Siyasət

“Prezident Gədəbəydə baş verən hadisələrə yerində və hərtərəfli qiymət verdi” – RƏY

Sharing is caring!


“Prezident İlham Əliyev Gədəbəydə baş verən hadisələrə çox yerində, eyni zamanda hərtərəfli qiymət verdi”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, ölkə başçısı prosesin necə başlaması, eyni zamanda bunda kimlərin maraqlı olması, problemdən həm daxildə, həm xaricdə necə istifadə edilməsi ilə əlaqədar məsələlərə aydınlıq gətirdi:

“Prezident İlham Əliyev həmin ərazidə həqiqətən ekoloji problemin olmasını bir daha qabartdı və bunun qarşısının vaxtında alınmadığını təəssüflə qeyd etdi. Birmənalı şəkildə vurğuladı ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eyni zamanda orada fəaliyyət göstərən şirkətin nümayəndələri bu problemin qarşısını vaxtında almalı idi. Sözügedən problemlə əlaqədar insanları narahat edən məqamlarla bağlı müzakirələr aparılmalı idi. İstər kompensasiya, istər onların tibbi cəhətdən müayinələri, istərsə də əmək fəaliyyəti ilə bağlı problemləri və bu kimi hallar öncədən öz həllini tapmalı idi. Qeyd olunan məsələ bu günə qədər gəlib çatmalı deyildi”.

Deputat xatırladıb ki, Prezident eyni zamanda hüquq-mühafizə orqanları ilə bağlı fikirlər səsləndirib və əsasən də Azərbaycan polisinin fəaliyyətini ən yüksək səviyyədə qiymətləndirib:

“Əslində xarici ölkələrin polislərinin törətdiyi hadisələrlə müqayisədə Azərbaycan polisi çox humanist addım atırdı. Yəni polisə daş atmaq, onlara qarşı bu cür kobud rəftar etmək heç bir qanun çərçivəsinə sığmır. Azərbaycan polisi bu gün Azərbaycan xalqını qoruyan hüquq-mühafizə orqanlarının ən öndə gedənlərindən biridir”.

A.Nağıyev vurğulayıb ki, Azərbaycanda şirkət quraraq bundan gəlir götürən hər bir qurumla bağlı açıqlamalar verilib və onların ölkəmizin qanunlarına uyğun olaraq fəaliyyətlərini qurmaları üçün müvafiq tapşırıqlar var:

“Təşkil olunan komissiyaya tapşırıq verildi ki, birmənalı şəkildə məsələdə kimin günahkar olduğu üzə çıxsın. Söyüdlü kəndindəki problemi qabardaraq fərqli məcralara yönəltməyə çalışanlara da mesaj göndərildi ki, bu məsələ də öz həllini tapacaq. Günahkarlar mütləq layiqli cəzalarını alacaqlar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir