Cəmiyyət

İdman zallarında məşq qiymətləri nə qədər artıb? – ARAŞDIRMA

Sharing is caring!


İnsanlar arıqlamaq və ya formada qalmaq üçün müxtəlif vasitələrə üz tuturlar. Onlardan ilk ağla gələni də idman zallarıdır. Çəki atmaq və daim formada qalmaq hər kəsin arzusudur. Buna görə də son illər idman zallarına üz tutanların sayında əvvəlki illərə nisbətən artım müşahidə olunur.

Ötən gündən idman zallarında aylıq qiymətlərin artması ilə bağlı məlumatlar dolaşır. Hətta qiymət artımının yay aylarında daha çox olduğunu vurğulayırlar. Səbəb olaraq isə bunu yay aylarında idman zallarına üz tutanlarının sayının çoxluğu ilə əlaqələndirirlər.

Bəs görəsən, idman zallarında hazırda vəziyyət nə yerdədir? Həqiqətənmi qiymətlərdə artım varmı?

Oxu.Az-ın əməkdaşı bir neçə idman zalı ilə danışıb.

Metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən idman zalının səlahiyyətlisi qiymətlərdə artım olmadığını bildirib:

“Qiymətlərdə artım qəti şəkildə yoxdur. Bizdə ümumi zal ilə yanaşı, qadın zalı da fəaliyyət göstərir. Ayda sərbəst 12 gediş 50 manat, 12 gediş – məşqçi ilə 70 manat, limitsiz – hər gün sərbəst 70 manat, limitsiz – hər gün məşqçi ilə 90 manat, fərdi məşq – 100 manat, günlük giriş üçün ödəniş məşqçisiz beş manat, məşqçi ilə yeddi manatdır.

Qadın zalımız həftənin altı günü saat 9:00-dan 21:00-dək fəaliyyət göstərir. Ümumi zal 23:00-dək fəaliyyətdə olur.

Düşünürəm ki, bizdə qiymətlər münasibdir. Çünki məşqə gələnlərin əksəriyyəti uzaq yerlərdən sırf bizim zala görə gəlir. Yay aylarında gələnlərin sayında artım müşahidə olunur. Lakin biz bundan istifadə edib, qiymətləri qaldırmırıq. Hələ ki narazı olanlarla rastlaşmamışıq. Biz müştərilərdən razıyıq. Onların da bizdən razı olması üçün əlimizdən gələni edirik”.

Bakıxanov qəsəbəsində yerləşən idman zalının səlahiyyətlisi qiymətlərin nəinki baha, çox ucuz olduğunu dilə gətirib:

“Bizdə qiymətlər çox münasibdir. Tək gediş yeddi manat, səkkiz gediş – 33 manat, 12 gediş – 40 manat, limitsiz – 55 manat, 36 gediş – 105 manat, üç ay limitsiz gediş 150 manatdır. Qiymət artımı yoxdur. Məncə, əksinə, qiymət azalması var. Hazırda idman zalları çoxluq təşkil edir. Elə qiymətlər təqdim etmək lazımdır ki, müştəri sayı çox olsun. Bununla yanaşı, zalda təcrübəli məşqçilər də olmalıdır”.

Zabitlər parkı yaxınlığında yerləşən idman zalından əvvəlki illərə nisbətən qiymətlərdə dəyişikliklər olduğu bildirilib:

“Kişi, qadın, hətta uşaqlara görə qiymətlərimiz fərqlidir. Kişilər və qadınlar üçün bir günlük məşqin qiyməti 50 manatdır. Uşaqlarda isə bir gün məşq 35 manatdır. Kişilər bir ay üçün 250, qadınlar və uşaqlar 160 manat ödəniş edirlər. Kişilər üçün üç ay 600, qadınlar və uşaqlar üçünsə 400 manatdır. Rahat şəkildə zala istədikləri vaxt gələ bilirlər. Heç bir məhdudiyyət yoxdur. Altı aylıq məşq üçün kişilər 1 000, qadınlar 700, uşaqlar 650 manat ödəyirlər. Bir illik abunə kişilər üçün 1 500, qadınlar üçün – 1 200, uşaqlar üçünsə 1 100 manatdır. Bu qiymətlər, bəlkə də, çox görünə bilər. Amma hesab aparılsa, digər zallarla eynilik təşkil edəcək. Bizim zalda təqdim olunan qiymətlərə, demək olar ki, bütün xidmətlər daxildir”.

Metronun “Gənclik” stansiyası yaxınlığında yerləşən idman zalından hazırda kampaniyaların mövcud olduğu bildirilib:

“Qiymətlərdə artım yoxdur, azalma var. Bizim hazırda kampaniyalarımız mövcuddur. Tələbələri düşünərək 16 gedişin qiymətini 40 manatdan 30 manata endirmişik. Məncə, bu qiymət heç yerdə yoxdur. Aylıq paketlərimiz də var. Səkkiz gediş – 25, 12 gediş – 30, 16 gediş – 40, limitsiz – 50 manatdır. Bu həm bəylərə, həm də xanımlara şamil edilir. Düzdür, yay aylarında zala üz tutanlar çox olur. Çünki hər kəs formada qalmaq istəyir. Lakin hazırda avqust ayında çox isti hava şəraiti müşahidə edildiyi üçün məşqə gələnlərin sayı azalıb. Yəqin ki, tez bir zamanda canlanma olar”.

Apardığımız araşdırma nəticəsində məlum olub ki, idman zallarının çoxunda qiymətlər stabil qalıb. Bəzi zallarda isə qiymətlər endirilib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir