Müsahibə

Leyla Begim: “Erməni lobbisi yalnız Avropa dairələrinin maraqlarına xidmət edib” – MÜSAHİBƏ

Sharing is caring!


Avropa (Avropa İttifaqı, Avropa Şurası və bir sıra Avropa ölkələri) ilə Azərbaycan arasında böhran yaranıb ki, bu da artıq Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin fəaliyyətinin dondurulması ilə özünü büruzə verib. Bəzi avropalı analitiklər bunun gözlənilməz olduğunu bildirirlər, çünki bir müddət əvvəl Azərbaycan bütün ərazisində öz suverenliyini bərpa edəndə Avropa strukturları sanki rahat nəfəs aldılar.

Bəs Bakını hətta Avropa Şurasından çıxmaq imkanını nəzərdən keçirməyə vadar edən indiki böhranlı vəziyyət niyə yaranıb? Oxu.Az bu sualla şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Leyla Begimə müraciət edib:

– Avropa İttifaqında yaşayan soydaşlarımız, eləcə də bütün xalqımız üçün Avropa ilə bu siyasi böhran çox xoşagəlməz reallıqdır.

– Təbii ki, bunun bir neçə səbəbi var. Fikrimcə, Aİ və Avropanın siyasi institutları əhalisinin əksəriyyəti müsəlman olan türk dövləti Azərbaycanın dünyada formalaşmış siyasi tendensiyalara baxmayaraq, 30 il davam edən ərazilərinin işğalı problemini həll etməsinə uyğunlaşa bilmirlər. Tarixi reallıq Avropa liderləri üçün gözlənilməz sürpriz oldu. Yalnız üç ildən sonra onlar Azərbaycana qarşı öz təzyiq siyasətlərini müəyyənləşdirdilər. Təzyiqlərin məqsədi Azərbaycanın ədalət tələb edən səsini yatırtmaqdır.

Avropanın siyasi elitası məşhur “erməni məsələsi” kimi mühüm geosiyasi problemi həll edə bilmədiyi ilə barışa bilmir.

Reallıqlar göstərdi ki, onların iştirakı olmadan Azərbaycan SSRİ-nin dağılmasından sonra formalaşan gənc dövlət kimi hərbi yolla da olsa, öz suverenliyini bərpa edə bildi. Böhranın əsas səbəbi isə odur ki, Rusiya özünün geosiyasi maraqlarını Avropadakılardan üstün tutaraq, bir dövlət kimi 100 ildir himayəsində saxladığı erməni layihəsinin ağır yükünü üstündən atdı.

– Doğrudanmı Avropa strukturlarında erməni diasporu hansısa güc və ikinci nəfəs alıb (bu barədə avropalı ekspertlər deyirlər) və bütün strukturlarda anti-Azərbaycan narrativlərini möhkəmləndirə bilib? Düzdür, Avropa İttifaqı Şurasında (Avropa İttifaqının quruma üzv ölkələrinin dövlət və hökumət başçılarından ibarət ali siyasi orqanı, Avropa Şurası ilə qarışdırılmamalı – red.) bunu hələ ki bu təsisatda əldə edilə bilməyən konsensus prinsipi səbəbindən həyata keçirmək mümkün olmadı.

– Hesab edirəm ki, erməni lobbisi Avropada idarə olunan bir cəmiyyətdir, müstəqil siyasi qüvvə deyil. Onlar elita və Avropanın əsas siyasi oyunçuları üçün alətdirlər. Erməni lobbisi heç vaxt, elə indi də Qafqaz ermənilərinin maraqlarını müdafiə etməyib, o, yalnız türk xalqlarının sivilizasiyasının birləşməsinə qarşı yönəlmiş Avropa dairələrinin maraqlarına xidmət edib.

– Fransanın erməni mərkəzli mövqeyinə hər kəs öyrəşib, amma indi AŞPA və Aİ-dəki alman deputatlar Ermənistanın, bəlkə də, əsas lobbiçilərinə çevrilirlər. Bunun Avropa strukturlarında solçuların, “yaşıllar”ın və liberalların üstünlük təşkil etməsi ilə bağlı olması kimi bir versiya var. Yayda Avropa Parlamentinə seçkidən sonra isə vəziyyət dəyişə bilər, çünki həmin AP-nin tərkibi Avropada möhkəmlənmiş sağçı qüvvələrin, ənənəçilərin axını səbəbindən xeyli dəyişəcək. Siz bu barədə nə düşünürsünüz?

– Hakimiyyət strukturlarına sağçı ənənəçilərin gəlişinin Avropanın qitəmizdəki geosiyasi strategiyasını dəyişəcəyinə inanmaq, məncə, yanlışlıqdır. Bu fikrin tarixi əsası var.

Gəlin Birinci Dünya müharibəsini xatırlayaq: mühafizəkarlığın mənşəyi olan Avropa monarxiyaları Cənubi Qafqazda ekspansionist siyasət yeridir, ilk növbədə Azərbaycan xalqına ziyan vururdular.

– Yeri gəlmişkən, Avropadakı Azərbaycan diasporu son həftələr xüsusi fəallıq nümayiş etdirir, Azərbaycana dəstək aksiyaları bir çox ölkələri əhatə edir. Avropa azərbaycanlıların fəallığına fikir verirmi? Nə əldə etdiniz?

– Azərbaycan diasporunun Avropadakı fəaliyyəti, təbii ki, AŞPA kimi Avropa qurumlarında baş verən son siyasi hadisələrlə bağlıdır. Fransız, indi isə alman siyasətçilərin ədalətin bütün sütunlarını açıq şəkildə sındırmaları hamımızı qəzəbləndirir. Biz Azərbaycan xalqına qarşı 30 illik təzyiq tarixinin davamını səssiz müşahidə etmək istəmirik.

Ona görə də biz – Avropa azərbaycanlıları – birləşərək haqsızlığa qarşı çıxış edir və haqq səsimizi Avropa siyasətçilərinə çatdırmağa çalışırıq. Əminəm ki, onlar bizi eşidirlər, çünki biz onların bəyanatlarında artıq ehtiyatlılıq müşahidə edirik.

Bütün yuxarıda deyilənlərə baxmayaraq, mən də bütün avropalılar kimi, inanıram ki, Avropa sivilizasiyasının elan edilmiş əsas dəyərləri – ümumbəşəri ədalət əxlaqına əsaslanan azadlıq, bərabərlik, qardaşlıq qələbə çalacaq.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir