Müsahibə

Şəhid xanımı: “Son danışığında dedi ki, məndən narahat olmayın, özünüzü qoruyun” – Müsahibə

Sharing is caring!

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacağıq.

44 günlük haqq savaşımızda qəhrəmanlıq göstərən, canını doğma torpağımıza qurban verən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərə atılmaqla adını tarixə yazdıran hərbçilərimizdən biri də Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Yaşar Sadıqovdur.

Tərcümeyi-hal:

Yaşar Füzuli oğlu Sadıqov 1975-ci il avqustun 10-da Füzuli rayonun Bala Bəhmənli kəndində anadan olub. 1991-1995-ci illərdə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alıb. 1993-cü ildən hərbidədir. 1995-ci ildən Türkiyədə 6 ay təhsilini davam etdirib. 1995-ci ildən daha sonra Naxçıvana gedib. 17 il orada qulluq edib. 2016-cı ildə Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak edib.

Ölümündən öncə 26.06.2002-ci ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 26.06.2007-ci ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, 26.06.2008-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubileyi, 26.06.2012-ci ildə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, 26.06.2013-ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubileyi, 26.06.2017-ci ildə “Azərbaycan Silahlı Qüvvələri Veteranı”, 26.06.2018-ci ildə isə “Azərbaycan Ordusunun 100 illiyi” yubileyi medalı ilə təltif olunub. Ölümündən sonra isə 24.06.2021 “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarına, “3-cü dərəcəli Rəşadət ordeni” layiq görülüb.

Azərbaycan ordusunun polkovnik- leytenantı olan Yaşar Sadıqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Yaşar Sadıqov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində, Ömər aşırımında şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il fevralın 27-də II Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qalıb.

Oxu.Az-ın əməkdaşı şəhidin həyat yoldaşı Nişanə Sadıqova ilə danışıb.

– Nişanə xanım, Yaşar necə olub ki, hərbiyə meyil edib?

– Hərbçi olmaq Yaşarın arzusu imiş. Öz istəyi olub. Atası hərbçi olmağını istəməyib. O vaxt kəndlərindən 20 nəfər müraciət edib, 2 nəfər qalıblar. Atası gəlib, onun çətinliyini görüb, deyib ki, “geri dön”. Razı olmayıb. Yaşargil Füzuli rayonundandırlar. Torpağın işğal altında olması onu hərbiyə yönləndiirb.

Yaşarın xidmət dövrü əslində birmişdi. O, məzuniyyətə çıxa bilərdi. Lakin Yaşar deyirdi ki, “torpaqlar alınmasa, məzuniyyətə çıxmayacayam”. Torpaqları azad görmək ən böyük arzusu idi.

Son görüşünüzdən danışmağınızı istərdim.

– Sentyabrın 26-da müharibəyə yollandı. Ondan öncə Toğanada Murovdağda idi. Sentyabrın 26-da axşam saatları idi. Evə gəldi. Bizimlə görüşdü. Vidalaşdı. Biz onun müharibəyə yollandığından xəbərdar idik. Toğanada qaldığımız üçün hər şeydən xəbərdar idik.. Lakin Yaşardan soruşanda heç nə demirdi. Evə gəlib, hər şeyini evdə qoydu. Telefonunu, saatını, pulunu. Dedim bunları niyə qoyursan, dedi ki, “daha bunlar mənə lazım deyil”. Mən onda şübhələndim. Sentyabrın 27-i səhər saatlarında zəng vurdu, dedi ki, “əgər səs eşitsəz, qorxmayın”. Səslər gəlirdi, axşam zəng vurduq, zəng çatmırdı. Hər gün özü zəng vururdu.

Oktyabrın 1-i gecə danışdıq. 1-dən 2-ə keçən gecə zəng vurdu. Dedim ki, “özündən muğayat ol”. Dedi ki, “məndən narahat olmayın, özünüzü qoruyun. Uşaqlardan muğayat olarsan”. Sanki bilidi. Hara getdiyini demədi.

– Oktyabrın 13-də onun paqonunu erməni saytlarının paylaşıldığını dediniz.

– Oktyabrın 2-i səhər saatlarında döyüşə girib, günorta şəhadətə qovuşub. Oktyabrın 2-də zəng vuduq, zəng çatmadı. Axşama qədər heç bir xəbər gəlmədi. Ayın 3-ü bizə dedilər ki, “Yaşar şəhid olub”. Əvvəlcə nəşinin gətirildiyini dedilər, daha sonra neytral bölgədə qaldığını bildirdilər. 4 ay 23 gündən sonra nəşi tapıldı.

Oktyabrın 13-də ermənilər onun paqonunu paylaşmışdılar. Yazmışdılar ki, “ancaq komandirlərini götürə bildik”. Onun paqonunu paylaşılanda elə bildim ki, əsir düşüb.

– Övladlarına son görüşündə nələr söyləmişdi?

Elə övladları ilə də son görüşü sentyabrın 26-da oldu. Övladlarına baxanda gözü doldu. Sanki şəhi olacağını bilirdi. Bir stəkan çay içdi. Onun gözü dolduğu üçün uşaqlar da ağladılar. Yaşarın gözü dolduğu üçün üzümüzə baxa bilmədi. İndi də qızım peşmanlıq çəkir deyir ki, “kaş atama sarılardım”.

Atalarının yoxluğuna dözə bilmirlər. Elə bir ata, həyat yoldaşı olub ki, onu unutmaq qeyri-mümkündür. Həqiqətən də seçmə insanlar getdi. Ailəyə, övlada yaxşı olanlar ailələrindən ayrıldılar. Qızım Əsli 2001-ci ildəndir. 21 yaşı var. Oğlum Xanış 2002-ci ildəndir. 20 yaşı var. Qızım İqtisad universitetində magistr təhsili alır. Oğlum Slavyan unversitetinin III kurs tələbəsidir. Onun övladları ilə bağlı çoxlu arzuları var idi. Onların təhsilli olması da onun istəyi idi.

– İtkin olduğu zaman yuxularınızda Yaşarı sağ gördüyünüzü dediniz. Yaşarın şəhid olacağı ağlınıza gəlirdimi?

– Əvvəllər yuxularımızda tez-tez görürdük. İndi bəzən görürük. İtkin olan vaxtlarında daha çox görürdüm. Yaralı olduğunu, sağ qayıtdığını görürdüm. İndi də sağ görürəm. Heç vaxt şəhid olduğunu görməmişəm. Hətta elə olub ki, yuxuda aparıb, məzarını göstərmişəm ki, “sən şəhid olmusan”.

Onun şəhid olacağı ağlıma gəlmirdi. O çox döyüşlərdə olub. Biz onu məğlubedilməz bilirdik. O kəşfiyyatda işləyib. İnanmazdıq ki, ona nəsə ola bilər. Sağ gözləyirdik. Qələbə xəbərini necə qarşıladığımı heç xatırlamıram. Şəhid olduğun bilirdim. Amma itkin idi. Nəşi hələ tapılmamışdı. Ümidimiz var idi ki, bəlkə say qayıdar. Bunun üçün dualar da edirdik. Qismət..

– Sentyabrın 12-dən 13-ə keçən gecə baş verənlərə münasibətiniz necə oldu?

– Sanki iki il öncəyə qayıtdım. 3 gün Şəhidlər Xiyabanından ayrılmadım. Özümə gələ bilmirdim. Elə bil ki, Yaşar yenidən şəhid olmuşdu. Şəhid adı gəldikcə həmin günlərə dönürəm. Bu hisləri yaşamışıq deyə, istəmərəm kiminsə evində yaşansın.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir