Dünya

NATO-nun tarixi sammiti, Türkiyənin Avropada həyata keçən tələbləri – ŞƏRH + FOTO

Sharing is caring!


NATO-nun builki zirvə toplantısı bir sıra hadisələrlə yaddaqalan oldu və tarixi sayıla bilər.

Bundan əvvəlki sammit 2022-ci ilin iyununda İspaniyanın Madrid şəhərində keçirilib. Növbəti toplantı isə 2024-cü ildə ABŞ-də, Vaşinqtonda olacaq. Birləşmiş Ştatlar belə bir tədbirə 2012-ci ildə Çikaqo şəhərində ev sahibliyi edib.

NATO-nun builki sammiti 31 üzvün iştirakı ilə keçirilib. Finlandiya 31-ci tam və bərabərhüquqlu üzv olaraq toplantıya qatılıb. Üzvlüklə əlaqədar Alyansa müraciət etmiş İsveçlə bağlı məsələ zirvədən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, NATO-nun Baş katibi Yens Stoltenberq və İsveç hökumətinin başçısı Ulf Kristersson arasında keçirilən üçtərəfli görüşdə həll olunub.

Türkiyə İsveçin Alyansa üzvlüyünə razılıq verib. Artıq rəsmi Ankara ilə Stokholm arasında bir sıra istiqamətlərdə razılıq əldə edilib. İlk növbədə, İsveç hökuməti terrorçu qruplaşmalara, o cümlədən, YPG/PYD və FETÖ-yə dəstək verməyəcəyini, terrora qarşı mübarizədə Türkiyə ilə əməkdaşlıq edəcəyini vəd verib. Hər iki ölkə Birgə İqtisadiyyat və Ticarət Komitəsi (JETCO) vasitəsilə iqtisadi əməkdaşlığın artırılması barədə də razılığa gəlib. Tərəflər ikitərəfli ticarət və investisiyaları artırmaq üçün maksimum dərəcədə yollar axtaracaqlarını qeyd ediblər.

İsveç rəsmi Ankaranın Türkiyə-Avropa İttifaqı Gömrük İttifaqını yeniləmək və viza liberallaşdırılması da daxil olmaqla quruma üzvlük prosesini canlandırmaq səylərini fəal şəkildə dəstəkləyəcək.

Sammit çərçivəsində ABŞ Prezidenti Cozef Baydenlə R.T.Ərdoğanın təkbətək görüşü də diqqətçəkəndir. Düzdür, toplantıdan əvvəl onlar arasında telefon danışığı olmuşdu. Bu görüşdə də siyasi, iqtisadi, ticarət əlaqələri, təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları və regional məsələlər müzakirə olunub. Ağ Ev sahibi Türkiyənin “F-16” qırıcıları əldə etməsinə dəstəyini bildirib.

Bu toplantı Rusiyanın Ukraynada başlatdığı müharibənin 503-cü günü keçirilib. Odur ki, Alyansın bundan əvvəlki toplantısında savaş yeni başladığı üçün hələ müəyyən istiqamətlərdə qaranlıq məqamlar var idi. Onda Rusiya ilə sülh, danışıq məsələlərinə Qərb blokundan ismarışlar gəlirdi. Ancaq bu toplantıda yalnız Ukraynanın qələbəsi və Rusiyanın bu müharibənin uduzması üçün rəsmi Kiyevin dəstəklənməsi açıq və dolayı yolla vurğulanıb. Hətta Ukraynanın müharibədən sonra Alyansa qəbulu prosesi birmənalı olaraq dəstəklənib. Ukraynaya çoxmərhələli yardım müzakirə olunub.

Sammit öncəsi Türkiyənin atdığı bəzi addımların Rusiyada qıcıq yarada biləcəyi də geniş müzakirə olunurdu. Toplantıdan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib. Rusiya əsirliyindən azad edildikdən sonra Türkiyəyə verilən “Azovstal” metallurgiya zavodunun müdafiəsinə başçılıq edən bütün ukraynalı komandirlər Ukraynaya qayıdıblar. Ankara ilə Moskva arasında əldə edilən razılaşmaya əsasən, “Azov”çular Ukraynada müharibə bitdikdən sonra qayıda bilərdilər. Ancaq Türkiyə Zelenskinin səfəri şərəfinə onları ölkəsinə qaytarıb.

Rəsmi Ankara bununla Rusiya-Ukrayna müharibəsində tutduğu tərəfsiz mövqeyini bir daha sərgiləyib. Çünki həmin komandirlər müharibənin gedişinə təsir edə biləcək güc deyillər. Yaxud Rusiya da bu məsələyə görə rəsmi Ankaraya qarşı iddia qaldıracaq gücdə deyil. Yəni ehtimal etmək olar ki, məsələyə “bir qrup hərbçiyə görə münasibətləri korlamağa dəyməz” prinsipi ilə yanaşılıb.

Çünki “Azov”çular olmadan da Ukrayna hərbçiləri əks-hücum əməliyyatı keçirirlər. Bu istiqamətdə uğurlarının olduğunu da gizlətmirlər. Belə bir şəraitdə Türkiyədəki ukraynalı hərbçilərin qaytarılması elə böyük və münasibətlərə problem yaradacaq məsələ sayılmaya bilər. Bu hadisələr fonunda Rəcəb Tayyib Ərdoğan avqustda rusiyalı həmkarı Vladimir Putinin Türkiyəyə səfər edəcəyinin anonsunu verib.

Nə qədər ziddiyyətli sayılsa da, baş verənlərə əsasən ehtimal etmək olar ki, rəsmi Ankaranın Moskvaya münasibətində elə ciddi dəyişiklik yoxdur. Türkiyə NATO-nun üzvü olduğundan fəaliyyətini nizamnamə çərçivəsində davam etdirir. Odur ki, Kreml də Türkiyə ilə əməkdaşlıq etməzdən əvvəl bu kimi məsələləri həmişə nəzərə alıb. Bu baxımdan, Rusiyanın və antitürklərin Türkiyəyə qarşı çıxışları, yozumları yersiz və əsassızdır.

NATO-nun güclənməyi həm də Türkiyənin təhlükəsizliyi və sabitliyi baxımından vacibdir. Ona görə də Alyansdakı müttəfiqlərlə problemli məsələlərdə konsensus NATO-nu daha da güclü edir.

Heç şübhəsiz ki, Türkiyənin Alyansdakı müttəfiqlərindən istəkləri var. Bunlardan biri PKK/YPG-PYD kimi terror təşkilatlarına qarşı mübarizədə dəstəklənməsidir. İsveçin Şimali Atlantika İttifaqına üzvlüyünə razılıq verilməsi terrorçuluğa qarşı birgə mübarizə baxımından Türkiyənin uğuru da sayıla bilər. Başqa sözlə, Türkiyə İraq və Suriyadan sonra PKK kimi terror təşkilatlarına qarşı mübarizəni Avropada aktuallaşdırır. Rəsmi Ankara bu istiqamətdə NATO-dakı indiki və gələcək üzvlərdən fəallıq göstərmələrini və əməkdaşlıq etmələrini istəyir. Türkiyə qərbdəki müttəfiqlərinin diqqətinə bu mübarizənin həm də onların təhlükəsizliyi üçün olduğunu bir daha çatdırıb.

Baş katib Yens Stoltenberq sammitin sonuncu günündə bildirib: “Biz qaydalara əsaslanan qlobal nizam üçün birlikdə olmalıyıq”.

Beləliklə, zirvə toplantısı NATO-nun fəaliyyətinin, ərazisinin genişlənməsinin vacibliyini bir daha sübut etdi. Bu toplantıda Rusiyanın Qərb bloku üçün başlıca təhlükə mənbəyi olduğu, Türkiyənin Alyans üçün əhəmiyyəti və rolu bir daha təsdiqləndi.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir