İdman

Şotlandiyalı hakim 4-cü dəfə “Qarabağ”ın oyununu idarə edəcək – ARAŞDIRMA

Sharing is caring!


UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın Norveç “Molde”si ilə keçirəcəyi oyuna təyinat alan Con Biton 4-cü dəfə Ağdam klubunun matçını idarə edəcək.

“Report”un məlumatına görə, şotlandiyalı referi daha əvvəl 3 dəfə məhz bu turnirdə Azərbaycan komandasının səfər görüşündə ədaləti qoruyub.

41 yaşlı Biton son olaraq 2020/2021 mövsümünün qrup mərhələsində İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə səfər görüşündə iş başında olub. I tura təsadüf edən həmin qarşılaşmada israillilər 1:0 hesablı qələbə qazanıblar. Şotlandiyalı hakim Azərbaycan təmsilçisinin heyətində Kevin Medina, Vild-Donald Gerye, Filip Ozobiç və Patrik Andradeyə sarı vərəqə göstərib.

Ən çox diqqət çəkən 2019/2020 mövsümünün qrupunda Lüksemburqda “Düdelanj”la matç olub. Görüş Qurban Qurbanovun yetirmələrinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ” sözügedən oyunda erməni təxribatı ilə də üzləşib. Qarşılaşmanın birinci hissəsində qondarma qurumun əski parçası dronla stadiona gətirilib. Oyunun 62-ci dəqiqəsində isə lüksemburqlular meydanda azlıqda qalıblar.

Bitonun “Qarabağ”la yolu ilk dəfə 2016/2017 mövsümündə kəsişib. O, yenə qrup mərhələsində, bu dəfə PAOK-la Yunanıstanda gerçəkləşən qarşılaşmasının baş hakimi olub. Ağdamlıların 1:0 hesabı ilə qalib gəldikləri matçda Maksim Medvedev sarı vərəqə alıb.

O, 2014-cü ildə AVRO-2015-in seçmə oyununda U-19 yığmamızın evdə Macarıstanla 1:1 hesablı heç-heçə etdiyi görüşdə iş başında olub. Biton 2019-cu ildə U-21 komandamızın Avropa çempionatının seçmə mərhələsində evdə Slovakiyaya 1:5 hesabı ilə uduzduğu matça da təyinat alıb.

Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Molde” görüşü saat 20:45-də başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir