Manşetüstü

Qurtuluşumuz əbədidir…

Sharing is caring!

Müasir tariximizin butöv bir hissəsi xalqın həyatında böyük əhəmiyyət kəsb edən hadisələrlə zəngin dövrü ümummilli liderimiz, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin adı və misilsiz xidmətləri ilə bağlıdır. Dünya xəritəsindəki Azərbaycanla Azərbaycanın dünyanın nəhəng dövlətləri arasındakı mövqeyini müqayisə etsək böyük bir siyasətin özünütəsdiqinin şahidi olarıq. Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının qüdrətli şəxsiyyəti, daim qalibiyyət əzmi ilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir lider idi.
“Prezident xalqa təkcə rəhbərlik etmir, eyni zamanda onu qorumalı, lazım gələrsə xalqın yolunda özünü fəda etməyi bacarmalıdır” devizi Heydər Əliyev düşüncəsinin əsas qayəsi idi. Məhz bu ideyaların daşıyıcısı olan Ulu Öndər çətin və ağır günündə ona üz tutan xalqın istək və arzusunu reallığa çevirdi.

XX əsrin doxsanıncı illərində Azərbaycan çox böyük təhlükə qarşısında idi. Bir tərəfdən daxili çəkişmələr, hərc-mərclik, xaos, digər tərəfdən erməni təcavüzkarları tərəfindən torpaqlarımızın işğal olunması ölkəmizi çıxılmaz vəziyyətə salmışdı. Məhz tarixin belə məsuliyyətli məqamında, ölkənin ən çətin anında müstəqilliyi qoruyub saxlamaq, xalqı parçalanmaqdan qurtarmaq vəzifəsini həyata keçirmək üçün Azərbaycana gəlmək zərurəti ilə üz-üzə qalan böyük siyasi xadim xalqın iradəsi ilə Azərbaycana gəldi.

Tarixin bizə bəxş etdiyi qüdrətli dövlət xadimi, böyük siyasətçi, xalqın rifahı üçün yorulmadan əzmlə çalışan dahi şəxsiyyətin yenidən hakimiyyətə gəlişini təkcə xalq deyil, həm də zaman tələb edirdi. Bu da bir həqiqətdir ki, Heydər Əliyevin ” Böyük qayıdış”ı Azərbaycanın tarixinin və taleyinin dönüş nöqtəsi oldu.

“Mənim üçün xalqımın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur”- deyən, xalqına xidmətinə görə etimad qazanan və bu etimadı şərəflə ömrünün sonuna qədər doğruldan Ulu öndər deyirdi: “Özümü xoşbəxt hesab edirəm ki, Azərbaycanın o ağır, çətin, müqəddaratının həll edildiyi bir məqamda mənə üz tutuldu, müraciət edildi. Mən öz vətənimə oğulluq borcumu yerinə yetirdim, sədaqətimi bir daha nümayiş etdirdim. Özümü oda, alova atdım. Biz birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxara bildik. Azərbaycan xalqı bilir ki, mənim bütün həyatım xalqıma xidmət etməyə həsr olunub”. Bu sözlər Ulu Öndərin vətən sevgisinin ali zirvəsidir.

1993-cü il oktyabrın 3-də yenidən hakimiyyətə gələn Heydər Əliyev qısa zamanda müstəqil siyasəti, gərgin fəaliyyəti nəticəsində xalqı dövlətçilik, azərbaycançılıq, həmrəylik, milli tərəqqi, bəşərilik kimi yüksək ideyalar ətrafında birləşdirə bildi.
Elə şəxsiyyət var ki, onun fəaliyyəti tarixin müəyyən mərhələsində diqqət çəkir. Elə tarix də var ki, şəxsiyyətin simasında öz gerçək təsdiqini tapır. Məhz bu baxımdan müəyyən mənada tarixə hökm edən qeyri-adi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişi ölkədə baş verən hadisələrin məcrasını kökündən dəyişdi. Heydər Əliyev xalqı səfərbər edib arxasınca aparmaq qüdrəti, böyük idarəçilik qabiliyyəti, zəngin təcrübəsi, siyasi baxışları, taleyüklü məsələlərin həllinə yönələn məharəti, qəbul etdiyi qərarların qətiyyəti ilə xalqın qəlbində gələcək qələbələrimizə böyük inam və ümid yaradırdı.

Ölkədə ictimai-siyasi sabitliyin təmin olunması üçün var qüvvəsi ilə çalışan Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qorunması, respublikada sabitliyin bərpa olunması, güclü ordunun yaranması, ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətində mühüm addımlar atdı. Dünya birliyinə inteqrasiya etmək, beynəlxalq müqavilələr razılaşmalar imzalamaq üçün həm ölkə daxilində nisbi sakitlik təmin edilməli, həm də beynəlxalq aləmdə Azərbaycana diqqət, maraq və inam yaratmaq üçün 1994-cü il xalqımız üçün böyük əhəmiyyət kəsb edən atəşkəsin əldə olunmasına nail oldu. Azərbaycan tarixində Heydər Əliyevin zəngin idarəçilik təcrübəsi, onun qətiyyətli qərarları ölkəmizi tam işğal olunmaqdan, daxili parçalanmadan, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi.

Heydər Əliyev deyirdi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun qorunub saxlanılması bundan da çətindir. “Bu da bir həqiqətdir ki, müstəqillik güclə alınsa da, zəka və müdrüklüklə qorunub gələcək nəsillərə ərməğan edilir. Xalqın taleyini həvalə etdiyi, güvəndiyi ən böyük xilaskar xalqı ağır məqamlardan məharətlə çıxarmağı bacardı. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəni inkişaf etdirən islahatlar keçirtməyə başladı. Ölkəmizin inkişaf strategiyası Heydər Əliyev siyasətinin başlıca amillərindən idi. Azərbaycanın dinamik inkişaf etməsi onu beynəlxalq aləmdə nüfuzunun gündən-günə artan dövlətə çevirdi. Respublikamızın istər sosial-iqtisadi, elmi-mədəni həyatında olduqca mühüm addımların atılması, sənaye, kənd təsərrüfatında dirçəlişlərin əldə edilməsi və nəhayət mənəvi dəyərlər sisteminin dəyişməsi ölkəmizdə inkişaf və tərəqqinin əsasını təşkil edirdi. Heydər Əliyevin gərgin siyasəti nəticəsində siyasi anarxiyaya son qoyuldu və ölkədə dövlət quruculuğu prosseslərinin uğurla aparılması və dövlət çevrilişi cəhtlərinin qarşısı Heydər Əliyev qətiyyəti sayəsində dayandırıldı, quruculuq prosesi sürətlə həyata keçirildi. Ölkə həyatının bütün sahələrində olduğu kimi ordu quruculuğunda da dönüş yarandı. “Müstəqil Azərbaycanın silahlı qüvvələri günbəgün güclənməli və daha da qüdrətli olmalıdır”- deyən Heydər Əliyev 1993-cü ilə qədər pərakəndə vəziyyətdə olan Azərbaycan ordusunu vahid komandanlıq və dövlətin ciddi nəzarəti altında birləşdirərək ordu quruculuğuna nail oldu.

Heydər Əliyevin böyük siyasəti, gərgin fəaliyyəti, qətiyyəti və müdrikliyi sayəsində beynəlxalq aləmdə ölkəmizə maraq və inam daha da artmağa başladı və qısa zaman ərzində 1994-cü ildə sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasına və həyata keçirilməsinə nail olundu. Azərbaycanın nüfuzunu dünya dövlətləri arasında artıran bu müqavilədən sonra ölkəmizdə genişmiqyaslı lahiyələrin həyata keçirilməsinə rəvac verdi. Belə ki, İpək Yolunun bərpası, Bakı-Tiblisi-Ceyhan, Bakı-Tiblisi-Ərzurum neft və qaz xəttlərinin çəkilişi dünya dövlətlərinin Azərbaycan rəhbərinə, onun yürütdüyü siyasətə böyük inam və etibarın təzahürü idi. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmiz bütün çətinlikləri dəf edə bildi. Adını dünya dövlətləri sırasına yazdırdı. İmzasını BMT-nin tribunasından dünya xalqlarına tanıtdı. Bütün bunlar birdən birə başa gəlməmişdir. Xalqımızın böyük oğlunun, fəxrlə, iftixarla ümummilli lider dediyimiz, ona özümüzü borclu bildiyimiz, əzmkar yolunu davam və inkişaf etdirməyə çalışdığımız, ən böyük əsəri müstəqil Azərbaycan Respublikası olan ulu öndər Heydər Əliyevin vətən, xalq, dövlət yolunda yorulmaz fəaliyyəti nəticəsində mümkün olmuşdur.

Dahi rəhbərimiz Heydər Əliyevin rəhbərlik texnikası, quruculuq fəaliyyəti dünyanın siyasi xəritəsində layiqli yeri müəyyənləşdirməyə köklənən siyasi xətti çoxcəhətlidir. Xalq həyatının, ölkə gündəminin elə bir sahəsi yoxdur ki, unudulmaz Heydər Əliyev həmin sahəyə diqqət ayırmasın. Bu gün Heydər Əliyev ənənələrinə sadiqlik prinsipini məhz onun layiqli davamçısı İlham Əliyev gerçəkləşdirə bildi.
Tarixin müəyyən məqamlarında azadlığımız qazanılsa da, ömrü çox qısa olmuş, onu qoruyub saxlamaq, nəsildən nəsilə ötürmək mümkün olmamışdır. Məhz Heydər Əliyev missiyasını bir varis kimi üzərinə götürmək daha da inkişaf etdirmək və ulu öndərin başladığı siyasi gedişləri davam etdirərək həyata keçirtmək yükünü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çiyinlərinə alması atasına və dövlətinə olan sədaqətin ən parlaq sübutudur.

Ulu öndərin başladığı siyasətin ana xəttini təşkil edən Azərbaycanı azad, bütöv, müstəqil görmək istəyini ləyaqətlə yerinə yetirən, düşmən tapdağından azad etdiyi Şuşamızda Novruz tonqalı yandıran, Ulu Öndərin ziyarətinə gedərək torpaqlarımızın işğaldan azad olması təntənəsini qeyd edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Heydər Əliyev ənənələrinə varisliyinin və sadiqliyinin sübutu idi. Bu həm də bütün ömrünün Azərbaycanın rifahı və çiçəklənməsinə həsr edən bəşəri düşüncəli ataya müzəffər ordumuzun sərkərdəsi, Ali Baş Komandanın oğulluq borcu idi.

Bugünkü müstəqil Azərbaycan Heydər Əliyev şəxsiyyətinin, əzəmətinin simvoludur. Ümummilli liderimizin ibrətamiz həyat yolu, işıqlı ideyaları hər birimiz üçün canlı məktəbdir. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” müdrik deyimi dünyanın hər bir güşəsində yaşayan Azərbaycan övladlarının dilində iftixarla səslənir, ulu öndərin vətənçilik, Azərbaycançılıq yoluna məşəl tutur. Bu məşəl ulu öndərimizin döyünən ürəyidir, yeni-yeni nəsillərin arzusunda, sabaha inamında yaşayan Heydər Əliyev yolu, Heydər Əliyev siyasəti, ulu öndərin İlhamla sabahının irəliləyiş işığıdır. Bu işıq öz gücünü, qüdrətini xalqımızın ulu istəyindən, müstəqillik, istiqlal arzularından, 90-cı ilin yanvarında qəhrəman oğullarımızın sinəsində bitən odlu lalələrdən, müstəqilliyimizin itirilməsinə imkan verməyən Xalq Heydər – Heydər Xalq sarsılmaz birliyindən, böyük siyasətə ulu öndərin qayıdış fədakarlığından, xilaskarlıq, qurtuluş missiyasından güc alır.
Bəli, ölkəmizdə 15-iyun tarixi təkcə “Qurtuluş Günü” deyil, eyni zamanda bugünkü müstəqil, azad, bütöv Azərbaycanın təməlinin qoyulduğu gündür.

Nuranə Cavadova,
Abşeron rayon, Məmmədli kənd tam orta məktəbin müəllimi

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir