Dünya

Avropa üçün pis və yaxşı separatizm

Sharing is caring!


Konfliktoloq Rüstəm Qaraxanlı yazır…

Cənubi Qafqazda həyati marağı olmayan və erməni diasporunun xüsusi fəaliyyəti ilə seçilməyən İspaniya son bir ayda iki dəfə Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edib. Özü də hökumət və ya XİN deyil, Moskvadakı səfirliyi vasitəsilə. Əvvəl Laçın sərhəd-buraxılış məntəqəsi ilə əlaqədar paylaşım edən diplomatik nümayəndəlik bu dəfə Ermənistanda məskunlaşan, əslən Qarabağdan olan 250 erməni ailəsinə ediləcək maddi yardımla bağlı paylaşıma separatçıların bayrağını da əlavə edib. Səfirlik rəsmi Bakının sərt reaksiyasından dərhal sonra paylaşımı yığışdırsa da, necə deyərlər, olan oldu və çətin unudular. 

Adi ölkələrdən birində deyil, məhz Moskvadakı səfirliyin etdiyi paylaşımın Madridlə razılaşdırılmamış edilməsi inandırıcı deyil. İkinci Qarabağ savaşından sonra bir sıra Avropa dövlətlərinin erməni azlığına daha çox hüquq qoparmaq məqsədi ilə Azərbaycana yönəlik təzyiqləri separatizmə dəstəyin klassik təzahürüdür. Separatizm dövlətin bir hissəsinin ondan ayrılmasını (“separatus” – ayrı) nəzərdə tutan siyasi və ya hərbi-siyasi hərəkətdir. Müasir politologiya separatizmi öz müqəddəratını təyin etmənin ən radikal və qatı forması hesab edir. Separatizm beynəlxalq, regional və milli dövlət quruluşunun sabitliyini silkələməyi hədəfləyən dezinteqrasiya prosesidir. Bu əlamətlərin hər üçünü Qarabağda son 30 ildə izləyirik. 

Avropanın Ermənistana və Qarabağdakı etnik separatizmə vətəndaş cəmiyyəti, media və ya dövlət səviyyəsində (parlamentlər, parlamentarilər, bələdiyyələr) dəstək verən ölkələrinin hər birində separatizm gündəmi mövcuddur. Azərbaycana qarşı açıq təhdidedici addımları ilə “önə çıxan” Fransa daxili separatizm təhlükəsi ilə ən çox üz-üzə qalan dövlətdir. Fransada cəmiyyətin və siyasi palitranın (həm sollar, həm də sağlar) kəskin etirazı ilə qarşılanmasına baxmayaraq, parlament tərəfindən separatizmə qarşı xüsusi qanun qəbul edilib. Makron hakimiyyətinin ən qalmaqallı addımlarından biri hesab edilən bu qanun rəsmən “Respublika prinsiplərinə hörməti möhkəmləndirən qanun” adı ilə pərdələnsə də, aydındır ki, hədəf son illərdə daha qabarıq şəkildə büruzə verilən separatizmlə mübarizənin sərtləşdirilməsidir. Fransa korsikalılara ana dilində danışmağı qadağan edir. Fransanın daxili işlər naziri Jerald Dermanenin dili ilə Korsikaya daha çox azadlıqlar verəcəyini elan etməsindən ilyarım keçir, ancaq bu istiqamətdə heç bir yenilik gözə dəymir. Üstəgəl, ölkənin şimal-şərqində Normandiya, Cənubi Flandriya, Burqundiya və Elzasda, cənubunda Oksitaniya, Nitsa və Savoyada, cənub-qərbində Şimali Baskoniya və Şimali Kataloniyada separatizm ocaqları mövcuddur… Bu arada fransızların özlərinin başı isə uzaq ölkələrdəki separatizmə dəstək verməyə qarışıb. 

XXI əsrdə separatizm tamamilə fərqli fenomenin məhsuludur. Ələlxüsus da Avropada. Müqəddəratı təyinetmənin ən sərt və qatı forması olan müasir separatizm milli dövlətlərin yaşadıqları böhranın göstəricisidir. Milli özünüdərklə yanaşı multikulturalizmin fəsadlarından qaynaqlanan köçkünlərin artan tələb və ehtiyacları fonunda separatizm təzahürləri daha gerçək cizgilər alır. Analoji vəziyyət qitənin digər ölkələrində də mövcuddur – İspaniyadan tutmuş Belçikayadək. XV əsrdən İspaniyanın tərkibində olan Kataloniyada müstəqillik hərəkatının bir neçə əsrlik tarixi var. Katalonlar İspaniya nüfuzunun təqribən beşdəbirini təşkil edir. ÜDM-də 20%-lik paya sahib olan Kataloniya iqtisadiyyatı İspaniyanın kasıb bölgələri – Valensiya, Andalusiya, Mursiya üçün həyat mənbəyidir. 2009-15-ci illərdə keçirilmiş bir neçə referendumda əhalinin 80-90% müstəqilliyə səs versə də, nə ispan hökuməti, nə də Avropanın siyasi institutları katalonların iradəsi ilə hesablaşmır. İspaniya konstitusiyasında mərkəzi hakimiyyətlə razılaşdırılmamış referendumun qanuni sayılmasını əks etdirən maddə yoxdur. Üstəlik, 155-ci maddəyə əsasən, mərkəzi hakimiyyət belə tendensiyalara qarşı hərbi güc tətbiq etmək iqtidarındadır. 1968-80-ci illərdə terror vasitəsilə 850 nəfərin həyatına son qoymuş bask separatizminin isə hədəfi İspaniyadan Biskaya, Gipuskoa, Alava və Navarra, habelə Fransadan Sul, Labur və Aşağı Navarra bölgələrini qoparmaqdır.

Belçikanın şimalıdakı Flandriyada əhalinin 55% yaşayır. Əmək məhsuldarlığı iqtisadi cəhətdən geridə qalan Valloniyadan 20% çoxdur. Mövcud olan dil səddi ilə yanaşı iqtisadi qeyri-bərabərlik Belçikada Flandriya separatizminin əsas mayesini təşkil edir. Niderlandilli flandriyalılar hesab edirlər ki, fransızdilli valloniyalıların iqtisadi dolanışıqları onların hesabına başa gəlir. Bu səbəbdən Flandriya muxtariyyətini genişləndirməyə can atır, Valloniya isə istənilən dəyişikliyə qarşı çıxır. 

İqtisadi cəhətdən Avropanın ən qüdrətli dövləti olan Almaniyada da separatizm meyilləri yox deyil. 1871-ci ildən Almaniyanın tərkibində olan Bavariya ölkənin iqtisadi cəhətdən ən uğurlu bölgəsidir. İqtisadi dominantlıq bavar separatizminin mənbəyi rolunda çıxış edir. Bavariyalıların fikrincə, mərkəzi hökumət onların hesabına iqtisadi cəhətdən geri qalan torpaqlara dəstək verir. Almaniya konstitusiyasında torpaqların dövlətdən ayrılmasına dair qadağa olmadığı kimi, onların bunu necə edə bilməsi proseduru da yoxdur.

“Qoca qitə” üçün sanki pis və yaxşı separatizm var: daxillərində analoji problemlərin olmasına rəğmən bu virusdan əziyyət çəkən digər ölkənin iç işlərinə qarışır və onun dövlətçiliyinə qarşı yönəlmiş qəsdlərə bu və ya digər formada dəstək verirlər. İspaniyanın Moskva səfirliyi vasitəsilə etdikləri ənənəvi üsullardan fərqli bir ilkdir. Müasir etnik separatizmin komanda qərargahları münaqişə ocaqlarından kənarda fəaliyyət göstərir. Öz daxillərində azadlıq, muxtariyyət və daha geniş hüquqlar tələbini boğan güc sahibləri həmin alətlərdən kiçik dövlətlərə münasibətdə məharətlə istifadə edirlər. Şüşə evdə yaşayan birinin qonşusuna daş atması nə dərəcədə rasional addımdır?

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir