Siyasət

“Azərbaycanın maliyyə potensialı əhəmiyyətli dərəcədə artıb” – ŞƏRH + FOTO

Sharing is caring!


“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2023-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirəni iqtisadi inkişaf və aparılan çoxşaxəli islahatlarla bağlı iki başlıca istiqamət üzrə şərh etmək mümkündür. Hər iki istiqamət öz ərazi bütövlüyünü təmin etmiş qüdrətli Azərbaycanın yeni iqtisadi inkişaf vizyonunun və bölgədə artan nüfuzunu əks etdirən strateji baxışlardan qaynaqlanan müdrik dövlət siyasətinin nəticəsi hesab edilə bilər”.

Bu barədə Oxu.Az-a Milli Məclisin İqtisadi-siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov danışıb. Onun sözlərinə görə, birinci istiqamət 2023-cü ilin ötən altı ayı ərzində əldə olunmuş nailiyyətlər və maliyyə potensialının yaratdığı imkanlardan səmərəli istifadə edilməsi ilə bağlıdır:

“Cənab Prezidentin vurğuladığı kimi, birinci yarım ildə iqtisadiyyatımız qeyri-neft drayverləri üzərində dayanıqlı inkişaf templərini davam etdirib və altı ayda həmin sektorda üç faizdən çox artım əldə olunub. Qeyri-neft sənayesində isə 6,5 faiz artım qeydə alınıb ki, bu da sürətli dinamika sayəsində ölkəmizin maliyyə fiskal potensialını əhəmiyyətli dərəcədə gücləndirib. Nəticədə büdcənin maliyyə imkanlarının genişlənməsi əlavə mənbələr hesabına büdcəyə dürüstləşmələr aparılmasına səbəb olub. Dürüstləşmələr nəticəsində büdcənin xərclərinin məbləği üç milyard manat artırılaraq 36 milyard manata çatdırılıb. Həmin xərclərin əsas istiqamətləri isə ölkənin birinci milli prioriteti olan azad edilmiş ərazilərdə fasiləsiz aparılan yenidənqurma və bərpa işlərinin daha sürətlə davam etdirilməsinə yönəldilib. Eyni zamanda, ölkəmizin müdafiə qüdrətinin artırılması və yeni reallıqlardan doğan təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə həmin sahənin xərcləri artırılıb.

Cənab Prezidentin müşavirədə səsləndirdiyi ikinci mühüm istiqamət və mesaj qarşıdakı dövrdə iqtisadi inkişaf strategiyası çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün bütün zəruri imkanların səfərbər edilməsi ilə bağlı idi. Burada da sözsüz ki, əsas tapşırıq inflyasiya ilə mübarizə sahəsində bütün resursların gücləndirilməsi istiqamətində müəyyən edildi. Qarabağ və Şərqi-Zəngəzurda hamımız üçün həlledici prioritet təşkil edən ümummilli vəzifənin reallaşdırılması üçün 2023-cü ildə büdcədən 12 milyard manat vəsait xərclənəcək. Böyük Qayıdışın təxirəsalınmazlığını daha da intensivləşdirmək üçün növbəti ildə də həmin sahəyə əlavə zəruri xərclər səfərbər olunacaqdır”.

Deputat A.Hüseynov bildirib ki, dövlət başçısı Azərbaycanın artan iqtisadi və maliyyə potensialının müqabilində dövlət borcunun azaldılmasına da xüsusi diqqət çəkib. Bir neçə il əvvəl qarşıya qoyulmuş başlıca hədəf olan borcun ümumi daxili məhsulun 10 faizinə endirilməsi məqsədinə nail olunduğunu diqqətə çatdırıb:

“Hazırda Azərbaycanın ümumi daxili məhsulu 80 milyard dollar həcmindədir. Xarici borc isə 6,7 milyard dollar təşkil edir. Bu o deməkdir ki, ölkəmizdə borc strategiyası uğurla həyata keçirilir və hədəf çərçivəsində ən aşağı borcu olan ölkələrdən biriyik”.

Millət vəkili onu da bildirib ki, Azərbaycan Prezidenti tərəfindən qarşıya qoyulmuş bütün vəzifələrin uğurlu icrası ölkənin maliyyə intizamının güclənməsi, şəffaflıq potensialının artması, vergi və gömrük yığımlarının həcminin yüksəlməsi üçün güclü bünövrəni daha da möhkəmləndirir. Onun sözlərinə görə, növbəti ildə ölkəmizin inkişaf proqramlarının əhatəsinin gücləndirilməsi də mümkün olacaq.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir