Siyasət

İlham Əliyev – nəslinin layiqli davamçısı, dünya azərbaycanlılarının lideri – ŞƏRH + FOTO

Sharing is caring!

“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti bu anda sadiqliyinin bariz nümunəsidir.

İlham Əliyev bu andı 19 il öncə içib. Həyatı boyu onun Azərbaycanın adı, yüksəlişi uğurunda fəaliyyət göstərdiyi məlumdur. Bunu da şərtləndirən amillər var. Öncə o, Heydər Əliyevin oğludur. Mərhum Prezidentin adı çəkiləndə SSRİ kimi böyük bir dövlətin sayılan liderlərindən biri, müstəqil Azərbaycanın yaradıcısı yada düşür. Bu sadalananlar dünya tarixinin mühüm hissələrindən biri deməkdir.

İlham Əliyev Əziz Əliyevin nəvəsidir. Azərbaycanın bu şəxsiyyətinin adı da hörmət və sevgi ilə anılır.

Prezident İlham Əliyev həm də Əziz Əliyevin komandasında ideoloji-təbliğat sahəsində fəaliyyət göstərmiş Mir Cəlal Paşayev ocağının təmsilçisi, onun nəvəsi, Birinci Vitse-Prezident Mehriban Əliyevanın ömür-gün yoldaşıdır.

Bu üç istiqamət onun həyatında önəmli rol oynayıb.

O, Heydər Əliyev kursunu davam etdirərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması istiqamətində ardıcıl fəaliyyət göstərib. Dövlət başçısının yürütdüyü daxili və xarici siyasətin əsas istiqaməti Azərbaycanın ərazi, bütövlüyü, suverenliyi və təhlükəsizliyinin təmin edilməsidir.

30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqları İlham Əliyevin fəaliyyəti nəticəsində 44 günə azad olundu. Azərbaycanın həmin bölgələrində indi quruculuq işlərinə də Prezident başçılıq edir.

İlham Əliyev dövlət başçısı olmaqla yanaşı, həm də milli ideyaların həyata keçməsinin lideri olaraq da çıxış edir. Prezident Azərbaycan türklərinin ümummilli probleminə bütün dünyanın diqqətini yönəltməklə bunu bir daha təsdiqləyir.

Odur ki, İlham Əliyevin fəaliyyətində dövlət quruculuğu, ərazi bütövlüyünün təmin olunması, firavan Azərbaycanın qurulması istiqamətində apardığı siyasi kursda dünya azərbaycanlılarının da probleminə xüsusi diqqət ayrılır.

Bu istiqamətdə fəaliyyəti ilə o, rəhmətlik Əziz Əliyev və Mir Cəlal Paşayevin milli mücadiləsini yada salır.

Son vaxtlar İranda keçirilən etiraz aksiyalarında Güney Azərbaycan türkləri aparıcı rol oynayırlar. Onlar “Azadlıq, Ədalət, Milli hökumət!” şüarı ilə çıxış edirlər.

Prezident Dünya Azərbaycanlılarının İkinci Qurultayında “Mən 50 milyonluq Azərbaycanlının Prezidentiyəm!” deməklə, əslində dünya azərbaycanlılarının məsələsinə diqqət edəcəyini vurğulamışdı. Bununla belə İranda baş verənlər fonunda Prezident yenidən Güney Azərbaycan türklərinin pozulan, tapdanan milli hüquqlarından bəhs edib.

Dövlət başçısı bu il noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında Güney Azərbaycan türklərinin milli hüquqlarının pozulmasından bəhs edib: “Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir”.

Bu, ana dilində bir siniflik məktəbi olmayan Güney Azərbaycan türklərinə qarşı Tehran hakimiyyətinin yürütdüyü assimilyasiya siyasətinə, fars şovinizminin azərbaycanlılara qarşı mədəni soyqırımına qarşı çıxışdır.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevi qəbul edərkən də bu məsələyə toxunub: “Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.

Prezident bu çıxışı ilə Güney Azərbaycan türklərinin məsələsini ümumtürk platformasında müzakirəyə çıxarıb. İlham Əliyev bununla Türk Dövlətləri Təşkilatını milli haqqı tapdanan bütün türklərin müdafiəsi uğrunda birgə mübarizə aparmağa dəvət edir.

İlham Əliyev Azərbaycan dövlətinin güclənməsi, dünya azərbaycanlıların milli hüquqlarının müdafiəsi istiqamətində mənsub olduğu nəslin layiqli davamçısıdır.

Azərbaycan adına gördüyünüz işlərdə Sizə uğurlar arzulayırıq, doğum gününüz mübarək, cənab Prezident!

“Report” İnfomasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir