Müharibə

Rusiyadakı erməni lobbisinin Azərbaycana qarşı “qisas” planı – ARAŞDIRMA + FOTO

Sharing is caring!


Şimal qonşumuz Rusiyanın informasiya resurslarında azərbaycanlılar əleyhinə çirkin kampaniyaya start verilib. Belə ki, oktyabrın 15-dən başlayaraq əvvəl “Telegram” sosial şəbəkəsində, daha sonra isə media resurslarında “Azərbaycanlı millətçi dəstə yerli sakinlərə hücum edib”, “Azərbaycandan olan cinayətkarlar yerli sakinləri döyür” kimi başlıqlı xəbərlər ildırım sürəti ilə yayılmaqdadır. Heç bir sübut və dəlil göstərilmədən, təqsirsizlik prezumpsiyasına məhəl qoyulmadan şəxsin cinayət törətdiyi bildirilir və onun azərbaycanlı olması qabardılır. Xankəndi və Xocalıda Azərbaycan bayrağının ucaldılması ilə eyni günə təsadüf edən bu çirkin kampaniyanın arxasında kimlər və hansı qüvvələr dayanırlar?

APA-nın Rusiya üzrə xüsusi müxbiri Fərid Əkbərovun araşdırmasını təqdim edirik.

Son dörd gündür Rusiyanın kütləvi informasiya vasitələrində Sankt-Peterburqda azərbaycanlıların yerli sakinlərə hücumu ilə bağlı xəbərlər tirajlanır. Oktyabrın 15-dən başlayaraq azərbaycanlıların Peterburqda yerli sakinlərə zor tətbiq etməsi ilə bağlı xəbərlər Rusiyanın informasiya məkanını zəbt edib. Videolarla müşahidə olunan məlumatlarda günahkarların azərbaycanlı olduğu qeyd edilir və bu məqam bilərəkdən qabardılır, baxmayaraq ki, onların Azərbaycan vətəndaşı olmalarına dair bu xəbərləri tirajlayan KİV-lər tərəfindən heç bir sübut təqdim olunmur. Rusiyada cinayətkarların milliyyəti niyə qabardılır? Xüsusilə də, əgər cinayəti törədən şəxs milliyyətcə azərbaycanlıdırsa…

Apardığımız araşdırmalar zamanı məlum olur ki, “azərbaycanlılar Peterburqda yerli sakinlərə hücum edib” başlıqlı ilk xəbəri “Baza” “Telegram” kanalı yayıb. Bəli, erməniəsilli mediamaqnat Aram Qabrielyanovun yaxın adamı olan Anatoli Süleymanovun rəhbərlik etdiyi “Baza”… Hansı ki, bir vaxtlar Qabrielyanovun təsisçisi olduğu “Lifenews”da baş redaktor vəzifəsində Azərbaycan əleyhinə apardığı təbliğatı indi də 1 milyon abunəçisi olan “Baza” “Telegram” kanalında davam etdirir.

“Baza”nın məlum xəbərini “Rosbalt”, “Ria Novosti“, “Life”, Smotrim.ru və adını çəkmədiyimiz onlarla, bəlkə yüzlərlə informasiya resursu “Sankt-Peterburqda azərbaycanlılardan ibarət mafiya yerli sakinlərə hücum edir” başlığı ilə tirajlayıb. Çox qəribədir ki, oktyabrın 15-də Rusiya mətbuatında “Azərbaycanlı quldur və millətçi dəstələri” haqqında tirajlanan informasiya dalğası Xankəndi və Xocalıda Azərbaycan bayrağının ucaldılması ilə bağlı məlumatın yayılması ilə üst-üstə düşüb. Çox maraqlıdır ki, guya uzun müddətdir fəaliyyət göstərən və yerli əhalini dəhşət içində saxlayan azərbaycanlı dəstələr haqqında informasiya mətbuata məhz oktyabrın 15-də məlum olub. Təsadüf, yoxsa?

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov baş verən təxribatın arxasında erməni lobbisinin dayandığına əmindir:

“Əminəm ki, Rusiya kütləvi informasiya vasitələrində azyaşlı azərbaycanlılardan ibarət dəstənin guya yerli sakinlərə hücum etməsi ilə bağlı xəbərlər Rusiyadakı erməni lobbisinin Ermənistanın Qarabağ müharibəsində məğlubiyyətinin qisasıdır. Erməni lobbisi Azərbaycandan necəsə qisas almağı arzulayır. Bilirik ki, Rusiya KİV-də erməni lobbisinin təsiri çox böyükdür. Erməni lobbisinin təsir qüvvəsi bütün sərhədləri aşır. Biz, bu informasiyanın süni şəkildə necə “raskrutka” edildiyini görürük. Əminəm ki, azərbaycanlılardan ibarət dəstə var, necə ki, çeçenlərdən, avarlardan, özbəklərdən, ermənilərdən ibarət dəstələr var. Etnik prinsip əsasında yaradılmış xuliqan dəstələr Rusiyada yüzlərlədir. Lakin nədənsə, ancaq azyaşlı azərbaycanlılardan ibarət dəstə ilə bağlı informasiya qəsdən tirajlanır. Onların törətdikləri əsl və real mafiyanın cinayətləri ilə müqayisə oluna bilməz. Ona görə də, bu mövzunun süni şəkildə qabardılmasında erməni lobbisinin destruktiv təsiri göz önündədir”.

“Erməni lobbisinin “qisas planı” səngimək bilmir. Oktyabrın 17-də “Komsomolskaya Pravda“ nəşrində dərc olunan “Azərbaycandan olan neonasitlər xüsusi əməliyyatda iştirak edən peterburqlu döyüşçünün ailəsini təhdid edir” başlıqlı məqalədə guya Azərbaycan əhalisinin də təhdidlərə dəstək verdiyi bildirilib. Peterburqun yerli mediası isə bir nəfər azərbaycanlının polis tərəfindən saxlanılması görüntülərini və cinayət işi açılması barədə məlumat yayıb. Məlumatda saxlanılan şəxsin Rusiya vətəndaşı olduğu qeyd olunsa da, yenə “azərbaycanlı” olması qabardılıb.

“Sankt-Peterburqun Azərbaycan İcması” İctimai Təşkilatının rəhbəri Sabir Məsimov sosial şəbəkələrdə yayılan məlumatların hamısının feyk olduğunu bildirir:

“Bu, təxribatdır. Belə şey baş verməyib. Azərbaycanlılardan ibarət dəstə mövcud deyil. Heç bir cinayət işi filan da açılmayıb. Bu təxribatın arxasında kimin və hansı qüvvələrin olması hamıya məlumdur. Küləyin haradan əsdiyi bəllidir. Bircə onu deyə bilərəm ki, 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan terrorçular və işğalçılar yekunda heç nə edə bilmədiklərini görüb bu yola əl atırlar. Siyasi, hərbi və mənəvi məğlubiyyətə uğrayan ermənilər indi belə çirkin kampaniyaya başlayıblar. Bununla onlar Rusiya əhalisi arasında azərbaycanlılara qarşı mənfi fikir formalaşdırmağa cəhd edirlər”.

Sankt-Peterburqda çox sayda azərbaycanlının yaşadığını vurğulayan diaspor rəhbəri həmyerlilərimizin özlərini cəmiyyət içində çox layiqincə apardıqlarını diqqətə çatdırıb:

“Peterburq azərbaycanlıları arasında elm adamları, biznesmenlər, hüquq-mühafizə orqanlarının əməkdaşları, bir sözlə, bütün peşə sahələrindən olan insanlar var. Azərbaycan icması uzun müddətdir Peterburqun ictimai həyatına inteqrasiya olunub”.

Xatırladaq ki, bu ilin oktyabrın 11-də Azərbaycanla Rusiya arasında Bakıda informasiya təhlükəsizliyi üzrə birgə əməkdaşlıq planı imzalanıb. Qeyd olunub ki, Rusiya Azərbaycanı beynəlxalq informasiya təhlükəsizliyi sahəsində həmfikirlərindən biri hesab edir.

P.S Rusiyada isə hesab edirlər ki, erməni lobbisini təmsil edən şəxslər üçün öz etnik kimlikləri ilk sırada gəlir, sonra isə Rusiya dövləti. Rusiyanın maraqları onlar üçün ikinci, bəlkə də üçüncüdür. Ona görə də, nəzarət etdikləri mediada Azərbaycan və azərbaycanlılar əleyhinə təxribata əl atmaq erməni lobbisi üçün ilk növbədə Moskva ilə Bakının arasını vurmaq, daha sonra isə çoxmillətli Rusiyada milli zəmində ədavəti qızışdırmaq məqsədi daşıyır. Rəsmi Moskva isə uzun illərdi ya bu təxribatçı fəaliyyətə göz yumur, ya da erməni lobbisi ilə bacarmır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir