Siyasət

Azərbaycan XİN-dən fransalı nazirə SƏRT CAVAB

Sharing is caring!




“Fransanın daxili işlər naziri Jerar Darmaninin 16 may 2024-cü il tarixində “France-2” telekanalına müsahibəsində ölkəmizə qarşı, eləcə də Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edirik”.

Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Fransanın daxili işlər naziri Jerar Darmaninin “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi iddialara dair şərhində bildirilib.

“İlk növbədə, Fransa tərəfinin Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pisləyir və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik.

Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı.

Bununla yanaşı, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir.

Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq”, – XİN rəsmisi qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir