Müsahibə

Avropa üçüncüsü olan 10 yaşlı azərbaycanlı: “Erməni rəqibimi mat edib finala yüksəldim” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Azərbaycanda uşaqların, gənclərin ölkə üçün faydalı peşələrə yiyələnməsi üçün zəruri olan bütün şərait yaradılır. Bu şəraitdən istifadə edən, öz bacarıqlarına güvənən uşaqlar isə uğur əldə edir və bir sıra nailiyyətlər qazanırlar.

Elə bizim budəfəki qəhrəmanımız Leyla Mirzəliyeva kimi. Azərbaycan Şahmat Federasiyasının oyunçusu Leyla Mirzəliyeva 2022-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatında ilk üçlükdə qərarlaşaraq Azərbaycanın adını ön sıralara yazdırıb.

Avropa çempionatında 10 yaşlı qızların yarışında Leyla Mirzəliyeva 7 xal toplamaqla üçüncü yeri tutub və bürünc medala layiq görülüb.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə qəhrəmanımız Leyla Mirzəliyevanın timsalında bütün balaları təbrik edir, onlara xoşbəxt gələcək arzu edirik.

Oxu.Az şahmat üzrə Avropa üçüncüsü olan 10 yaşlı Mirzəliyeva Leyla  Eldar qızı ilə müsahibəni təqdim edir:

– Əziz Leyla, bir qədər özün barədə məlumat ver, oxucularımız, həmyaşıdların səni tanısınlar.

– 2012-ci il sentyabrın 12-də Bakı şəhərində anadan olmuşam. Hazırda Sumqayıt şəhərində yaşayıram. Şəhərin 31 nömrəli tam orta məktəbində 5-ci sinifdə təhsil alıram.

– Necə oldu şahmata həvəsin yarandı?

– Şahmata maraq valideynlərim sayəsində olub. Onlar evdə tez-tez şahmat oynayırdılar. Bacım Fatimə və mən onları izləyirdik. Atam marağımızın olduğunu gördü və bizə şahmat öyrətməyə başladı. Yavaş-yavaş götürmə qabiliyyətimizin yaxşı olduğunu müşahidə etdilər və bacımla məni daha peşəkar oyun üçün şahmat məktəbinə yazdırdılar. 4 yaşımda Sumqayıtda 2 saylı Uşaq-Gənclər Məktəbinə yazıldım. Hətta yaşım az olduğu üçün müəllimlər məni götürmək istəmirdilər. Atam israrla mənim oyunumu yoxlamalarını istədi. İlk müəllimim elə Könül xanım oldu. Onunla şahmat oynadıq və gedişlərim onun xoşuna gəldi. Beləliklə məni məktəbə götürməyə razılıq verdilər. İlk müəllimim Könül xanım olsa da, daha sonra müəllimim Rəşad Həsənov olub.

– Yaşıdlarınla, yoxsa özündən böyüklərlə yarışırdın?

– Həm öz yaşıdlarımla, həm də özümdən böyüklərlə oynayırdım. Eləcə də bacım Fatimə də şahmat oynayır. Onunla da tez-tez oynayırıq, təcrübələrimizi bölüşürük.

Qeyd edim ki, Fatimə Mirzəliyeva da öz yaşıdları arasında güclü oyunçudur. Hətta köhnə şahmatçılarla, 77 yaşlı şahmatçı ilə oyunda heç-heçə edib.

– İlk qatıldığın yarış hansı olub?

– İlk yarışım öz məktəbimizdə keçirilən oyunlar olub. Bundan sonra Sumqayıt şəhəri üzrə keçirilən şəhərdaxili olimpiadalarda iştirak etmişəm. Müxtəlif yerlərə layiq görülmüşəm. Daha sonra Quba, Qusar, Salyan, Astara, Zaqatalada keçirilən şahmat üzrə çempionatlara qatılmışam. Daha çox birinci və ikinci yerlərə layiq görülmüşəm.

– Daha çox hansı yaş qrupları ilə oynamısan?

– Mənim hazırda 10 yaşım var. Amma yarışlarda həmişə özümdən iki yaş böyük oyunçularla mübarizə aparmışam. Hətta 2021-ci ildə Zaqatalada baş tutan şahmat üzrə yarışda 14 yaşlılarla mübarizə apardım. Həmin yarışda üçüncü yerə çıxdım.

Hətta Salyanda keçirilən yarış zamanı qızdırmam var idi. Hərarətimi dərmanla salıb, yarışa elə girmişdim. Halsız olduğum vəziyyətdə gedişləri doğru edib ikinci dərəcəli oyunçunu mat edərək qalib gəlmişdim.

– 2022-ci ildə Respublika üzrə şahmat çempionatı keçirilib. Sən bildiyim qədər ikinci yeri tutmuşdun. Bəs Avropa çempionatına gedişin necə oldu?

– Əslidə o turnirdə birinci ola bilərdim. Sadəcə püşkatma ilə ikinci yerdə qərarlaşmalı oldum. Belə olan halda da Türkiyədə, Antalyada keçirilən şahmat üzrə Avropa çempionatına vəsiqə qazandım. İnanırdım ki, qalibiyyət qazanacağam. Avropa çempionunda üçüncü yeri tutdum və Azərbaycana bürünc medalla qayıtdım.

– Bildiyim qədəri ilə erməni rəqibini məğlub etmisən, elədir?

– Bəli, doğrudur. Ümumilikdə 9 tur olur. İlk 7 mərhələni məğlubiyyətsiz gəlmişdim. Rəqiblərim arasında türk oyunçu da var idi. 5-ci turda rəqib erməni oyunçu oldu. Həmin oyuna qədər bütün oyunları qalibiyyətlə tamamlamışdım, ermənini də məğlub edərək üçüncü yerdə qərarlaşdım.

– Şahmatda sənin ən sevdiyin, manevrlərinə şərait yaradan fiqur hansıdır?

Ən sevimli fiqurum atdır. At manevr üçün çox əlverişli fiqurdur. Onunla çox yaxşı gedişlər edirəm. Erməni ilə oyunda da qələbəni məhz at fiquru ilə etdiyim manevr hesabına qazandım. Bu, mənə görə oyunda rəqibi təslim olmağa məcbur edən ən optimal gedişlərdən biri oldu. Eləcə də qalib gəldiyim oyunların əksəriyyətində at və vəzir fiqurları ilə gedişlərə üstünlük verirəm.

Çalışıram ki, təhlükəli debüt strategiyasını və nəzəriyyəsini düzgün tətbiq edim.

– Bu günə qədər oynadığın oyunlarda minimum və maksimum neçə gedişə rəqibi mat etmisən?

– Ən azı 20 gediş, maksimum isə 80 gedişlə rəqibi mat etmişəm. Avropa çempionatında polşalı rəqibimlə 3 saat, erməni rəqibimlə isə qələbə uğrunda 5 saat mübarizə aparmışam. Hər iki oyunda da rəqibimi təslim olmağa məcbur etmişəm.

Söhbətin şirin yerində Leyla və Fatimənin atası Eldar Mirzəliyev qızlarının uşaq vaxtını ikiyə bölüb oyuncaq kimi oynadığı şahmat taxtasını yada salır. Atası deyir ki, qızları şahmatı ortadan iki yerə ayırıb oyuncaq kimi oynayırdılar:

“Bunu gördükdən sonra onların bu sahəyə olan maraqlarını yoxladıq. Gördük ki, doğurdan da zehni, məntiqi oyunları götürmə qabiliyyətləri yüksəkdir. Yaxşı ki o vaxt o şahmat taxtasını iki yerə parçalayıblar”.

– Hazırda şahmat üzrə hansı dərəcədəsən?

Bacım da, mən də birinci dərəcəli idmançılarıq. Dərəcənin artması üçün beynəlxalq yarışlarda iştirak etmək və reytinq artırmaq önəmlidir. Lakin beynəlxalq oyunların əksəriyyəti xarici ölkələrdə keçirilir və bir qədər ciddi vəsait tələb edir.

– Bu il hansı yarışlara qatılacaqsan?

Avropa üçüncüsü olduğum üçün bu il sentyabrın 5-15 tarixləri arasında Rumıniyada keçiriləcək beynəlxalq şahmat çempionatına vəsiqə qazanmışam. Ondan öncə iyunun 15-də respublika çempionatında 12 yaşlı qruplarla oynayacağıq. Fatimə ilə mənim aramda bir yaş fərq var. Amma bacım yaxşı oxuduğu üçün bir ildə iki sinif oxudu. Hazırda hər ikimiz 5-ci sinif şagirdiyik. Atam deyir ki, son 30 ildə Sumqayıtda belə şagird olmayıb.

Əgər respublika çempionatında yer tutsaq, Misirdə keçiriləcək çempionata da vəsiqə qazanmış olacağıq.

– Leyla, bu sahədə davam edib qrosmeyster olmaq istəyirsən, yoxsa necə?

– Əslində mən şahmatı sevirəm. Bu sahədən uzaqlaşmaq istəmirəm, amma gələcəkdə həkim olmaq istəyirəm. Fatimə isə riyaziyyatçı olmaq istəyir. Dərslərimizi yaxşı oxuyuruq. Amma artıq 9-cu sinifdə yəqin ki, istəklərimizi daha da konkretləşdirməli olacağıq. Çünki imtahanlar, hazırlıqlar qaçılmaz olacaq.

– Bu sahədə yerli və əcnəbi qrosmeysterlər arasında kumirin varmı?

– Azərbaycanlı qrosmeysterlərdən Şəhriyar Məmmədyarov, xaricilər arasında isə hazırda dünya birincisi olan, Blitz Şahmat üzrə Dünya Çempionu, norveçli şahmat qrosmeysteri Maqnus Karlsendir.

Xatırladaq ki, Leyla Mirzəliyevanın üçüncü yerə layiq görüldüyü Avropa çempionatında ümumilikdə 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparıb.

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir