Siyasət

“Dəmir yumruğun” Qırxqız dağlarında ikinci sədası: Separatçıların sonu çatdı – ŞƏRH + FOTO

Sharing is caring!


Qarabağ bölgəsində qanunsuz yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun qısamüddətli antiterror tədbirlərindən sonra silahı yerə qoyaraq təslim olmağa məcbur edildilər. Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumata əsasən, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Paralel şəkildə bütün silah-sursat və ağır texnika da təhvil verilir. Bundan əlavə, Prezident Administrasiyasının təklif etdiyi kimi, ölkə Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.

Üç ilə yaxın müddətdə Azərbaycan Ermənistan rəhbərliyi ilə dünyanın müxtəlif şəhərlərində sülh danışıqları apardı və hər dəfə də qarşı tərəf müxtəlif bəhanələr gətirib, prosesi uzatmağa çalışdı. Dünya birliyi də şahid oldu ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin reinteqrasiyası, onların problemlərinin həlli ilə bağlı çoxsaylı təkliflərlə çıxış etdi. Bəs, əvəzində nəyin şahidi olduq? Ermənistan və onun Qarabağdakı uzantıları bu təkliflərin reallaşmasına nəinki imkan verdilər, əksinə, hər vəchlə sülh danışıqlarını sabotaj etməyə, kommunikasiyaların açılmasını əngəlləməyə, regionun problemlərinin həlli və inkişafı ilə bağlı bütün səyləri heçə endirməyə çalışdılar. Hətta müharibədən ötən 3 il ərzində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı terror həmlələri həyata keçirməyə çoxsaylı cəhdlər etməkdən belə çəkinmədilər, ərazilərin yenidən minalanması, yeni hərbi obyektlərin yaradılması, mühəndis qurğularının inşası, Ermənistandan silah-sursat daşınması istiqamətində fəaliyyət göstərdilər. Görünən o idi ki, Qarabağda yerləşən 10 minə yaxın qanunsuz silahlı birləşmələrin köməyi ilə növbəti təxribatlar davam edəcək. Bir sözlə, danışıqlar nəticə vermədi. Dəfələrlə qanunsuz hərbi birləşmələrin silahı yerə qoyub Azərbaycan ərazisini tərk etmək çağırışları qulaqardına vuruldu.

Xocavənddə vətəndaşlarımızın həlak olması ilə nəticələnən son terror hadisəsi isə göstərdi ki, artıq İrəvanla danışıqlar aparmaq yersizdir, müvafiq təmizləmə əməliyyatlarının vaxtı çatıb. Azərbaycan tərəfi antiterror tədbirlərə başlamazdan əvvəl Qarabağda yaşayan erməniəsilli insanlara müraciətlə çıxış etdi. Bəyan edildi ki, hədəf silahlı qruplaşmalardır, dinc sakinlər deyil. Lakin erməniəsilli sakinləri girova çevirən xunta rejiminin qalıqları çağırışa nəinki səs verib silahı yerə qoydular, əksinə, təxribatlarını davam etdirdilər. Bütün bunlar da antiterror tədbirlərinin keçirilməsini zəruri edirdi.

Nəhayət, gözlənilən tədbirlərə start verildi. Önəmli olan odur ki, Azərbaycana bu antiterror tədbirlərini başa çatdırmaq üçün cəmi bir neçə saat kifayət etdi. Qısa müddətdə onlarla hərbi texnika, obyekt və səngərlər darmadağın edildi, xeyli sayda texnika və silah sursat hərbi qənimət kimi götürüldü. Nəticədə qanunsuz hərbi birləşmələr ağ bayraq qaldırdılar…

Erməni tərəfi bu müddət ərzində hər vəchlə dezinformasiya tipli xəbərlər yayaraq guya dinc sakinlərin hədəfə alındığını irəli sürsə də, bu dezinformasiya tipli xəbərlər Azərbaycan Müdafiə Nazirliyinin keçirdiyi brifinqlərdə tutarlı sübutlarla təkzib edildi.

Prosesdə Azərbaycanın antiterror tədbirlərinin onun qanuni haqqı olduğu bir sıra dövlətlər və media qurumları tərəfindən təsdiqləndi. Rusiya tərəfinin yaydığı açıqlama xüsusilə diqqət çəkdi. Rəsmi Moskva Qarabağın Azərbaycan ərazisi olması barədə Ermənistan rəhbərliyinin səsləndirdiyi bəyanatı bir daha xatırlatdı. Xüsusi vurğulandı ki, Azərbaycan öz torpağında qanunsuz hərbi birləşmələri zərərsizləşdirmək üçün tədbirlər həyata keçirir.

Beləliklə, ümid etmək olar ki, sentyabrın 21-də Yevlaxda baş tutacaq danışıqlarda Qarabağ erməniləri reinteqrasiya prosesinə dəstək verəcək, Azərbaycan qanunlarına tabe olacaq, qanunsuz dəstələrin tərk-silah olunmasına razılıq verəcəklər, uzun illər girovuna çevrildikləri xunta rejimindən üz döndərib sülh şəraitində yaşamağa üstünlük verəcəklər. Bundan başqa yol da yoxdur. Nəhayət, başa düşməlidirlər ki, Azərbaycan qanunlarına tabe olmalıdırlar və bu, müzakirə predmeti deyil, əsas tələblərdən biridir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir