Siyasət

ABŞ-nin qərəz və rəzaləti: Tolerant Azərbaycan hədəfə alınır – ŞƏRH + FOTO

Sharing is caring!


Müstəqil xarici siyasət yürüdən dövlətlərə qarşı Amerika Birləşmiş Ştatlarının qərəzi, ikili standartları güclənməkdə davam edir. Bu dəfə ABŞ Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Komissiyasının (USCIRF) Dini Etiqad Azadlığına dair hazırladığı hesabatda Azərbaycan hədəfə alınıb. Belə ki, sənəddə 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, dini obyektləri yerlə bir edən Ermənistan qalıb bir kənarda, tolerantlıqda ad çıxaran, multikultural ölkəmizə qarşı qərəzli mövqe sərgilənib.

Azərbaycanda dini dözümsüzlük və tolerantlıqla bağlı problemlərin olduğunu iddia etmək, sadəcə, siyasi korluq və qərəzin pik həddidir. Görünən odur ki, Azərbaycana qarşı səlibçi zehniyyət dəyişməyib. Qarşıdan gələn prezident seçkilərində erməni lobbisinin dəstəyini qazanmaq üçün dəridən-qabıqdan çıxan ABŞ birtərəfli qaydada Ermənistanın yanında durur, qərəzli, ikili standartlara əsaslanan bəyanatla çıxış etməkdə davam edir.

Hesabat başdan-ayağa Azərbaycana qarşı qərəz üzərində qurulub. Faktları təhrif edən, həqiqətə uyğun olmayan dezinformasiya xarakterli hesabatda iddia edilib ki, guya Azərbaycanda dini dözümsüzlük və dini azadlıqlarla bağlı problemlər yaşanır. Guya, ölkəmizdə dini etiqad azadlığı təqib olunur. İddialar kifayət qədər cəfəng olsa da, cavab vermək üçün faktlar az deyil. Hesabatda pozuntu kimi təqdim edilən hallar Azərbaycanda dini etiqad azadlığı ilə bağlı obyektiv yanaşmanı, durumu əks etdirmir. Bəzi məqamların araşdırılmadığı, müstəqil olmayan və ənənəvi olaraq Azərbaycan əleyhinə məlumatlar yayan mənbələrdən istifadə edildiyi, bəzən isə hadisələrə məqsədli şəkildə yanlış izahatlar verilməsi diqqəti cəlb edir. Bu, onun obyektivliyinə ciddi xələl gətirir, ümumiyyətlə, onların hazırlanmasında ifadə edilən məqsəd və məramlara qətiyyən uyğun gəlmir. Heç bir tutarlı fakt ortaya qoyulmadan Azərbaycanın hədəfə alınmasının tək və yeganə səbəbi siyasi maraqlardır. Azərbaycan postsovet məkanında separatizmə son qoyan ilk dövlətdir. Sözsüz ki, Azərbaycan əleyhinə kampaniyalarda erməni lobbisi aktiv şəkildə iştirak edir.

Dünya ölkələrində dini dözümsüzlükdən dəm vuran ABŞ nədən ölkədaxili vəziyyətə toxunmur? Halbuki amerikalı hüquq müdafiəçilərinin məlumatları ABŞ-də bu sahədə ciddi problemlərin olduğunu sübut edib. Məsələn, 2021-ci ildə ABŞ-də dini dözümsüzlük zəminində yəhudi və müsəlmanlara qarşı törədilmiş 1 005 cinayət faktı qeydə alınıb. Eləcə də 2022-ci ildə 6 720 müsəlman dini ksenofobiyaya məruz qalıb. Antiislam əhvali-ruhiyyəsinin artması 28%-ə, yəni həyəcanverici həddə çatıb. Bütün bunlar ABŞ reallıqlarının kiçik bir hissəsini əks etdirir.

Bu istiqamətdə kifayət qədər faktlar ortaya qoymaq mümkündür və hesabatı hazırlayanlar da buna diqqət yetirsəydi, yaxşı olardı. Sual olunur, ABŞ, axı sən hansı haqla dünyaya demokratiya və hüquq dərsi keçirsən? Səbəb də bəllidir – qondarma və birtərəfli hesabatlarla müstəqil ölkələrə təzyiqlər etmək.

Təsadüfi deyil ki, hesabat radikallıq, dini və irqi ayrı-seçkiliyin genişləndiyi ABŞ-nin özünü diqqətdən kənarda qoyur. Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycanda ictimai asayişi pozmağa çalışan, dini radikal qruplaşma üzvlərindən də narahatlıq əks olunub. Halbuki həmin qüvvələr və şəxslər Azərbaycan dövlətini hədələyir, onun konstitusion quruluşunu dəyişdirəcəkləri və “Kərimə” dövləti quracaqları, bunun üçün hər vasitədən, eləcə də silahlı mübarizədən də istifadə edəcəklərini açıqlayırlar. Bütün bunlar bizdən ölkəmizdə sabitliyə və təhlükəsizliyimizə dini sahədən təhdidlərin olmasını inkar etməməyi, din pərdəsi altında ölkəmizdə sabitliyi pozmaq istəyən, gənclərimizi silahlı, qanlı münaqişələrə cəlb edənlərin qarşısında ayıq-sayqılığımızı qorumağımızı tələb edir.


Bütün bu məsələlərlə bağlı Azərbaycan təqdir olunmaq əvəzinə, tənqidlərə məruz qalır. Budurmu ABŞ-nin obyektivliyi?!

Hesabat müəlliflərinin “erməni beyinlərini” bir neçə faktla “yumağa” çalışaq.

Birincisi, Azərbaycanda qanunvericilik bazası təkmilləşdirilib, dini icmaların fəaliyyətinə dəstək verilir. Hər il ölkədəki dini konfessiyalara maliyyə yardımı ayrılır ki, bu yardımın əhatə dairəsi bütün dini icmalara, o cümlədən 37 qeyri-müsəlman icmasına şamil edilir. Hesabatda bu məqam nədənsə yada düşmür.

İkincisi, hər il tarixi-mədəniyyət abidələri bərpa olunur, yeni ibadət ocaqları inşa edilir. Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etdirilməsində, dünyaya yayılmasında mühüm işlər görülür.

Sual olunur: belə məntiqsiz mənzərənin dini etiqad azadlığının pozulması əlaməti sayılma­sı kimə və ya kimlərə lazım ola bilər? Cavab birmənalıdır – Ermənistana və onun havadarlarına.

Görünür, ABŞ-dəki erməni lobbi və diaspor təşkilatları özlərinin anti-Azərbaycan ritorikalarını Dövlət Departa­mentinin sözügedən komissiyasına qədər daşımağı bacarıblar. Əlbəttə, bu, ölkə adına böyük utancdır. Ancaq təəc­cüblü deyil. Çünki əvvəllər də analoji hallar müşahidə olunub. Yəni, ölkəmiz­də dini etiqad azadlığı ilə bağlı reallıqların nəzərə alınmadığını çox görmü­şük.

Adıçəkilən USCIRF və onabənzər təşkilatlar nəzərə almaq istəmirlər ki, Azər­baycanda kifayət qədər tolerant mühit mövcuddur.

Hesa­batda, həmçinin qərəzli formada Qarabağda guya erməni mənəvi irsinin məhv edildiyi vurğulanır. “Dağlıq Qarabağ” ifadəsinin arxivə atıldığı bir vaxtda, onların bu termindən istifadə etmələri qərəzin başqa bir formasıdır.

Ən riyakar yanaşmalardan biri ölkədə asayişi pozmağa çalışan və İrana bağlı şəxslərin həbsinə yanaşmadır. Molla rejiminə qarşı sanksiyalar tətbiq edən, onu insan hüquq və azadlıqlarını kobud şəkildə pozan dövlət adlandıran ABŞ indi baxışını “dəyişib” və həmin ölkə gözündə “mələyə” çevrilib. Azərbaycan öz ərazisində din pər­dəsi altında fəaliyyət göstərən İran casus şəbəkəsinin üzvlərini sıradan çıxardığı halda, Birləşmiş Ştatlar bunu ölkəmizə nöq­san kimi dəyərləndirir.

Bu arada bir haşiyə də çıxmaq mümkündür. Söhbət son illərə kimi bir-birinin ünvanına ən sərt ittihamlar səsləndirən ABŞ və İran yaxınlaşmasından gedir. Necə olur ki hər zaman şər yuvası kimi gördüyü İran birdən-birə ABŞ üçün doğmalaşıb? Yenə də riyakar və çirkin maraqlar önə çıxır. Əvvəl İranın xaricdəki bank hesabları açılır, Tehran rejiminin insan haqlarını pozduğu görməzlikdən gəlinir. Bu riyakarlıq xüsusilə Yaxın Şərqdə İsraillə HƏMAS arasında gedən son müharibədə də özünü göstərir. İran HƏMAS, “Hizbullah” kimi təşkilatlara hərtərəfli yardım göstərdiyi halda, ABŞ bir dəfə də olsun Tehran rejiminin adını çəkmir. Azərbaycanda sabitliyi pozmağa çalışan və hərəkətləri məhkəmə yolu ilə sübuta yetirilən şəxslərin müdafiəsinə qalxır. Bu da bir daha ABŞ üçün heç bir dəyərin mövcud olmadığını göstərir. Ehtimal etmək olar ki, ABŞ ilə İran arasında hansısa gizli bir sövdələşmə əldə olunub. Bəlkə, ABŞ hesabatında iddia olunduğu kimi, Azərbaycanda guya dindarlara qarşı hücumlar da bu planın tərkib hissəsidir? Düzdür, bu hələ ki ehtimal, iddia kimi səslənsə də, hər halda heç nə istisna edilmir. Əbədi və əzəli düşmənlərin hazırkı “mehribanlığı” da bu kontekstdə nəzərdən keçirilməlidir.

Göründüyü kimi, ABŞ Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıq Komissiyasının Dini Etiqad Azadlığına dair hesabatı qərəzli və ikili yanaşmanın bariz nümunəsidir. Şübhəsiz ki, hesabat ABŞ-nin hakimiyyət kuluarlarında və erməni lobbisinin təsiri altında olan qüvvələrin yaxından iştirakı ilə hazırlanıb. Bir daha məlum oldu ki, Azərbaycanın bölgədə yaratdığı reallıqla, onun müstəqil xarici siyasəti ilə barışmaq istəməyən Vaşinqton üçün heç bir müqəddəs dəyər, ədalət mövcud deyil. İranla bağlı tutduğu mövqe də bunun bariz nümunəsidir. Elə olmasaydı, planetin müxtəlif yerlərində müsəlmanlara qarşı aparılan soyqırımı və qırğınlara göz yumulmazdı, Azərbaycanda terror əməlləri məhkəmə yolu ilə sübuta yetirilən terrorçuların müdafiəsinə qalxmazdı.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir