Siyasət

Mollaların hakimiyyəti: İslam daxilində təfriqəçi, ianələri terrora xərcləyən rejim – ŞƏRH + FOTO

Sharing is caring!

İran yeraltı və yerüstü sərvətlərinə görə Orta Şərqin ən varlı dövlətidir. Ancaq ölkənin var-dövləti vətəndaşın rifahına deyil, hakim rejimin siyasi hikkəsinin təmin olunmasına xərclənir. İranın tanınmış və ziyalı insanları dəfələrlə hakimiyyəti dövlət büdcəsini xaricdə saxladığı təşkilatlara sərf etməkdə günahlandırıblar. İranda hakimiyyətin apardığı bu siyasət nəticəsində adambaşına düşən milli gəlir 2004-cü ildən 2020-ci ilədək ən aşağı səviyyəyə düşüb.

Tehran Ticarət və Sənaye Palatasının sədri Məsud Ənsari “Twitter” səhifəsindəki paylaşımda bunu belə dəyərləndirmişdi:

“Ötən il (2019-cu ili nəzərdə tutur, pandemiyadan əvvəl) adambaşına düşən milli gəlir 4 milyon 700 min tümən (təxminən 210 dollar) geriləyib”.

Əslində, İran əhalisinin yoxsul vəziyyətə düşməsinin əsas səbəblərindən biri Xomeyninin islam inqilabı doktrinasının transformasiyası adı altında hakimiyyətin xarici ölkələrdə yaratdığı şəbəkələrə maliyyə vəsaiti və s. xərcləməsidir. Bəs Tehran hakimiyyəti dövlətin pullarını hansı ölkələrdə xərcləyir? O, Suriya, İraq, Yəmən, Fələstin, Livan, Əfqanıstan, keçmiş sovet respublikaları, Aİ-nin bəzi ölkələri, Afrikanın şimalındakı dövlətlər, Çin, Hindistan, Pakistan, Latın Amerikasının bir sıra ölkələri, ABŞ, NATO, İsrail, Səudiyyə Ərəbistanında maraqlarını təmin etmək üçün külli miqdarda maliyyə vəsaiti sərf edir.

İran Bəhreynə də silah-sursat göndərir. Orada silahlı qruplaşma, o cümlədən “əl-Əştər” briqadası iranlılar tərəfindən təlimatlandırılır. İran 2020-ci ildə Livanda “Hizbullah”a 700 milyon dollar yardım edib. Hər gün Yəməndə husi qiyamçılarının Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri istiqamətində atdıqları raketlər adi İran vətəndaşlarının çörəkpulu hesabına hazırlanır. Məsələn, ötən ilin fevral-iyun aylarında ABŞ Hərbi Dəniz Qüvvələri Yəməndəki husi qiyamçıları üçün nəzərdə tutulan, İran istehsalı olan 1 700 avtomat və 170-dən artıq raket ələ keçirib.

İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdə fəaliyyət göstərən “Qüds” adlı qoşunu var. “Qüds”ün müxtəlif idarələri mövcuddur: Türkiyə, Qərb ölkələri bazası, keçmiş SSRİ ölkələri, İraq, Əfqanıstan, Pakistan, Hindistan, İsrail, Livan, İordaniya, Şimali Afrika, Ərəb yarımadası ölkələri. Bu təşkilatın maliyyələşməsi gizlidir. O, İranın ali rəhbəri Xameneiyə tabedir. Bəzi mənbələr onun “Bank of Kunlun” maliyyə qurumu tərəfindən dəstəkləndiyini də bildirirlər. Bu bank Çinin “China National Petroleum Corporation” şirkətinin törəməsidir.

İran İraqda terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə adı altında “Xalq Səfərbərlik Qüvvələri” (Həşdi Şəbi”) adı ilə də hərbi birləşmə yaradıb. Onun tərkibində yeddi silahlı qrup var. Onların sayının 100-150 min olduğu bildirilib. İraq İŞİD-dən təmizlənsə də, “Həşdi Şəbi” hələ də bu ölkədə fəaliyyətini davam etdirir. Başqa sözlə, İran bu qoşuna dövlət büdcəsindən milyonlarla maliyyə vəsaiti xərcləyir. Tehran xarici ölkələrdə qoşunlar saxlamaqla ölkəsinin təhlükəsizliyi adı altında hakimiyyətin qalmasını və əhəmiyyətsiz doktrinanın yayılmasını təşkil edir. İran həmin qruplaşma tərəfindən İraqı bir növ işğal edib.

Yeri gəlmişkən, qeyd edək ki, 1979-cu ildən İran hakimiyyətinin adı 40-dan çox ölkədə törədilən terror hadisələrində hallanır. Bundan başqa, Tehran rejimi beynəlxalq miqyasda 360-a qədər məqsədyönlü qətlləri, eləcə də yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olan kütləvi partlayışları təşkil edib. Bu terror aktlarını və silahlı hücumları, ilk növbədə, İran İnqilab Keşikçilərinin “Qüds” qoşunu, İran İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi (ETTELAAT), üçüncü ölkələrdəki etibarlı şəxsləri, məsələn, “Hizbullah” törədib. 1994-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə 85 nəfərin ölümü ilə nəticələnən Yəhudi Mədəniyyət Mərkəzinin partladılmasında ETTELAAT-ın ovaxtkı şefi Əli Fəllahianın, İran səfirliyinin mədəniyyət üzrə attaşesi Əhmədrza Əsgərinin adları hallanır. Yaxud 2018-ci ildə Avstriyada səfirlikdə işləyən Əsədullah Əsədi terror fəaliyyətində şübhəli bilinərək hazırda Belçikada həbsdədir.

Ümumiyyətlə, 1984-cü ildən İran dünyada terrorçuluğu himayə edən dövlət olaraq tanınır. Ölkənin əsas güc strukturu sayılan qvardiya terrorçu təşkilat siyahısındadır. İran hakimiyyətinin pozuculuq əməlləri təkcə terrorlar törətməklə bitmir. O, din pərdəsi altında dünya müsəlmanları arasında da ikitirəlik yaradır. Təriqəti din səviyyəsində təbliğ edir. İran mərkəzli fars düşüncə sisteminin daşıyıcısı olan bu rejim dünyada adı və pərdəsi altında gizləndiyi məzhəbə hücum olduğunu təbliğ etməklə də islama ziyan vurur, onu parçalayır, birliyi əngəlləyir. İran-İraq müharibəsi zamanı Xomeyni Kərbəla və Nəcəfi düşmənlərdən (o vaxt Səddam Hüseyni nəzərdə tuturdu) azad edib, Kəbəni də kafirlərdən təmizləyəcəklərini bəyan etməklə də islam düşmənçiliyi toxumunu səpirdi.

İslam dinində vacib əməllərdən biri Kəbənin ziyarətidir. Tehran hakimiyyəti bu ziyarətin əhəmiyyətini azaltmaqla da islamı təhrif edir. İran hakimiyyəti müsəlmanların bu müqəddəs ibadət ocağında müxtəlif terrorlar törətmək və ya təşkil etməklə oranı təhlükəli yerə çevirməyə çalışır. Bununla da müsəlmanların ora səfərinin qarşısını almağı hədəfləyir. 1979-cu il noyabrın 20-də, Məhərrəm ayının birində Məkkədə törədilən terror aktı nəticəsində 255 nəfər ölmüş, Səudiyyə Ərəbistanının 400-dən çox hərbçisi yaralanmışdı. Bu terror aktında daha çox İran hakimiyyətinin adı hallanırdı. Çünki bu hadisədən 16 gün əvvəl, noyabrın 4-də ABŞ-nin Tehrandakı səfirliyinin 52 əməkdaşı girov saxlanılmışdı. Bu hücumun məsuliyyətini “İmam Xomeyni yolunun davamçıları” üzərlərinə götürmüşdülər. Onda Ruhullah Xomeyni səfirliyin işğalını “ikinci inqilab” kimi səciyyələndirmişdi.

Məkkəyə hər il orta hesabla dünyanın müxtəlif yerlərindən 2,5-3 milyon zəvvar səfər edir. Koronavirus təhlükəsi səbəbindən 2022-ci ildə həccə bir milyon zəvvar gedib.

İranın apardığı təbliğat və təfriqəçilik nəticəsində bu il Məhərrəm ayının 10-cu günü İmam Hüseynin xatırlanması üçün Kərbəlaya 21 milyondan çox zəvvar səfər etdiyinə dair xəbər yayılıb. İranın İmam Hüseynin Ziyarətgahı İdarəsinin Baş Katibliyi bildirib ki, bu il tədbirə 21 198 640 nəfər qatılıb. Müqayisə üçün qeyd edək ki, ötən il iştirakçıların sayı 16 milyon 327 min nəfər olub.

İran hakimiyyətinin bu ziyarətləri təşkil etməkdə məqsədlərindən biri öz siyasi-ideoloji xəttinin dünyadakı havadarlarının sayını nümayiş etdirməkdirsə, digəri də pul qazanmaqdır. Ərbəin, Məşhəd, Qum və s. ziyarətgahlardan əldə edilən maliyyə vəsaitləri isə elə müsəlman ölkələrində törədilən terrorlara və başqa pozuculuq əməllərinə xərclənir. İran hakimiyyəti müsəlman ölkələrində iğtişaşları da həmin pullarla törədir. Həmin pullar həm də Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün Ermənistana yardım kimi verilirdi. Bu gün də Tehran İrəvana yardım edir. Odur ki, İrandakı rejim ziyarətgahlardan topladığı maliyyə vəsaiti hesabına Ermənistana silah, hərbi texnikanı ucuz qiymətə satır. Onun Azərbaycana qarşı güclənməsinə yardım edir. Bu kimi məsələlər İranın islam dünyası daxilində pozuculuq fəaliyyətini təsdiqləyir. Tehran hakimiyyətinin fəaliyyət istiqamətləri daha çox müsəlman dövlətləridir. O, adi inanclı zəvvarlardan topladığı ianələri həmin dövlətlərin ərazilərində öz çirkin niyyətlərini həyata keçirməyə sərf edir. Çünki İrandakı hakimiyyət heç vaxt islama xidmət etməyib. O, panfarsçı düşüncənin daşıyıcısı olduğu üçün daim türk, ərəb və fars olmayan region dövlətlərinə qarşı gizli və açıq düşmənçilik aparıb…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir