Müsahibə

Qurban Qurbanov: “Şahruddinə güvənim sonsuzdur, bacarıqlı qapıçıdır” – MÜSAHİBƏ

Sharing is caring!


“Şahruddinə güvənim sonsuzdur. Bacarıqlı qapıçıdır. Komandanın hücumlarının qurulmasında böyük rol oynayır”.

Bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov hava limanında Sport24.az saytının əməkdaşının suallarını cavablandırarkən deyib.

Onunla müsahibəni təqdim edirik:

– “Rakuv”a qarşı matçı necə dəyərləndirirsiniz?

– Görüşdən sonra mətbuat konfransında dediyim kimi, oyundan razı qaldım. İntizamlı komandaya qarşı oynayırdıq. 90 dəqiqə ərzində rəqibə çətinliklər yaşatmağa çalışdıq. Məncə, pis də alınmadı. Ümumən maraqlı görüş baş tutdu. Hesab edirəm ki, bu qarşılaşma futbolçularımın qarşıdakı oyunlarda daha da inamlı görünməsi üçün bir səbəb oldu.

– Komandanız 0:2-dən sonra hesabı  2:2-yə gətirdi. Bu o deməkdir ki, “Rakuv”a qarşı oynamaq mümkündür…

– Təbii ki, “Rakuv”a qarşı oynamaq mümkündür. 0:2-dən sonra dönüş etmək uğurlu nəticə idi. Sonda qol buraxdıq. Hesab 2:2 olarkən üçüncü qolu da vura bilərdik. Bunun üçün şanslarımız da var idi. Rəqib də bizi çox ciddiyə almışdı və bunu ilk dəqiqələrdən hiss etdik. “Rakuv”un bizim düşünmədiyimiz bəzi hücumları vardı. Çalışmalıyıq ki, Bakıdakı matçda həmin hücumların qarşısını alaq və kollektiv olaraq bəzi diqqətsizlikləri aradan qaldıraq.

– “Qarabağ”ın qapısında gördüyü qolları necə qiymətləndirirsiniz?

– İlk qolun qarşısını almalıydıq, ümumiyyətlə həmin hücumun qarşısı alınmalı idi. Çünki bilirdik ki, rəqib bu tərz hücumlar edir. Kuryoz qol alındı, top Elvinin ayağına dəydi. Futbolda belə hallar olur. Bir komanda səhv etməlidir ki, digər də bundan yararlansın.

– Şahruddin Məhəmmədliyevə buraxılan ikinci qol necə təsir edib? Yəqin ki, psixoloji olaraq özünü yaxşı hiss etmir?

– Təbii ki, bu qol ona təsir etməmiş olmaz. Bu cür epizodlarda daha diqqətli olmaq lazımdır. Düzdür, top yumrudur, bəzən reaksiya gözlənilən kimi olmur. Amma Şahruddinə güvənim sonsuzdur. Bacarıqlı qapıçıdır. Komandanın hücumlarının qurulmasında böyük rol oynayır.

– Oyundan əvvəl və matçın gedişində zədələnən Marko Veşoviçlə Elvin Cəfərquliyevin vəziyyəti necədir?

– Elvində problem olmamalıdır. Cavab matçında, məncə, oynaya biləcək. Sabah dəqiq bilinəcək. Veşoviçin durumu problem yaradacaq. O da sabah MRT-dən keçəcək. Ola bilər ki, uzun müddət kənarda qalsın.

– Cavab oyununun Tofiq Bəhramov adına Respublika stadionunda deyil, Bakı Olimpiya Stadionunda olması komandanıza mənfi təsir göstərməyəcək?

– Tofiq Bəhramov adına Respublika stadionu hamımıza doğma meydandır. Orada özümüzü daha komfort hiss edirik. Amma neqativ fikirlərdən uzaq olmalıyıq. Səfərdə 2:3 hesabı ilə uduzmuşuq, sanki böyük həyəcan var, təşviş var. O səhv elədi, belə oynadıq, çox qol buraxdıq və s. Belə düşünsək, futbolçulara da mənfi təsir etmiş olarıq. Uduzsaq da, uduzacağıq. Futboldur bu. Səfərə təbii ki, uduzmaq üçün getməmişdik. Bəzən hər şey kənardan rahat görünə bilər. Amma elə deyil. Futbolçular 90 dəqiqə Polşa çempionuna qarşı pressinq edirsə, bu, müsbət haldır. Çalışıb Bakıda daha yaxşı, daha dinamik oynamalıyılıq. Stadion və başqa amilləri düşünməməliyik. Səfərdə gərgin deyildik, uşaqlarda yaxşı konsentrasiya var idi. Robot deyilik ki, 90 dəqiqə rəqibi topsuz saxlayaq.

– Cavab oyunu üçün azarkeşlərə çağırış etmək istərdiniz?

– Azarkeşlərimiz həmişə yanımızda olublar. Bundan sonra da bizi dəstəkləyəcəklərinə əminəm.

– Dünən 2 qol vuran Redon Cicanın çıxışına necə qiymət verirsiniz?

– Onun qollar vurmasına sevinirik. İnşallah, daha da yaxşı olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir