən Elşad Musayev qalib namizədi təbrik edib.

Müstəqil namizəd kimi seçkidə iştirak edən Fuad Əliyev bildirib ki, seçkinin ilkin nəticəsi onu deməyə əsas verir ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə böyük etimad göstərib.

Əksər siyasi partiyalar seçkidə iştirak etməsələr də, prosesi yaxından izləyib və qiymətləndiriblər.

Məsələn, seçkinin nəticələri ilə bağlı bəyanat yayan Haqq Ədalət Partiyası seçkini bütün proses ərzində yaxından müşahidə etdiklərini və seçki prosesi ilə bağlı partiya üzvlərinin yekdil qərarlarını dəfələrlə ictimaiyyətə açıq şəkildə bildiriblər. Qeyd edilib ki, ümumilikdə seçki prosesi qanunvericiliyə uyğun, demokratik və azad rəqabət mühitində təşkil olunub.

Ümid Partiyası da yaydığı bəyanatda prezident seçkisini azad və şəffaf, nəticələrini legitim və ədalətli hesab etdiyini bəyan edib. Bəyanatda deyilir ki, “bu seçki ölkədə indiyə qədər keçirilmiş seçkidən öz mahiyyəti, azad və şəffaflığı baxımından əhəmiyyətli dərəcədə fərqlənib. Müstəqilliyimiz bərpa olunandan sonra ilk dəfə idi ki, ölkənin bütün ərazisində seçki keçirilirdi”.

Öz növbəsində Demokratik İslahatlar Partiyası bütün səsvermə prosesinin beynəlxalq standartlara uyğun, səslərin sayılmasının açıq və şəffaf təşkil olunduğunu, heç bir problem qeydə alınmadığını bəyan edib. Seçki öncəsi prosesdə namizədlər üçün yaradılmış demokratik şərait və imkanlar da partiya tərəfindən təqdir olunmuş, namizədlərin təbliğat və təşviqat kampaniyası demokratiyanın və fikir azadlıqlarının təmin olunmasının göstəricisi kimi dəyərləndirilib.

Azərbaycan Demokratik Maarifçilik Partiyası seçki prosesinin demokratik və dinc şəraitdə keçdiyini bəyan edib. Seçkinin elan edilmiş nəticələrini legitim və xalqın iradəsinin ifadəsi hesab edib, bu seçimlərdə Azərbaycan xalqının böyük dəstəyini qazanaraq qalib gəlmiş Azərbaycan xalqının inam və ümid yeri olan cənab İlham Əliyevi səmimi qəlbdən təbrik etdiklərini açıqlayıb.

Gələcək Azərbaycan Partiyası seçki prosesini izləyən üzvlərinin səsverməni müşahidə edərkən hansısa neqativ halla qarşılaşmadıqlarını və qanun pozuntularına rast gəlmədiklərini bəyan edib: “Hesab edirik ki, bu seçkini məhz Azərbaycan xalqı və dövləti qazanıb”.

Seçki prosesini yaxından izləyən Yeni Zaman Partiyası, prezident seçkisinə öz müşahidə missiyası ilə qatıldığını açıqlayıb. Seçki iştirakçıları – seçicilər, namizədlər, müşahidəçilər, məşvərətçilər üçün qanunvericiliyin tələblərinə uyğun şərait yaradıldığının şahidi olub. Seçkinin nəticəsini legitim hesab edir və İlham Əliyevi qələbə qazanması münasibətilə ürəkdən təbrik edir, Prezidentə şərəfli fəaliyyətində uğurlar arzulayırıq”, – bəyanatda vurğulanıb.

Öz növbəsində Ana Vətən Partiyası da bəyan edib ki, Azərbaycanda 2 ay əvvəl 2023-cü ilin 7 dekabr tarixində başlanan prezident seçkisi ölkədə böyük siyasi aktivliyə səbəb olmaqla sakit şəraitdə, heç bir qarşıdurma və neqativ hal müşahidə edilmədən uğurla sona çatdı.

Azərbaycan Milli İstiqlal Partiyası da yaydığı bəyanatda İlham Əliyevi ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etməklə keçirilən Zəfər seçkisində Azərbaycan xalqının böyük səs çoxluğunu qazanaraq qalib gəlməsi münasibətilə təbrik edir, yeni hədəflər və güclü, demokratik, firavan Azərbaycan uğrunda davamlı fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, bu seçkidəki qələbə müxtəlif istiqamətlər üzrə islahatların həyata keçirilməsinə təkan verəcək və bundan qazanan məhz Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi olacaqdır.

Ədalət Partiyası yaydığı bəyanatda bu seçkinin Azərbaycan dövlətçilik tarixində bir çox xüsusiyyətlərinə görə öncəki seçkidən kəskin şəkildə fərqləndiyini qeyd edib. Vurğulanıb ki, ilk növbədə 30 ildən sonra Azərbaycanda hansısa bir seçki ölkənin bütün suveren ərazisini əhatə edirdi.

Vəhdət Partiyası bəyan edib ki, 7 fevral tarixində ölkəmizdə keçirilən seçki Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoymuş Vətən müharibəsindən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində baş tutub. Bu müstəqil Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcıdır deyə bilərik. Qarabağın və Şərqi Zəngəzurun azadlığı, böyük Zəfər və nəhayət Xankəndidə dalğalanan bayraq da onu sübut edir ki, Azərbaycan indi daha güclüdür və yenilməzdir.

Azad Vətən Partiyası yaydığı bəyanatda bu seçkiyə qatılmayacağını elan etsə də, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən qalib İlham Əliyevi dəstəkləyəcəyini bildirmişdi: “Biz bu nəticəni xalqın siyasi iradəsinin göstəricisi hesab edir, qələbə münasibətilə bütün xalqımızı və Prezident İlham Əliyevi təbrik edirik”.

Bundan əlavə, Müasir Müsavat Partiyası, Milli Dirçəliş Hərəkatı, Vətəndaş Həmrəyliyi Partiyası da seçkinin demokratik qaydada keçirildiyini bəyan edib, seçkidə qalib gələn Müzəffər Ali baş Komandan İlham Əliyevi təbrik ediblər. Xüsusi olaraq qeyd ediblər ki, bu seçki müstəqil Azərbaycanın bütün suveren ərazisində keçirilib.

“Report” İnformasiya Agentliyi  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir