İqtisadiyyat

Müasir Azərbaycan iqtisadiyyatının inkişafında sığortanın rolu: Mövcud vəziyyət və perspektivlər – FOTO

Sharing is caring!


Sığorta həyatın çətinlik və nizamlana bilməyən hissəsinin təminatıdır. Hələ ötən əsrin sonunda deyilmiş bu ifadə Çexiyanın ilk prezidenti Vatslav Havelə məxsusdur. Mütəxəssislərin fikrincə, sığorta prosesinin formalaşması cəmiyyətin tələblərinə uyğun olaraq zərurətdən yaranıb. Yəni cəmiyyət varsa, sığorta və ya təminat onun ayrılmaz hissəsinə çevrilir. Bir sözlə, sığorta cəmiyyəti xoşagəlməz risklərdən müdafiə edir. Bu maliyyənin elə bir sahəsidir ki, onun inkişafına çox ehtiyac duyulur. Cəmiyyət istər öz həyatını, sağlamlığını, istərsə də sahibi olduğu əmlak və mülklərini sığorta etdirməyə maraqlıdır. Ona görə, sığortaya olan maraq gündən-günə artır.

Azərbaycanda sığorta sahəsi daha əvvəl yaransa da, azad fəaliyyəti və inkişafı müstəqillik dövründən sonraya təsadüf edir. Ölkəmizdə sığorta anlayışının tarixi 1921-ci ildən başlayıb. Həmin vaxt sovet sistemi ölkəmizdə ilk sığorta idarəsini formalaşdırıb. Sovet hakimiyyətinin qurulmasından öncə də ölkəmizdə sığorta ənənələri inkişaf etməyə başlayıb. Söhbət neft müqavilələrini özündə əks etdirən sığorta anlayışlarından gedir. 1990-cı illərdən etibarən isə bir sıra uğurlu işlərə imza atılıb, sığorta ənənəsi bir sistem kimi formalaşdırılıb. Tək dövlət sığorta şirkətləri yox, özəl sığorta şirkətlərinin də sayı bu dövrdə artmağa başlayıb. Onlar arasında sağlam rəqabət formalaşıb. O zaman respublikamızda sığorta şirkətlərinin sayı 38, birgə sığorta şirkətləri isə 9 olub. 

1999-cu ildə Azərbaycanda sığorta işini düzgün qaydada həyata keçirmək üçün sığorta fəaliyyəti haqqında qanun qəbul edilib. Bu qanun sığorta işinin inkişaf tempini və düzgün formada həyata keçirilməsini müəyyən edir. Daha sonra isə respublikamızda iqtisadi islahatlarla bağlı ümummilli liderimiz, ölkə başçısı Heydər Əliyevin fərmanı ilə 2001-ci ildə sığorta nəzarəti funksiyasının Maliyyə Nazirliyinə həvalə edilməsi nəticəsində Azərbaycanda sığorta işinin inkişaf etdirilməsi əhəmiyyətli tədbirlərdən biri olub. Sığorta sahəsində bu və digər istiqamətdə atılan addımlar, həyata keçirilən layihələr cəmiyyətin sığortanın vacibliyini daha yaxşı dərk etməsinə, inam və tələbata müvafiq olaraq marağını təmin etməyə şərait yaradıb. 

Ölkəmizdə sığorta sahəsinə marağın və tələbatın artması açıqlanan statistik rəqəmlərdə də özünü göstərir. Belə ki, Mərkəzi Bankın elə 2023-cü ilin ilk 3 ayında apardığı hesablamalara görə, 346 min manatdan çox sığorta haqqı toplanılıb. Üç ay ərzində həyata keçirilən sığorta ödənişlərinin məbləği isə 102 min manat təşkil edib.

Ümumilikdə, 2022-ci ilin yanvar-dekabr ayları ərzində 970 min manatdan çox sığorta haqqı toplanıb, 433 min manatdan çox sığorta ödənişi edilib.

Ötən il təkcə həyat sığortası üzrə 425 min manat sığorta haqqı toplanıb, 245 min manata yaxın sığorta ödənişi vətəndaşlara ödənilib.

Sığorta sahəsində mövcud durum haqqında danışan ekspert İlkin İbrahimov da Azərbaycanda sığorta sahəsinə marağın artmağının hiss edildiyini deyib. O qeyd edib ki, sığorta sahəsində tənzimləyici olan Mərkəzi Bankın aylıq və illik statistikalarında da artım dinamikası təsdiqlənib:

“Mərkəzi Bank sığorta ilə bağlı aylıq statistikanı dərc edir. Bu rəqəmlərə əsasən, ən çox həyat sığortası ilə bağlı müraciət edilir.

Azərbaycanda həyat sığortası ilə məşğul olan cəmi beş şirkət var. Buna baxmayaraq, sığortanın bu növünə tələbat yüksəkdir. Qeyri-həyat sığortası ilə bağlı xidmət təklif edən 16 şirkət fəaliyyət göstərir. Lakin sığorta yığımlarında bu sahədə tələbatın aşağı olduğunu görürük.

Həyat sığortası etdirəndən bir müddət sonra sığorta haqları insanlara geri qayıdır. Ona görə insanlar buna maraq göstərirlər. Bu zaman işəgötürən, sığorta şirkəti və sığortaolunan arasında üçtərəfli müqavilə bağlanır. Məsələnin prosedur hissəsi uzundur. Buna görə hər işəgötürən həyat sığortası etdirməklə razılaşmır. Amma Vergi Məcəlləsində qeyd olunub ki, əməkhaqqının 50 faizədək hissəsi həyat sığortasına cəlb oluna bilər. Yəni müəyyən baryer var.

Ümumilikdə, sığorta sahəsində durum stabildir, artan templə inkişaf davam edir. 2016-cı ildən etibarən ölkəmizdə hər il sığorta yığımları dinamikdir, artır və sığorta sahəsinə maraq var.

Ölkəmizdə ən məşhur sığorta növü isə avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortasıdır. Populyarlığına baxmayaraq, bu sığorta növü ilə bağlı yığımlar o qədər də çox deyil. Avtomobil sığortası ümumi sığorta yığımlarının cəmi 10 faizini təşkil edir”.

İlkin İbrahimovun fikrincə, ölkəmizdə sığortanın perspektivi həddindən artıq böyükdür: 

“Mən hətta deyərdim ki, biz bu istiqamətdə bir qədər gecikmişik. Sığorta ölkəmizin ayrılmaz bir hissəsinə çevrilməlidir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə nisbətən bizdə sığortanın ümumi daxili məhsula nisbətdə payı daha azdır. Bu rəqəm heç bir faiz də deyil. İddialara görə, yaxın gələcəkdə sığortanın ümumi daxili məhsulda pay hissəsi 2-3 faiz olacaq. Bu da o deməkdir ki, vətəndaşlar bütün istiqamətlərdə sığortanın imkanlarından geniş şəkildə istifadə edə biləcəklər. Söhbət həyat və qeyri-həyat sığortalarından gedir. İnsanlar hətta daşınmaz əmlaklarını, aqrar sahə ilə bağlı sığortalarını da rahatlıqla təmin edəcəklər. Bu istiqamətdə ölkənin sığorta perspektivləri daha böyükdür. 2016-cı ildən bu yana ölkəmizdə sığorta şkalası bir əvvəlki illə müqayisədə 15-20 faiz artmağa başlayıb. Bu müddət ərzində Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə start verildi. Bu da həmin istiqamətdə daha böyük perspektivlər vəd etməkdədir. Aqrar sahədə Türkiyənin  sığorta modeli tətbiq edilməyə başlandı. İldən ilə sığorta yığımları artmaqdadır”.

Aysel Aslan 

Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Müasir Azərbaycan iqtisadiyyatının inkişafında sığortanın rolu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir