Müsahibə

Qurban Qurbanov: “Çempionat oyununa düşündüyümüz kimi kollektiv şəkildə hazırlaşa bilmədik” – MÜSAHİBƏ

Sharing is caring!


“Çempionat oyununa görə tam düşündüyümüz kimi kollektiv şəkildə hazırlaşa bilmədik”.

Bunu Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Helsinki” ilə cavab görüşü üçün Finlandiyaya yollanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Sportinfo.az-a müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

– Finlandiya səfərində “Qarabağ”a ümidlər çoxdur. Komandada vəziyyət necədir?

– Biz də çox istəyirik, çox istəkliyik. Pis hazırlaşmamışıq. Baxmayaraq ki, çempionat oyununa görə tam düşündüyümüz kimi kollektiv şəkildə hazırlaşa bilmədik. Amma ümumən hazırlığımız pis keçmədi. Yaxşı oyun və yaxşı nəticə ilə Bakıya dönməyi istəyirik. Bunun üçün maksimum güc sərf edəcəyik.

– Avropada süni örtüklü meydançalar Azərbaycandakından daha yaxşıdır. Amma istənilən halda, bu, “Qarabağ”a problem yarada bilər? Oyundan öncə məşqləri süni örtüklü meydanda etdiniz?

– Xeyr, bunu etməyə vaxtımız olmadı. Süni örtük futbolçuları çox yorur. Belə riskə getmədik. Bu gün məşqimizi elə həmin meydanda edəcəyik. Uyğunlaşmalıyıq, başqa çıxış yolumuz da yoxdur.

– “Qarabağ” mərhələni keçərsə, rəqibi də bəllidir, “Olimpiya” ilə qarşılaşacaq. Onların “Qalatasaray”la oyununu izlədiniz?

– Yox. Əsas öz oyunumuza baxırdım.

– “Rakuv” dünən “Aris” səddini də keçdi. Bu sizin üçün gözlənilməz oldu?

– Xeyr. Əvvəl də demişdim ki, “Rakuv” bərk komandadır. Çox intizamlı kollektivdir. İnanıram ki, layiq idilər. Çünki çox istəkliydilər. Bunu ilk oyunda da gördük. Görünən odur ki, onlar həmin mərhələyə daha çox layiq idilər. Ona görə kim hara layiqdir, onu da istəyirik. Futbol elə idman növüdür ki, həmişə istədiyini əldə edə bilmirsən, həmişə güclü qalib gəlmir. “Rakuv” sıfırdan qurulan komandadır. Az vaxtda çox böyük işlər görüblər. Klub olaraq böyük istəklə işləyirlər. Nəticələri də göz önündədir.

– “Rakuv”un Çempionlar Liqasında qruplara qalmaq şansı var. Son illər “Qarabağ”ın uduzduğu komandaların daha da irəlilədiyini görürük. Bunu nəyin göstəricisi hesab etmək olar?

– Fərqli fikirlər söyləmək olar. Amma mən bu rəqibə ciddi yanaşırdım. Həmişə Polşa futboluna çox ciddi yanaşmışam. Çünki çox ölkələrin futbolunda olmayan intizam var onlarda. Sanki alman nizam-intizamı ilə bir-birinə çox bənzəyir. Ola bilər kənardan hər şey sadə görünsün. Amma oyunun, işin içində tam fərqli görüntülər olur.

– Komandanın üzərində təzyiq var idi. “Helsinki” və “Turan Tovuz” qələbələrindən sonra bu mənfi atmosfer komandanın üzərindən götürülüb?

– Müəyyən ölçüdə demək olar ki, götürülüb. Həyəcan hər bir halda var. Həyəcan olmayan oyun yoxdur. Oyundan əvvəl yaxşı tərəfini daha çox fikirləşirsən, amma pis tərəfini də düşünürsən ki, görəsən nə ola bilər. Həyəcan həmişə var, bu da normaldır. Həyəcan varsa, məsuliyyət də var.

– Transfer pəncərəsinin bağlanmasına az qalıb. Heç bir problem çıxmasa, “Qarabağ”la müqavilə imzalamaq üçün yolda olan futbolçu var?

– Yolda olan deməzdim, amma danışıq apardığımız oyunçu var. Ola bilər ki, dəyişiklik olsun.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir