Müharibə

Vətən müharibəsində döyüşərək Şuşaya qədər gedib çıxan müəllim – VİDEO

Sharing is caring!


Vətən müharibəsində işğalçılara qarşı döyüşərək Şuşaya qədər gedib çıxan şəhid müəllim Rəvan Lətifov haqqında süjet hazırlanıb.

Xezerxeber.az-ın məlumatına görə, 26 avqust 1991-ci ildə Oğuz rayonu, Xaçmaz kəndində dünyaya gələn Rəvan Ömür oğlu Lətifov 2008-ci ildə V.İbrahimov adına tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil alıb.

O, 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı “N” saylı hərbi hissədə Tank əleyhinə batareyada hərbi xidmət keçib. Hərbi xidməti başa vurduqdan sonra bir müddət Oğuz rayonu Ə.Abdulhüseynov adına Sincan kənd tam orta məktəbində məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində işləyib. Daha sonra Sincan kənd tam orta məktəbində təşkilatçı müavin vəzifəsində çalışıb.

Rəvan Lətifov 2016-cı ildə ailə həyatı qurub. O, 29 sentyabr 2020-ci ildə səfərbərliyə cəlb olunub, bir ay ərzində Gəncə şəhərinin “N” saylı hərbi hissəsində təşkil edilən intensiv hərbi təlimlərdə iştirak edib, ardınca Qarabağ uğrunda gedən aktiv hərbi əməliyyatlara qoşulub. 29 oktyabr tarixində Tank əleyhinə batareyanın əsgəri vəzifəsində Füzuli rayonunun İkinci Mahmudlu kəndinin düşmən işğalından azad olunmasında iştirak edib. 2020-ci ilin 6 noyabr tarixində Şuşa şəhərinin işğaldan azad olunması əməliyyatında fəal iştirak edərək döyüş tapşırıqlarını uğurla yerinə yetirib, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənib.

Rəvan Lətifov 6 noyabr tarixində Daşaltı-Şuşa istiqamətdə gedən qanlı döyüşlərdə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb. O, 16 noyabr tarixində Xaçmaz kənd Şəhidlər xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Rəvan Lətifov “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

İndi Rəvandan geriyə Ömür adlı bircə balası, medalları, oxuduğu məktəbdə adına yaradılan guşə və şəkillər qalıb.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir