Cəmiyyət

Azərbaycan-Bolqarıstan münasibətləri

Sharing is caring!

Müasir dövrdə Azərbaycan ilə Bolqarıstan arasında çox sıx əlaqələr mövcuddur. Bu əlaqələr son onilliklər ərzində təşəkkül tapmışdır. Siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir. Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. İki ölkə arasında əməkdaşlıq münasibətləri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstan Prezidenti Jelyu Jelyevin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Bolqarıstan Xalq Məclisində çıxış edib. Prezident Heydər Əliyev çıxışında bildirib: “Azərbaycan sülhsevər dövlətdir, biz Ermənistanın və digər qonşu ölkələrin torpaqlarına göz dikməmişik. Ancaq öz torpaqlarımızı da başqa ölkəyə verə bilmərik. Buna görə də biz öz ərazi bütövlüyümüzü qoruyur, torpaqlarımızı müdafiə edirik və bu müharibəni ancaq və ancaq özümüzü müdafiə etmək üçün aparırıq”.

Bolqarıstanın sabiq prezidenti Jelyu Jelev Azərbaycanla münasibətlərini davam etdirərək dəfələrlə ölkəyə səfərə gəlib və dövlət başçısı Heydər Əliyevlə görüşüb. 2006-cı ilin sentyabrında o, Balkan siyasi klubunun rəhbəri kimi bir daha Azərbaycanda olaraq prezident İlham Əliyevlə görüşüb.

           2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev Azərbaycan – Bolqarıstan münasibətlərinin genişlənməsinə xüsusi diqqət yetirib. Bolqarıstan Prezidenti Georgi Pırvanov 2004-cü ilin oktyabrında Azərbaycana rəsmi səfər edib. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində hər iki ölkənin mövcud əlaqələri daha da inkişaf etdirmək niyyəti ifadə olunub. Bolqarıstan prezidentinin bu səfəri zamanı tərəflər arasında birgə bəyannamə, səhiyyə, iqtisadiyyat, nəqliyyat sahələrində yeni sazişlər imzalanıb.

Prezident İlham Əliyev 13 noyabr 2009-cu ildə Bolqarıstandaişgüzar səfərdə olub və Prezident Georgi Pırvanovla görüşüb. Prezident İlham Əliyevin və Georgi Pırvanovun iştirakı ilə Azərbaycan-Bolqarıstan arasında sənədlərin imzalanması mərasimi olub. Sənədlərinin imzalanma mərasimi başa çatdıqdan sonra Prezident İlham Əliyev və Prezident Georgi Pırvanov birgə mətbuat konfransı keçiriblər. Prezident İlham Əliyev bəyanatla çıxış edərək deyib: “Siyasi əlaqələrin yüksək səviyyədə olması əlbəttə ki, bütün başqa sahələrə də öz müsbət təsirini göstərir. Eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıqda Bolqarıstanın çox önəmli rolu vardır. Azərbaycanın Avratlantika strukturlarına inteqrasiya prosesində Bolqarıstan bizə həmişə dəstək vermişdir”. 13 noyabr 2008-ci ildə Bakı şəhərində tanınmış bolqar rəssamı Emil Stoyçevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun hamiliyi altında fərdi sərgisi açılıb.

8 may 2024 cü il tarixdə isə Azərbaycan-Bolqarıstan Respublikaları arasında biznes forumu keçirilmişdir. Görüşdə Azərbaycan – Bolqarıstan əlaqələrinin dövlət başçılarıın siyasi iradəsi nəticəsində dinamik inkişaf etdiyini vurğulanıb. Keçirilən müzakirələrin və səmərəli danışıqların perspektiv sahələr üzrə işbirliyinin möhkəmləndirilməsi və yeni birgə layihələrin həyata keçirilməsi üçün yaxşı zəmin olacağına əminlik ifadə olunmuşdur. Yeni təşəbbüslərin reallaşdırılması üçün hər iki ölkənin biznes nümayəndələri dəstək mexanizmlərindən yararlanmağa dəvət olunmuşdur. Onu da qeyd etmək lazımdır ki, iki ölkə arasında ticarət dövriyyəsi son dövrdə əhəmiyyətli dərəcədə artmışdır. Bolqarıstan hazırda Azərbaycanın ən çox ixrac həyata keçirdiyi ölkələrdən biridir. Eyni zamanda, Azərbaycanda Bolqarıstan sənaye, tikinti, ticarət və xidmət sahələrində aktiv şəkildə fəaliyyət göstərir. Bununla belə, dövlətlərimiz arasında qeyri-neft sektoru, sahibkarlıq, rəqəmsal iqtisadiyyat, innovasiya, nəqliyyat və tranzit sahələrində əlaqələri genişləndirmək üçün mümkün olan imkanların gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidlər bəsləyirik!

Abdıyeva Elvina

Saatlı rayon S.Vurğun adına 1 saylı tam orta məktəbin tarix müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir