Siyasət

İlham Əliyevi dəstəkləməməyim haqsızlıq olar – Elçibəyin qardaşı oğlundan ŞOK AÇIQLAMA

Sharing is caring!

Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin – Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin, BAXCP sədri Qüdrət Həsənquliyevin, deputat Razi Nurullayevin, Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri, siyasi ekspert Fuad Əliyevin namizədliyi irəli sürülüb.

Bəzi siyasi partiyalar seçkilərdə namizəd irəli sürməsə də, mövqelərini açıqlayıb. Məsələn, İqbal Ağazadənin sədrlik etdiyi Ümid Partiyası seçkilərdə İlham Əliyevi dəstəkləyəcək, sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası isə üzvlərə seçkilərdə kimi dəstəkləmələri barədə sərbəstlik verib.

Ayrı-ayrı tanınmış şəxslər də növbədənkənar prezident seçkilərində kimi dəstəkləyəcəkləri barədə açıqlamalar veriblər.

Modern.az bu məqsədlə Azərbaycanın birinci prezidenti Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyevin seçkidə kimi dəstəkləyəcəyi ilə bağlı fikrini öyrənib.

Saytımıza açıqlamasında Hürrü Əliyev İlham Əliyevin növbədənkənar seçkidə qələbəsinin qaçılmaz olduğunu bildirib:

“Növbədənkənar prezident seçkilərinin elanı ən uğurlu və zamanında atılan siyasi addım idi. Cənab Prezident özünün də dediyi kimi, nəyi, nə zaman edəcəyini bilir. Bu gün dünyanın ən aparıcı, demokratik dövlətlərindən müşahidəçilər Azərbaycana gəlsə, dünya tarixində ən şəffaf seçki belə keçirilsə, cənab İlham Əliyevin rahat 70-80 faiz səsi var. Bu, bir mənalıdır. Cənab İlham Əliyevin qələbəsi qaçılmazdır. Biz reallıqdan çıxış edən adamlarıq. Əgər qələbə belə olmasa, hansısa uğur qazanmaq mümkün olsa, seçkilərdə iştirak edərdim. Yoxsa seçkiyə qatılmağın mənası yoxdur. Burada birmənalı əsas namizəd qalibdir. Bəzən fikrimizi yozurlar. Deyirlər ki, bu, iqtidarın mövqeyindən çıxış edir. Bu, doğru deyil. Bizim missiyamız, ideyamız aydındır. Biz bütöv Azərbaycan yolunda olan əsgərlərik. Bu, tək bizim deyil, millətin yoludur. Adama “sənin mübarizən, davan, mücadilən nədir?” deyə soruşarlar. Əlbəttə, yolumuz bütöv Azərbaycan, böyük Turandır. Bu gün ərazilərimizin azad edilməsi, bütöv Azərbaycan yolunda ən real atılan addım cənab İlham Əliyevə məxsusdur. Bunu danmaq Allahsızlıq, haqsızlıq olar”.

Elçibəyin qardaşı oğlu İlham Əliyevə səs verəcəyini vurğulayıb:

“Bizim davamız demokratiya, sosial-iqtisadi məsələlər, hər hansı xırda siyasət uğrunda deyil. Mücadiləmiz böyük dava uğrundadır. Bu istiqamətdə İlham Əliyev ən azı bizdən qat-qat çox işlər görüb. Bu, reallıqdır. Onu mən necə müdafiə etməyim? Səsvermədə iştirak edib, ona səs verməməyim haqsızlıq olar. Əgər bizim davamız başqa məsələlər, hakimiyyət və məqam uğrunda olsaydı, bəlkə fərqli düşünərdik. Lakin biz 10 il qabaqdan müxalifət düşərgəsinə deyirdik ki, bütün sosial-iqtisadi, Avropa hüquqları istiqamətində mübarizələri qırağa atın. Vətənin azadlığı, bütövlüyü uğrunda olan düzgün mübarizəyə gəlin. Zaman da göstərdi ki, milli mücadilənin aparıcı tərəfləri nüfuz qazandı. Yenə deyirəm, adam çağırar deyər ki, “qardaş sənin davan bütöv Azərbaycan, milli yol deyil? Lap gözəl,gəl, əyləş qarşıma bu istiqamətdə sən yoxsa, mən çox iş görmüşəm?”. Doğrudan da, mənim fəaliyyətim uzaqbaşı təbliğat olub. Amma adamın əməlləri mövcuddur. Ortaya fakt qoyub. Bu istiqamətdə, bəli, cənab İlham Əliyevi mən dəstəkləyirəm”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir