Siyasət

Qarabağdakı ermənilərdən çirkin məqsədlər üçün yararlanmağa çalışırlar – ŞƏRH

Sharing is caring!


Bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. İlkin məlumatlara görə, məntəqədən təxminən 60-a yaxın şəxs sərbəst şəkildə keçid edib. Kadrlardan da göründüyü kimi, bu şəxslər yükləri ilə birgə ərazini tərk edirlər. Yəni, onların birdəfəlik getdikləri açıq-aydın görünür. Bəs həmin şəxslər kimlərdir?

Onlar Azərbaycan ərazisində separatizmi alovlandırmağa çalışan, ona dəstək verən şəxslərdir. Bu birdəfəlik “köç”ü Azərbaycana qarşı növbəti çirkin və məkrli planın iflasa uğramasının nəticəsi hesab etmək olar. Bununla həm də, Ermənistan və onun himayədarlarının Qarabağdakı erməniləri nəyin bahasına olursa-olsun həm əlində saxlamaq cəhdi, həm də siyasi məqsədləri üçün istifadə etmək kimi məkrli planları alt-üst olub. 44 günlük Qarabağ zəfərindən sonra bölgədə qalan erməni sakinlərlə bağlı rəsmi Bakı müxtəlif səviyyələrdə daim bəyan edib ki, burada Azərbaycan qanunlarına hörmətlə yanaşan, bu qanunlarla yaşamağı qəbul edən şəxslər qala bilər. Bunu qəbul etməyənlər, öz qaydaları ilə yaşamağa çalışanlar üçün qapılar açıqdır, gedib harada istəsələr, yaşasınlar. Artıq həm onlar, həm də arxalarında duranlar anlayıblar ki, Azərbaycanla bu çirkin oyunu davam etdirə bilməyəcəklər. Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlardır.

Sirr deyil ki, gah Qarabağdan olan ermənilərə Rusiya pasportları paylanıldı, gah da Rusiya Qarabağda yerləşən erməni əhalisi içərisində “rus icması” yaratmağa cəhd etdi. Hətta rəhbər də tapılmışdı. Rusiya Federal Təhlükəsizlik Xidməti Akademiyasının keçmiş məzunu Aleksandır Bordov. Sonradan bəlli oldu ki, bu şəxs heç də rus deyil. Gülməlidir ki, Qarabağdakı qondarma “rus icması”nın rəhbəri rus deyil, milliyyətcə ermənidir. Digər bir məsələ odur ki, Rusiya sülhməramlıları Qarabağda yerləşdirildikdən sonra dəfələrlə həmin ərazilərdə erməni əhali üçün yardım kampaniyaları keçirilib, ərzaq və su daşınıb, bayramlarda uşaqlara müxtəlif hədiyyələr paylanıb. Amma bu sadalanan əməllər onların missiyasına daxil deyil. Digər tərəfdən, 10 noyabr üçtərəfli bəyanatının dördüncü bəndinin icra olunmaması Rusiyanın bəd niyyətlərinin olduğundan xəbər verirdi. Həmin bənddə qeyd olunub ki, Rusiya sülhməramlılarının Qarabağa daxil olmasına paralel olaraq, erməni silahlı birləşmələri bölgəni tərk etməlidir. Amma müharibənin üzərindən bir ildən çox vaxt keçsə də, silahlı birləşmələr hələ də bölgədə qalmaqdadır.

Digər mühüm bir məsələ ondan ibarətdir ki, Rusiyanın Gürcüstanda, Ukraynada apardığı oyun Qarabağda keçmədi. Kreml həmin ərazilərdə özünə loyal tayfalara rus pasportu paylamaqla sonradan bu ölkələrin ərazisində qondarma respublikalar yaratdığı bəllidir. Bunu Rusiya tərəfindən Azərbaycana qarşı aparılan hibrid müharibənin tərkib hissə da adlandırmaq olar. Halbuki istər Xankəndi, istər digər yerlərdəki ermənilər olsun, hər biri Azərbaycan vətəndaşlığını, bizim qanunları qəbul etməlidirlər.

Son olaylar da göstərir ki, Azərbaycanda Dnestryanı, Donbass kimi ssenarilər keçmədi. Azərbaycanda “russkiy mir” iddiası baş tutmadı. Məcburi olmayan, könüllü xarakter daşıyan bu prosesin davamlı olacağı gözlənilir. Yerdə qalanlar Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan qanunları ilə yaşaya, hətta daha yaxşı yaşaya bilərlər. Rusiya anladı ki, Donbasdan fərqli olaraq, Qarabağı işğal etməyib, bölgəyə Azərbaycanın razılığı ilə müvəqqəti yerləşdirilib.

Beləliklə, bölgədə qalıb yaşamaq istəyən Qarabağ erməniləri bu “köç”lə başa düşməlidirlər ki, onlardan çirkin məqsədlər üçün yararlanmağa çalışırlar. Çıxış yolları isə odur ki, Azərbaycan qanunlarına tabe olub əvvəl yaşadıqları kimi yaşamaqdır. Əks təqdirdə indi köçənlərin talelərini yaşamalı olacaqlar.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir