Siyasət

İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin təntənəsi – ŞƏRH

Sharing is caring!


Azərbaycan Ermənistanın Laçın-Xankəndi yolundan sui-istifadə etməsi və bunun nəticəsində təhlükəsizlik təhdidləri səbəbindən iki ölkənin sərhədində sərhəd-buraxılış məntəqəsi yaratdı.

Bununla Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişi üçün müvafiq şərait təmin olunacaq.

Sərhəd məntəqəsində Azərbaycan Dövlət Sərhəd Xidməti xidmət aparır. Nəhayət ki, gözlənilən hadisənin baş verməsi Azərbaycan üçün mühüm qələbələrdən biridir.

Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsi və təntənəsi kimi başa düşülməlidir.

Azərbaycan Laçın-Xankəndi yolunda sərhəd məntəqəsini yaratmaqla təkcə ermənilərin növbəti təxribatlarının qarşısını almadı, həm də öz ərazi bütövlüyünü tam bərpa etdiyini hamıya bir daha  təsdiqlədi. 

Necə deyərlər, haradan-haraya. Hələ Vətən müharibəsindən əvvəl Ermənistan yeni ərazilər üçün yeni müharibələrdən danışırdı.

Lakin sən saydığını say, gör Azərbaycan nə sayır… Azərbaycan 44 günlük Vətən müharibəsi ilə nəinki həmin doktrinanı, həm də yüz illərdir formalaşan erməni radikal ideologiyasını darmadağın etdi.

Ancaq Ermənistan yenə də məkrindən əl çəkmirdi. İrəvan müxtəlif bəhanələrlə Laçın yoluna dəhliz statusu istəyirdi. Bu azmış kimi, dəhlizin 20 kilometr enində olmasını və Ermənistanın nəzarətində olmasını təkid edirdi – bu 10 Noyabr Bəyanatının imzalanması ərəfəsi idi.

Ancaq Prezident İlham Əliyevin sərt və barışmaz mövqeyi, yolun beş km müəyyən edilməsi, üç il müddətində yeni yolun istifadəyə verilməsi və Laçın rayonunun mərkəzinin Azərbaycana qaytarılması ilə bağlı prinsipial müddəalar Üçtərəfli Bəyanatda əksini tapdı.

Yeni yol isə ilyarıma istifadəyə verildi, bununla da Laçın şəhəri və ətraf kəndlər Azərbaycanın nəzarətinə keçdi.

Bunlar da İrəvan üçün dərs olmadı, sonrakı mərhələdə Ermənistan Laçın yolu ilə Qarabağa silah-sursat daşımağı davam etdirdi, Qarabağda hərbi kontingent formalaşdırmağa cəhd göstərdi.

Eyni zamanda, Qarabağda Azərbaycanın təbii sərvətlərinin talanması və Laçın yolu ilə Ermənistana çıxarılması həyata keçirilirdi. Bunlar Azərbaycan üçün qəbuledilməz idi, dövlətin haqq səsinə ekofəallar dəstək verdilər. Onlar 2022-ci ilin dekabrında Laçın-Xankəndi yolunda etiraz aksiyasına başlayaraq (bu günə qədər davam edir) ermənilərin qanunsuz əməllərinin qarşısına sədd çəkilməsinə yardımçı oldular.

Azərbaycan 2023-cü ilin mart ayı ərzində keçirdiyi hərbi əməliyyatlarla Laçında yeni yüksəkliklərə nəzarəti bərpa etdi. Bu, Laçın yolunun girişində sərhəd-buraxılış məntəqəsinin qurulması ilə nəticələndi. Məntiqi sonluq belə də olmalı idi.

Azərbaycana qarşı kampaniyalar davam etməkdədir. Kampaniyanı təşkil edən dairələr düşünürlər ki, Azərbaycana təzyiq edəcəklər. Buna görə müxtəlif uydurma və böhtanlara əl atmaqdan belə çəkinmirlər.

Ekofəalların aksiyası başlayandan sonra xarici mediada Azərbaycana qarşı qara piar kampaniyasının əsasını guya Azərbaycanın Qarabağda etnik təmizləmə siyasəti həyata keçirməsi iddiaları təşkil edirdi. Ancaq heç bir təzyiq Prezident İlham Əliyevi öz qətiyyətli mövqeyindən geri döndərə bilmədi və bilməyəcək də! İndi də kampaniya davam edir, amma bunların faydası yoxdur.

Azərbaycan öz haqqını tələb etməkdə davam edəcək, hətta Azərbaycan Prezident Administrasiyası Qarabağ ermənilərinə reinteqrasiya və mövcud problemlərin həlli ilə bağlı müraciət edərək onların nümayəndələrini Bakıya dəvət edib. Lakin Azərbaycanın bütün çağırışları cavabsız qalıb.

Yaxşı olar ki, ermənilər bu şansı fövtə verməsinlər.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir