İqtisadiyyat

Azərbaycanda ilk dəfə olaraq dünya standartlarına uyğun gübrələrin istehsalına başlanılıb – FOTO

Sharing is caring!


Azərbaycanda ilk dəfə olaraq dünya standartlarına uyğun suda həll olunan gübrələrin istehsalına başlanılıb.

Bu barədə iş adamı Adnan Əhmədzadə öz “Twitter” hesabında məlumat verib.

“Cəlbedici xəbər! “AZCHEMCO” sınaq rejimində Azərbaycanda ilk dəfə suda həll olunan NPK toz gübrələrin istehsalına başlayıb. Şirkət həm daxili, həm də beynəlxalq bazarları hədəfləyən suda həll olunan beş müxtəlif növ toz (NPK) gübrələrinin istehsalını və yayılmasını planlaşdırır”. 

“AZCHEMCO” – Azərbaycan tarixində ilk dəfə bitkilər üçün gübrə və dərman preparatlarının formul tərtibatçısı və istehsalçısı olan şirkət tərkibində texniki elementlər və maye gübrələr olan NPK gübrələrinin istehsal edib. 

Bu münasibətlə Oxu.Az şirkətin həmtəsisçisi Levent Özdemirdən müsahibə alıb.

“Bildiyiniz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun prioritet sahələrindən biri olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı iqtisadiyyatın əsas sahələrindən biri kimi müəyyən edilib. 

“AZCHEMCO”nun kənd təsərrüfatı sahəsində ilk addımlarını atmasına baxmayaraq, şirkət bu sahədə müasir texnologiyalar tətbiq etməklə kənd təsərrüfatının yenidən təşəkkül tapması üzərində çalışır. 

Məhz bu yanaşma kənd təsərrüfatının modernləşdirilməsini öz fəaliyyətində prioritet istiqamətə çevirən “AZCHEMCO”nu bu sahədə dünya liderləri ilə əməkdaşlığa və müasir kənd təsərrüfatı üsullarını ölkəmizdə tətbiq etməyə sövq edir.

Dövlətimizdə aparılan islahatlar müasir şəraitdə Azərbaycanın iqtisadi inkişafının yeni modelinin formalaşmasına xidmət edir.

Xüsusilə torpaqlarımız işğaldan azad edildikdən sonra valyutanın və milli kapitalın ölkədən əsassız çıxmasının qarşısının alınması üçün yerli istehsalın inkişafı, yeni iş yerlərinin açılması mühüm amil hesab olunur. 
“AZCHEMCO” istehsal etdiyi bitkilər üçün qoruyucu vasitələr, bioloji preparatlar və gübrələr keyfiyyətinə görə dünyaca məşhur şirkətlərin məhsulları ilə rəqabət apara bilər. 

Hər il kənd təsərrüfatında istifadə üçün Azərbaycana külli miqdarda pestisidlər (bitki zərərvericilərinə və xəstəliklərinə, həmçinin, insan və heyvanlarda təhlükəli xəstəlik yayan ziyanvericilərə qarşı mübarizədə istifadə edilən kimyəvi maddədir – red), bioloji maddələr və gübrələr gətirilir ki, bu da Azərbaycanın kənd təsərrüfatını idxaldan asılı vəziyyətə salır.

Fikrimizcə, “AZCHEMCO” aparıcı kənd təsərrüfatı şirkətlərindən biri kimi bu prosesə biganə qalmamalıdır. 

Belə ki, şirkət öz fəaliyyəti çərçivəsində Azərbaycanda yeni AZS 932:2023 “Gübrə-Maye” dövlət standartının hazırlanmasına öz töhfəsini verib.

Bu prosesdə şirkət Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Mühafizəsi və Sənaye Bitkiləri Elmi-Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyasının məsləhətçisi rolunda fəaliyyət göstərib.

Həmçinin, məhsullarda nitrat izinin olması haqqında Azərbaycan Respublikası qanununun qüvvəyə minməsi fonunda şirkətimiz tərkibində nitrat olmayan xammaldan gübrə hazırlanmasının yeni formullarının yaradılması prosesinə start verib. 

Məsələn, şirkət artıq 32 faiz azot və səkkiz faiz kükürd tərkibli maye azot gübrəsi olan “V32S” adlı yeni məhsul hazırlayıb”, – deyə Levent Özdemir qeyd edib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir