Müsahibə

Zümrüd Qasımova: “Oktyabrın 18-də toyum olacaq” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Ərimə yalvarırdım ki, məni boşasın, razı olmurdu”

Bu sözləri Lent.az-a müsahibəsi zamanı aktrisa və aparıcı Zümrüd Qasımova deyib.

Həmin müsahibəni təqdim edirik:

– Zümrüd xanım, eşitdim həyat yoldaşınızla rəsmən boşanmısınız və onunla yenidən toyla büsatla evlənəcəksiniz. Toy nə zamandır və bu arzu necə yarandı?

– Bizim toyumuz olmamışdı. 15 il öncə mən ona qoşulub qaçmışdım. Sadə bir nikahla evlənmişdik. Həmişə istəmişdim toyum olsun. Amma belə gətirdi. O bir dəfə evlənib ayrılmışdı, mən də dedim sevdiyim insan yanımda olsun yetər. Bu yaxınlarda bir sənəd məsələsi ilə bağlı boşanmalı olduq. Daha doğrusu sənədləşmə uzanırdı deyə boşanıb yenidən o sənədləri əldə etmək daha asan idi. Ərimə yalvarırdım ki, məni boşasın, razı olmurdu. Bilirdi ki, sonra razı salmaq çətin olacaq (gülür). Boşandıq, yəni rəsmən boşanmışıq. Yenidən evlənmək məsələsi gələndə dedim yox, evlənmirəm, gərək mənə toy edəsən. Səadət Sarayında yenidən kəbin kəsdirək. O da razılaşdı. Həyatımızı adilikdən çıxarıb rəngləndirmək lazımdır axı. Mən rəngarəngliyi sevirəm. Ümumiyyətlə, mənimlə darıxmaq olmaz.

– Yenidən elçi gələcək sizə? Sizi sizdən istəyəcək?

– Bunu düşünməmişdim, ola bilər (gülür). əslində belə şeylərdən xoşlanan insan deyil. Oktyabrın 18-də bizim tanış olduğumuz gündür. 15 illik evliliyimizi bu toyla taclandıracağıq. 50 nəfər dostumuzu başımıza toplayıb toy edəcəyik. İyunun 30-da olası idi, rəfiqəmin atasını qətlə yetirdilər deyə təxirə saldıq. İndi ondan icazə istəyəcəyəm. Əhvalımız xoş olsa, toyumuz olacaq.

– Qadınlar ərlərindən boşanmasınlar deyə mübarizə apararkən siz özünüz yalvardınız?

– Nə olacaqsa olacaq. Həm də ona arxayınam. Biz o qədər ayrılıb barışmışıq ki.

– Niyə?

– Həyatım rəngli, maraqlı olmalıdır. Başqa cür yaşaya bilməzdim. Rəngarənglik sevgini diri saxlayır. Qadın və kişi sona qədər bir-birilərini tanımamalıdırlar. Həmişə bir sirr olmalıdır.

– Siz çılğın bir aktrisa, o sərt peşə sahibi – hüquqşünas…

– Yaradıcı ruhu da var. Şeirlər yazır, şeirlərinə mahnılar bəstələnib. O çox fərqli insandır, çox savadlıdır, dərindir.

– Siz ailə qurarkən ailəsi narazılıq etmişdi. Nə üçün? Ona görə ki, aktrisa idiniz, yoxsa aparıcısı olduğunuz gecə proqramında təqdim etdiyiniz fərqli obrazın bunda rolu olmuşdu?

– O siyasətçi ailəsində doğulmuşdu. Konservativ bir ailə konservativ gəlin arzulayırdı. Aktrisa istəmirdilər. Sonda sevgi qalib gəldi. Zaman çox şeyi öz yoluna qoyur. Qayınanam məni çox istəyir. Sadəcə uzun illər görüşməmişdik. Bu yaxınlarda görüşdük. Həyat şərtləri belə tələb etdi.

– Yoldaşınızın birinci xanımından övladı var. Görüşürlər?

– Bəli. Balaca deyillər və istəsələr, qapımız onlara həmişə açıqdır.

– Sizin övladınız olmadı?

– Yox.

– Arzu edirsiniz?

– Yox. Sağlığımla əlaqədar ana ola bilmədim. Həyatım üçün riskli idi. Bir ara övladlığa uşaq götürmək istədik. Mən genetikaya çox inanıram. Ona görə cəsarət etmədim. Bacımın uşaqları var, onlar mənə övladdırlar.

– Sanki daha çox siz sevmisiniz, daha çox siz güzəşt etmisiniz?

– Yox. O daha çox sevib. Biz ikimiz də qoçuq. O daha çox səbirli, daha çox güzəştə gedən olub. Məsələn, mən səhərlər yuxudan duranda aqressiv oluram, özümə gəlməyim zaman alır.

– Kişi olsanız, özünüz kimi qadınla yola gedərdiniz?

–  Gedərdim. Mənimlə yaxşı danışmaq lazımdır. Əmr etmək olmaz. Yaxşı kişi olardım. Heç kimi yarı yolda qoymazdım. Yaxşı dostlarım var. Hamısı mənim üçün nələrsə etməyə can atırlar. Bu birtərəfli deyil. Görünür o sevgini qazana bilmişəm.

– Keçirdiyiniz xəstəlik səbəbi ilə saçınız töküləndə yoldaşınızın 2 həftə sizdən uzaq durmasının səbəbi nə idi? “Bağışlaya bilmirəm” demişdiniz… 

– O bütün əməliyyatlarımda yanımda olub, bəzən insan yorulur.

Bəzən səni ayağa qaldırmaq üçün sərt mövqe qoymalıdır. Mən o vaxtlar çox ağlayıb sızlayırdım. Əsəbi olmuşdum, onu da incidirdim,  yaxınlarımı da. Bəlkə də belə etməli idi. Bağışladım getdi. İnsan bağışlamağı bacarmalıdır. Yoxsa o bataqlıqdan çıxmaq olmaz. Bir-birimizə güzəşt etməsəydik, bugünkü biz olmazdıq.

– Azad ruhlu qadınsınız. Belə yaşamaq  çətin olmayıb? Nəzərə alsaq ki, bizim cəmiyyət qadını qapamağı sevir.

– Konservativ ailədə böyümüşəm. Amma bu ruhumun azadlığını qorumağıma əngəl olmayıb. Atam sağ olsa idi, aktrisa olmağımı əsla istəməzdi. Həyatımı istədiyim kimi yaşamışam. Bundan sonra necə yaşayacağam bilmirəm, amma sənətimdə istədiyimi eləmişəm şəxsi həyatımda istədiyim adamı seçmişəm. Heç vaxt “ay nə düşünərlər” deməmişəm, həyatıma buna görə yön verməmişəm.

– Bir zamanlar gecə proqramınız var idi, çox erotik bir obraz idi. Həyatınıza mənfi təsiri oldu?

– ANS-də seçim oldu, bu proqrama məni seçdilər. İndiki dövrə baxanda o geyim, o obraz heç nə idi. O vaxt sensasiya sayılırdı. Gecə üçə işləmiş veriliş başlayırdı, insanları nə iləsə bu proqrama cəlb eləmək lazım idi. Qəribədir ki, o qısa geyimli cazibədar xanım obrazı mənim üzərimdə idi. Teatrda “Canımda can” tamaşasında kişinin xəyalındakı qız rolunu oynayırdım. Hamı məni çox cəsarətli obrazların ifaçısı kimi tanıyırdı. Ümumiyyətlə, sənətdə çərçivə tanımıram. Hazırda 41 yaşım var. Cəsarətli aktrisalar var. Düşünəndə ki, hələ də bu yaşda o səpkidə rollara çəkilirlər, deyirəm ki, inkişaf etməyiblər. Mən “Gecə yarı” verilişindən sonra “İkinci həyat”, “Yeri gəlmişkən”, “Dönə bilsəm” kimi çox maraqlı proqramların aparıcısı oldum. Kinolarda çəkildim. Əvvəllər cəsarətli rollara çəkilməyə çağırırdılar, indi başqa səpkili rollara. Hollivud filmlərində bunu normal qəbul edirik. Özümüzdə olanda niyə ayıb kimi baxaq? Bu sadəcə peşədir.

– Bu gün aktyorların, jurnalistlərin işi bir az çətindir. Hər kəsin əlində telefon video çəkə-çəkə sosial şəbəkələrdə özlərini tanıdırlar. Özlərinə aktyor və ya jurnalist deyənlər çoxdur, bu işdən xəbəri olmayan sadə insanlar da inanırlar.

– Elədir. Bunu çox düşünürəm. “TikTok” qazandırır deyə çoxları ora üz tutub. Amma bu bizim mədəniyyətimizə nə qazandırır? Onlar sadəcə özlərinə pul qazanırlar. Mən bunu edə bilmədim, istəmədim. Bir iki dəfə mən də girdim “TikTok”a. Gördüm mənlik deyil. Əlçatmaz olmaq istədim. “TikTok”un yaxşı tərəfləri də var. Hollivud ulduzu Van Dammın oğlu ilə bizim Suada xanım orada tanış olub evləniblər.

– Özünüzü xoşbəxt insan hesab edirsiniz?

– Hə, bundan artıq mən nə istəyə bilərəm ki? Yanımda sevdiyim, mənə deyər verən insan var, tək deyiləm. Ailə insan üçün vacibdir. Kimdir səhvsiz? Səhvsiz insan axtarası olsan, tək qalacaqsan. Bir şeyi bilirəm ki, həyatımı gözəl yaşamışam. Bundan sonra ondan ayrılsam da, sevgi axtarmayacağam, o qədər sevgi verib, sevgiyə doymuşam. 

– Ayrılığa hazırlıqlısınızmış kimi danışırsınız.

– Hər şeyə hazırlıqlıyam. Amma 15 ildə dəyişməyən sevgi dəyişməyibsə, deməli yaxşıdır hər şey. Hələ də bir-birimizə maraqlıyıq. Aqil Abbas bir dəfə  proqramımda demişdi ki, bir zaman sonra ər-arvad yox, bacı-qardaş olursan. Yox buna yol vermək olmaz.

– Kişilərin kiçik şuluqluq adlandırdığı o “aksiyaya” – xəyanətə necə baxırsınız?

– Bunu hiss etməmişəm. Mən ərimi qısqanmıram. Biz boş olan bütün vaxtlarda birlikdəyik. O harasa gedəcəksə, mənimlə gedir, mənimlə dincəlir. Ona deyirəm ki, xəyanət eləmək istəsən, mənə deyərsən, problem yoxdur. Amma deyirəm də. Baş versə, nə olacaq onu bilmirəm.

– Xərçəng kimi adı ağır bir xəstəlikdən qalib çıxdınız. Düşüncələrinizdə çox şey dəyişdi?

– Anladım ki, sabah mən olmaya bilərəm. Çox çətin dönəm idi. Yaxınlarımdan kimisə bu xəstəlik səbəblə itirəndə qorxuram. Natəvanın ölümü çox pis təsir etdi. Böyük hörmətlə xatırlayıram onu. Bu xəstəlik bədəndən tam getmir. Yenidən oyana da bilər. Çalışıram düşünməyim. Bir yox, bir neçə orqan itirmişəm. İtirə-itirə gedirəm. Mən vəsiyyətimi demişəm rəfiqələrimə. Demişəm ki, Bakıda dəfn etsinlər. Və mən öləndə ağlaşın. Elə belə yox, ürəkdən ağlaşın, dil deyin. İnsan ölümü mənim üçün  faciədir. Gedib yas yerində kimsə söhbətləşəndə acığım tutur. Mən başqalarının kədərinə ehtiramla yanaşıram. Qoy məni də ağlasınlar, desinlər ki, bir Zümrüd keçdi dünyadan. Bu xəstəliyi düşmənə də arzulamıram. Bir var qəfil ölüm, bir də var biləsən ki, əriyirsən. Bir də başdaşımı ustadım Vaqif İbrahimoğlunun başdaşı kimi qoysunlar.

– Onun başdaşında doğum və ölüm tarixləri yoxdur. Bir əfsanədə deyirlər ki, qədim bir xalq ölənlərin başdaşlarının üstünə yaşadığı xoş günlərin sayını yazdırırmış. Bəzilərində bu bir gün olur, bəzilərində bir neçə il. Sizdə nə qədərdir?

– 10 il. 10 yaşıma qədər qayğısız yaşamışam. Atamın sığalı başımda idi. Sovet dövrünün dağılmasına düşdük, çətin gənclik dövrü oldu. Özümü təsdiqləməm zaman aldı. Ailə qurdum, xəstələndim, müxtəlif əməliyyatlardan keçdim. Hərdən mənə elə gəlir ki, xəstəlik mənim cəzamdır. Dönüb baxanda deyirəm ki, necə yaşamışam bunları? Bu günə şükür…

– Stresdən, qara fikirlərdən qaçmaq üçün nə edirsiniz?

– Üz tuturam mağazalara. Bu mağazadan o mağazaya gedirəm, insanlara baxıram, imkan varsa, alış-veriş edirəm, sakitləşib qayıdıram.

– Bir müsahibənizdə “mən birinciyəm” demişdiniz. Zamanla düşüncəniz dəyişdi?

– Sənətimi yüksəklərdə görürəm. Bizə artist deyirlər bəzən  aşağılayaraq. Amma aktyor, artist olmaq seçilmiş olmaq deməkdir. İkinci Zümrüd varmı? Zümrüddən bir dənədir, özümü sevirəm (gülür). Azərbaycan mədəniyyətində Zümrüd adlı biri var.

– Zümrüdü insanlara televiziya daha çox tanıtdı. Aparıcı kimi tanıyıb peşman olduğunuz məşhurlar var?

– Çox olub. Bir dəfə iki tarzən dəvət etmişdim. Biri Xalq artisti, o biri Əməkdar artist. Xalq artistini hamı tanıyır, çox məşhurdur. Əməkdar artistin paxıllığını o qədər çəkirdi, veriliş boyu məndən onun fonoqramını kəsməyimi istəyirdi. Hər yerdə başda oturdulan, müxtəlif dövlət mükafatları almış adam idi.

– Efirlərimizdə müxtəlif ailə-məişət problemlərini ortaya tökən, dedi-qodu səviyyəsində verilişlər var. Bir çox tanınmış aparıcıların da haqqında qıcıqla çox zaman qısqanclıqla da danışılır. Münasibətiniz necədir?

– Bu gün Elgiz Əkbər, Xoşqədəm Hidayətqızı, Zaur Kamal, Zaur Baxşəliyev Azərbaycanın ən çox tanınan, 4 ən reytinqli aparıcısıdır. Qəbul edək ki, peşəkardırlar, işlərini bilirlər və onlara tələbat var. Özlərini təsdiq ediblər. Mənim də sosial verişilərim olub, amma mənlik deyil. Hamının dərdinə qoşulub ağlayırdım. Amma bir şeydən məmnunam ki, bu günə qədər apardığım proqramlara gəlmək üçün insanlar özləri can atıblar.

– Yeni telelayihələr varmı?

– Hələlik yoxdur.

– İşinizdən başqa biznesiniz var?

– Özümü biznes-ledi kimi sınadım və bu, məndə alınırmış. Rəfiqəm Elnarə Bəkirzadə ilə incəsənət mərkəzi açmışıq. O yaxşı polisdir, mən pis polis rolundayam. Yəni tələbkar müdir mənəm. Anlayışlı müdir o. Bu mərkəzdə 25 dərnək var. Anladım ki, mən bu işləri yaxşı bacarırammış.

– Nə ilə təəccübləndirmək olar sizi?

– Mənə bir milyon dollar qonorar qarşısında film təklifi gəlsə, təəccüblənərdim. Pullu olmaq istəyərdim. Köməyə ehtiyacı olan insanlara kömək edə bilmək üçün.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir