Siyasət

Dünyanı cəhənnəmə çevirmək istəyən ABŞ Cənubi Qafqazda yeni oyun oynayır – ŞƏRH + FOTO

Sharing is caring!


ABŞ-nin dövlət katibi Antoni Blinken bu günlərdə konqresmenlərlə görüşündə Cənubi Qafqazda vəziyyətlə bağlı fikirlərini bölüşərkən növbəti inkişaf ssenarilərindən biri kimi Azərbaycanın guya Ermənistanın cənubuna müdaxilə edəcəyi barədə qənaətini səsləndirib. Bu barədə məlumatları müxtəlif xarici KİV-lər yayıblar.

Məsələnin əsli isə ondan ibarətdir ki, xüsusilə Azərbaycan Ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərindən sonra Cənubi Qafqazda sabitlik təmin olunub. Ötən otuz ildən çox müddət ərzində regionda, bəlkə də belə sabit vəziyyət yaranmayıb. İş o həddə çatıb ki, Ermənistan da adət etdiyi hərbi təxribatları son zamanlar təkrarlamır. Əksinə, rəsmi İrəvan sülhlə bağlı bəyanatlar səsləndirir. Bütün baş verənlərin fonunda Blinkenin bu fikirləri bir daha ABŞ-nin riyakarlığını və ikili standartlarını nümayiş etdirir.

Əslində Ağ Ev nəinki Cənubi Qafqazda, digər regionlarda, o cümlədən Şərqi Avropada və Yaxın Şərqdə də öz oyununu oynamağa çalışır. Bu gün Şərqi Avropada davam edən Rusiya – Ukrayna müharibəsi, Yaxın Şərqdə miqyasının daha da genişlənməsi ehtimal edilən İsrail – HƏMAS qarşıdurması və bu münaqişələrin davamlı olması məhz Ağ Evin niyyətinə xidmət etdiyi görünür. Rəsmi Vaşinqton bu cür münaqişə ocaqları sayəsində özünün ayrı-ayrı bölgələrdəki mövqelərini möhkəmləndirməyə çalışır.

Mülki insanların ölümü, dağıntılar ABŞ-ni düşündürmür. Dünya sürətlə Üçüncü Dünya müharibəsinə doğru gedir, planet cəhənnəmə çevrilir. Bunun əsas səbəblərindən biri isə məhz ABŞ-nin riyakarlığı, səbəbsiz, əsassız iddialarıdır.

Görünür, ABŞ bunu – Cənubi Qafqazda “daşların yerinə oturmasını” qəbul etmək istəmir. Çünki Vaşinqton oyun oynamaqda davam edir və qəsdən vəziyyəti qızışdırmağa çalışır. Əlbəttə, Blinkenin iddiaları əsassızdır.

Birincisi, Azərbaycanın kimsənin, o cümlədən Ermənistanın torpaqlarında gözü yoxdur. Rəsmi Bakı və İrəvan bir-birilərinin ərazi bütövlüyünü tanıyıblar.

İkincisi, biz artıq ərazi bütövlüyümüzü təmin etmiş, münaqişə mərhələsini geridə qoymuşuq.

Üçüncüsü, rəsmi Bakı regional sabitlikdə, Qarabağdakı etnik ermənilərin reinteqrasiyasında maraqlıdır. Azərbaycan bu barədə mövqeyini dəfələrlə bildirib. Necə ola bilər ki, indi yeni müharibəyə can atsın? Bu, məntiqə uyğun deyil. Söz yox ki, soyuqqanlı düşüncəyə, məntiqə malik tərəflər bunu anlayır, Blinkenin bəyanatlarının arxasındakı riyakarlığı başa düşürlər.

ABŞ dövlət departamentinin rəhbəri bu cür sensasiyalı hesab olunan fikirləri ilə birbaşa Ermənistan siyasilərinin, xüsusilə müxalifətin ictimai şüuruna təsir etməyə çalışır. O, yaxşı anlayır ki, Bakı və İrəvan artıq sülhün, Cənubi Qafqaz isə regional əməkdaşlığın bir addımlığındadır. ABŞ bölgədəki maraqları naminə bu sabitliyə mane olmaq istəyir. Və bunun üçün ajiotaj yarada biləcək bəyanatlarla erməni diasporunun, müxalifətin canına qorxu salmağa çalışır.

Növbəti dəfə ABŞ ikiüzlülüyünü açıq şəkildə göstərir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın əraziləri 30 ilə yaxın işğal altında olanda Vaşinqton ölkəmizin özünümüdafiə hüququnu heç vaxt tanımayıb. Bu azmış kimi, ABŞ indi də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini “həzm edə bilmir”. Vaşinqton bütün imkanları ilə aranı qarışdırmağa çalışır.

Regionun sülhə doğru getdiyi bir zamanda ABŞ və Fransa bölgədən əl çəkmir, militarizasiya siyasəti həyata keçirir, Ermənistanı silahlandırır və bu yolla yenidən regionu silahlı qarşıdurma poliqonuna çevirməyə cəhd edir.

Sözsüz ki, bu oyunun arxasında həm ABŞ-Fransa cütlüyü, həm də Avropa İttifaqı (Aİ) dayanır. BMT-nin bəzi strukturlarında, Avropa Parlamentində, AŞPA-da Azərbaycanın əleyhinə qəbul edilmiş qətnamələrin arxasında da onlar dururlar.

ABŞ-nin bu cür qeyri-adekvat davranışları hər fürsətdə haqqında danışdığı demokratik prinsiplərə, insan haqlarına tamamilə ziddir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir