Kriminal

“Qanlı göl”də əcnəbini alçaldaraq videoya çəkən dəstə üzvlərinə hökm oxunub

Sharing is caring!


Quldurluqda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ağababa Musayev, Aqşin Məmmədov, Nihat Rəhimli və Elnur Vəliyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Bundan başqa, hökmlə Sadiq Ovçiyev və Sübhan Xanlarova şərti cəza verilib. Sübhan Xanlarov məhkəmə zalından azadlığa buraxılıb. Sadiq Ovçiyev barəsində istintaq və məhkəmə dövründə polis nəzarəti qətimkan tədbiri seçilmişdi.

İttihama görə, ötən il noyabrın 26-da Bakıda ali təhsil alan xarici ölkələrdən birinin vətəndaşı polisə müraciət edərək bildirib ki, sosial şəbəkələrdə tanış olduğu bir nəfər onu Yasamal rayonunda yerləşən “Qanlı göl” adlanan əraziyə çağırıb. Orada olan yarımtikilidə tanımadığı dörd nəfər ona qarşı fiziki zor tətbiq etməklə bir ədəd, dəyəri 1 500 manat olan mobil telefonunu və 100 manat pulunu ələ keçirib. Həmin şəxslər daha sonra zərərçəkənin şəxsiyyətini alçaldan hərəkətlər edərək onu mobil telefon vasitəsi ilə lentə alıb polisə bu barədə şikayət edəcəyi təqdirdə həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.

Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən dəstənin rəhbəri Sadiq Ovçiyev, Ağababa Musayev, Elnur Vəliyev, Nihat Rəhimli, Sübhan Xanlarov və Aqşin Məmmədov saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər eyni üsulla, yəni sosial şəbəkələrdə tanış olub görüşmək adı altında müxtəlif vaxtlarda daha 12 nəfəri “Qanlı göl” adlanan əraziyə çağırıb onlara qarşı da quldurluq ediblər. Dəstə üzvləri həmin zərərçəkənlərin də şəxsiyyətlərini alçaldan hərəkətlər edərək mobil telefon vasitəsi ilə çəkiblər. Onların mobil telefonlarına baxış zamanı müxtəlif şəxslərə qarşı etdikləri hərəkətlər və hədə-qorxu videoları aşkar edilərək götürülüb.

Qeyd olunan faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir