Müharibə

Dayısı: “İlqar Mirzəyevin timsalında Azərbaycan çox savadlı zabitini itirib”

Sharing is caring!

“Biz İlqar Mirzəyevin timsalında əziz və dəyərli insanımızı itirmişik. Azərbaycan isə çox bilikli və savadlı, Vətənə bağlı zabitini itirib”.

“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin dayısı, Gürcüstanın Saqareco rayonunun Qombori kəndinin sakini Tariyel Əsədulov deyib.

Onun sözlərinə görə, İ.Mirzəyevə “Artilleriyanın atası” təxəllüsünün verilməsi də təsadüfi deyildi, belə ki, o, artilleriya sahəsində yüksək bilik və təcrübəyə malik idi.

T.Əsədulov bacısı oğlunun Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində təhsil aldığı illəri də xatırlayıb. O, vaxtilə həmin hərbi təhsil ocağında təlimatçı olduğunu qeyd edərək İ.Mirzəyevin kursant yoldaşları arasında çox seçildiyini söyləyib:

“O, kursant illərində yoldaşları arasında öncül idi. Bununla yanaşı, kursant yoldaşlarına təhsillərində köməyini əsirgəmirdi. İdmanda da uğurları var idi. Müəllimləri mənimlə qarşılaşanda deyirdilər ki, nümunəvi, ağıllı, tərbiyəli, mərifətli bacın oğlunla fəxr edə bilərsən. İlqarla elə onun kursantlıq illərindən qürur duyurdum”.

Dayısının sözlərinə görə, İ.Mirzəyev millətini və dövlətini olduqca çox sevirdi:

“Onunla fəxr edirəm. Amma heyiflər olsun ki, çox cavan bizi tərk etdi. Yalnız İlqarın deyil, onunla birgə və bütün layiqli Vətən oğullarının cavan yaşda həyatlarını itirməsinə çox təəssüflənirəm”.

T.Əsədulov qeyd edib ki, şəhidimiz ata-ana yurdu olan Gürcüstanı həddindən çox sevirdi:

“İlqar bir günlük icazəsi olanda Gürcüstana qaçıb gəlirdi. Doğma kəndə, bizə gəlməyi çox sevərdi. O, həm də çox dostcanlı idi. Gürcüstana gələndə uşaq bağçasına bir getdiyi uşaqları da tapıb onlarla da görüşərdi”.

Qeyd edək ki, bu gün İ.Mirzəyevin şəhid olmasından iki il ötür. Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov, hərbi attaşe aparatının nümayəndələri – polkovnik Kamil Əfəndiyev və kapitan Elyar Məmmədzadə şəhidin dayısının ailəsinə baş çəkiblər. Onlar şəhidin yaxınlarına başsağlığı verərək onlara səbir diləyiblər. Bildirilib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi İ.Mirzəyev kimi cəsur və mərd hərbçilərin sayəsində əldə olunub və bütün şəhidlərin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Şəhidin dayısı göstərilən diqqət və qayğıya görə Azərbaycan dövləti və səfirliyə minnətdarlığını ifadə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir