Müsahibə

Yaşar Niyazbayev: “Bir millət, iki dövlət” prinsipi əksər türk siyasətçilərinə yaxındır” – MÜSAHİBƏ

Sharing is caring!

“Martın 31-də Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçki demokratiyanın təzahürü oldu”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Səsvermənin nəticələri bütövlükdə ölkədə müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) təxminən iki faiz az səs toplayan hakim Ədalət və İnkişaf Partiyasını məyus edib. Eyni zamanda, bütün böyük şəhərlərdə CHP nümayəndələri qalib gəliblər. Bu, hakim partiyanın son illərdəki ən ağır məğlubiyyətidir.

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyə hökuməti seçkidən sonra lazımi dərsi alıb.

“Yekunlara əsasən ciddi nəticələr çıxaracağıq. Millətimizin qərarına laqeyd yanaşmayacağıq, onun iradəsinə zidd hərəkət etməyəcəyik və onu şübhə altına almayacağıq”, – o əlavə edib.

Seçkini Türkiyə üzrə ekspert, “MK-Türkiyə”nin baş redaktoru Yaşar Niyazbayev Oxu.Az-a şərh edib.

– Ədalət və İnkişaf Partiyasının yerli seçkidə məğlub olmasının səbəbi nədir? Məsələn, bəzi mənbələr iddia edirlər ki, bu məsələdə İsveçdə Quranın dəfələrlə təhqir olunmasına rəğmən, Ankaranın Stokholmun NATO-ya daxil olmasına razılıq verməsi rol oynayıb.

– Hesab edirəm ki, burada bir sıra amillərin kombinasiyası öz işini gördü. Amma onlardan ən başlıcası ölkədəki iqtisadi vəziyyətdir. Türkiyə vətəndaşları hər zaman həyat səviyyəsində baş verən dəyişikliklərə həssaslıqla yanaşıblar və heç kimə sirr deyil ki, bu səviyyə nəzərəçarpacaq dərəcədə azalıb. Bildiyiniz kimi, hazırda Türkiyədə inflyasiya səviyyəsi yüksəkdir.

– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi gücünün məğlubiyyətinə reaksiyası çox sakit və maraqlı oldu. O bildirdi ki, Türkiyə hökuməti bu imtahandan keçə bilməyib, lakin seçki yenə də Türkiyə demokratiyasının qələbəsidir.

– Hətta Rəcəb Tayyib Ərdoğanın qızğın əleyhdarları da onun xalqın iradəsinin nəticələrinə, xalqın verdiyi qərara böyük hörmətlə yanaşdığını həmişə qeyd ediblər. Yadımdadır, cəmi bir dəfə, 2019-cu ildə İstanbulda keçirilən bələdiyyə seçkisində namizədlərin nəticələri, demək olar ki, eyni idi, ancaq müxalifətin namizədi Əkrəm İmamoğlunun minimal üstünlüyü vardı, o zaman təkrar seçkinin keçirilməsi ideyası yaranmışdı. Lakin Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım yenə uduzdu.

Ancaq hər halda, artıq dediyim kimi, Rəcəb Tayyib Ərdoğanın seçki prosesinə, ya da türklərin dedikləri kimi, seçki qutusuna hörməti var. Bundan əlavə, nəzərə almalıyıq ki, 31 martda keçirilən seçkidə CHP ilə hakim partiya arasında böyük fərq var idi.

Türkiyə prezidentinin səsvermənin nəticələrinə yumşaq reaksiyasına çoxlarının təəccüblənməsi isə Rəcəb Tayyib Ərdoğanın hər zaman kəskin, aqressiv seçkiqabağı kampaniya aparması ilə bağlıdır. Amma seçkidən sonra Ədalət və İnkişaf Partiyasının qalib gəlib-gəlməməsindən asılı olmayaraq, ritorika həmişə yumşalır. Xatırladaq ki, prezident seçkisindən sonra Ərdoğan bütün Türkiyə vətəndaşlarının qalib gəldiyini demişdi.

– CHP ilə Ədalət və İnkişaf Partiyası arasında böyük fərqdən danışdınız. Ancaq 2-3%, həqiqətən, ciddi fərqdirmi?

– 2-3% bütün Türkiyə daxilindədir. Böyük şəhərlərdə isə fərq 10% və hətta 30% idi. Bəli, bu, ciddidir. Ədalət və İnkişaf Partiyası 2009-cu ildən bəri bələdiyyə seçkisində bu qədər az səs almayıb. Rəcəb Tayyib Ərdoğan partiyasının məğlubiyyəti ilə bağlı qeyd edib ki, bu, son deyil, dönüş nöqtəsidir. Bəlkə də, bu, həqiqətən, belədir.

– KİV yazır ki, Türkiyədə növbədənkənar prezident seçkisi ilə bağlı çağırışlar var, lakin hakimiyyət bunun qəti əleyhinədir.

– Bu çağırışlar o qədər də ciddi deyil. Müxalifətin qalib gəldiyi aydındır və indiki məqamdan yararlanmaq istəyir. Amma reallıqda növbədənkənar prezident seçkisi üçün heç bir zəmin yoxdur. İqtisadi vəziyyət ağırdır, amma kritik deyil. Rəcəb Tayyib Ərdoğan isə özünün dediyi kimi, bu seçkidən nəticə çıxardı.

– Mövcud administrasiya və parlamentin tərkibi ilə yaxın dörd ildə Türkiyənin Rusiya və Cənubi Qafqazla bağlı siyasəti dəyişə bilərmi? Mümkün hakimiyyət dəyişikliyindən sonra nələr ola bilər? Axı Rəcəb Tayyib Ərdoğan son yerli özünüidarə orqanlarına seçkinin onun siyasi karyerasında sonuncu olduğunu, bundan sonra isə ölkə üçün məsuliyyətin gələcək nəslə keçəcəyini demişdi.

– Rusiya ilə bağlı məsələyə gəldikdə, Qərbin Türkiyəyə iqtisadi əməkdaşlıqla əlaqədar təzyiqi mövcuddur. Təzyiqin artacağını istisna etmək olmaz. Burada, sadəcə, vəziyyəti müşahidə etmək lazımdır. ABŞ-də hakimiyyətə kim gələcək, Qərb liderləri ilə Türkiyə rəhbərliyi arasında münasibət necə olacaq, Rusiya ilə Ukrayna arasında münaqişə ilə bağlı hansı hadisələr baş verəcək. İndi konkret bir şey demək üçün tezdir, çünki bu məsələ ilə bağlı bir çox amillər var.

Əgər dörd ildən sonra nəzəri cəhətdən Əkrəm İmamoğlu İstanbul bələdiyyə seçkisindəki qələbəsi sayəsində öz mövqeyini nəzərəçarpacaq dərəcədə gücləndirərək prezident seçkisində qalib gəlsə, o zaman mənə elə gəlir ki, o, Rəcəb Tayyib Ərdoğan kimi Türkiyənin maraqlarını qoruyaraq, eyni praqmatik, əsasən, bitərəf mövqe tutacaq.

– Bu, Rusiya ilə bağlı məsələdir, bəs Cənubi Qafqaz, Türkiyənin Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münaqişəsinə yanaşmaları necə olacaq?

– Aydındır ki, Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyənin Cənubi Qafqaz siyasəti dəyişməyəcək. Amma Əkrəm İmamoğlunun nəzəri qələbəsini fərz etsək də, çətin ki, bu dəyişsin. Bəli, o, əvvəllər o qədər də türk dövlətlərinə diqqətini cəmləmirdi, amma Türkiyə Cümhuriyyətinin siyasi xətti var, indi bu yoldan heç kim geri çəkilməyəcək. Prezident Abdullah Gülün dövründə “futbol diplomatiyası” dövrü olub, hətta Türkiyə ilə Ermənistan arasında “Sürix protokolları” imzalanıb. Amma onlar heç vaxt ratifikasiya olunmayıb, bu artıq keçmişdir. Yeri gəlmişkən, burada Azərbaycan faktoru özünü göstərib. Azərbaycan və Türkiyəyə münasibətdə “Bir millət, iki dövlət” prinsipi türk siyasətçilərinin əksəriyyətinə yaxındır.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir