İdman

“Viktoriya” yenə müdafiə olunacaq” – Çexiyalı Azərbaycan çempionu

Sharing is caring!

“Heyif, Çexiyada deyiləm, şəxsi işlərimlə bağlı İtaliyaya gəlmişəm. Yoxsa böyük məmnuniyyətlə oyunu stadionda izləyərdim”.

“İnter”in (indiki “Şamaxı”) heyətində 2009/10 mövsümündə Azərbaycan çempionu olan çexiyalı futbolçu Lyubomir Kubitsa Sports.az saytına açıqlamasında “Viktoriya” – “Qarabağ” oyunu haqda danışıb. 

Futbolçu karyerasını bitirəndən sonra menecerlik fəaliyyəti ilə məşğul olan 43 yaşlı mütəxəssis Plzen təmsilçisinin Bakıdakı oyuna sadiq qalacağını, yəni oyunu müdafiədən quracağını təxmin etdiyini dilə gətirib: 

“Fikrimcə, axşamkı matçın ilk dəqiqələri Bakıdakı qarşılaşmanın davamı olacaq. “Viktoriya” müdafiə olunmağı yaxşı bacarır deyə, bu üstünlüyündən istifadə edəcək. İlk dəqiqələrdən müdafiə olunub, əks-hücum taktikasından istifadə edəcəklərini düşünürəm. 

Mixal Bilekin çalışdırdığı komandalar baxımlı oyundan çox taktiki cəhətdən ağıllı oyunu ilə seçilib. Oyunu rəqibin üzərində qurmağı bacarır. Baş məşqçinin ən böyük üstünlüyü müdafiə taktikası qura bilməsidir. Ola bilsin, bu, azarkeşlərə xoş gəlmir, yaxud heç də hər zaman nəticə gətirmir. Amma “Viktoriya” məhz bu oyunla çempion olub, cari mövsümdə Çempionlar Liqasının pley-offuna qədər irəliləyib. Bu gün həlledici görüşdür. Ona görə də son dərəcə ehtiyatlı oynamaq şərtdir”. 

Kubitsa “Qarabağ” haqda danışarkən “köhlən atlar”ın ünvanına tərif yağdırıb: 

“Qarabağ”ın hörmət olunacaq rəqib olduğunu “Viktoriya”dakılar yaxşı bilir. Açıq-aşkar görünür ki, “Qarabağ”ın futbolçuları fərdi ustalıq cəhətdən rəqibini üstələyir. Taktiki cəhətdən də ağıllı oynayırlar. Onlara boş ərazi vermək olmaz. Sürətli hücum qurmağı, bir neçə ötürmə ilə qol vurmağı bacarırlar. Agent olandan sonra “Qarabağ”ı daha yaxından tanımağa başlamışam. 

“Ferentsvaroş”u gördünüz? Açıq futbola getdilər, dərhal bunun acısını çəkdilər. Çexiya komandaları kollektiv futbol sərgiləməyi, ən əsası müdafiə olunmağı bacarır”.

Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Plzendə keçiriləcək “Viktoriya” – “Qarabağ” cavab oyunu bu axşam Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir