Siyasət

BQXK: “Münaqişə ilə bağlı Azərbaycanda hələ də 3 800-dən çox itkin düşmüş insan var”

Sharing is caring!


“30 avqust – dünyada silahlı münaqişə, zorakılıq, miqrasiya və təbii fəlakətlər nəticəsində itkin düşmüş yüzminlərlə şəxsin anıldığı Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü kimi qeyd olunur. Biz, itkin düşmüş şəxslərin ailələrinin yanındayıq və əzizlərini onlarla birlikdə yad edirik”.

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən Oxu.Az-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, münaqişə ilə bağlı Azərbaycanda hələ də 3 800-dən çox itkin düşmüş insan var:

“Onların onminlərlə ailə üzvləri isə doğmalarının taleyini bilməməyin ağrısı ilə yaşayırlar. Onilliklər ərzində daimi qeyri-müəyyənlik içində yaşamağın ailələrə gətirmiş olduğu emosional yorğunluğu sözlərlə təsvir etmək mümkün deyil. Biz səlahiyyətli dövlət qurumlarının itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, onların ailə üzvlərinə cavab verilməsi istiqamətindəki işlərini dəstəkləmək üçün əlimizdən gələni əsirgəmirik”.

“Mən bizim ailənin həyatda olan son üzvüyəm. Bu dünyadan köçmədən öncə qardaşımın taleyini bilmək istəyirəm”, – deyə BQXK məlumatında itkin düşmüş şəxsin bacısı Maisə Cavadovanın sözlərini sitat gətirib.

Qurumdan bildirilib ki, fəaliyyət göstərdikləri illər ərzində itkin düşmüş şəxslərin ailə üzvlərindən təqribən 11 000-ə yaxın bioloji istinad nümunəsi toplayaraq Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil veriblər:

“2008-12-ci illər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə itkin düşmüş şəxslər haqqında onların ailə üzvlərindən ətraflı məlumat toplayaraq Dövlət Komissiyası ilə bölüşmüşük. Həmçinin, biz ehtimal edilən məzarlıqlar haqqında məlumatları əlaqədar qurumlarla bölüşmüşük və üç rayonda aparılmış ekshumasiya layihələrinə texniki tövsiyələrimizi verməklə və müxtəlif ləvazimatları ianə etməklə dəstək göstərmişik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir