Cəmiyyət

Şagird zorakılığı və cəzasızlıq: Məktəb dəyişmək çıxış yoludurmu? – AÇIQLAMA + FOTO

Sharing is caring!


Bakı şəhəri 6 nömrəli məktəb-liseydə ikinci sinif şagirdinin həmin məktəbin yeddinci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi zorakılığa məruz qaldığına dair məlumatların yayılması həm valideynlərin ciddi narahatlığına, həm də ciddi ictimai müzakirələrə səbəb olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi öz açıqlamasında yanvar ayının 10-da məktəbə daxil olan müraciət əsasında valideynlərin də iştirakı ilə təhsil müəssisəsində kamera görüntülərinin izlənildiyini və səsləndirilən fikirlərin videogörüntülərdə öz təsdiqini tapmadığını vurğulayıb.

Agentliyin direktor müavini Mehriban Vəliyeva mediaya açıqlamasında bildirib ki, 6 nömrəli məktəbdə II sinif şagirdinin bir neçə VII sinif şagirdi tərəfindən istismara məruz qaldığı iddia edilən hadisə ilə bağlı VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib, digər uşaqlarla bağlı da addımlar atılacaq. Həmçinin, II sinif şagirdinin valideyninə də bu istiqamətdə təklif edilib.

Göründüyü kimi, indiki halda heç bir şagirdin cəzalandırılmasından söhbət getmir və çıxış yolu kimi məktəblərinin dəyişdirilməsi seçilir. Belə olan halda suallar yaranır: Əgər uşaq yaşına uyğun olmayan pornoqrafik videolara baxırsa və onu özündən yaşca kiçik olanlara göstərirsə, yoldaşlarına qarşı qeyri-adekvat davranırsa, pedaqogika və psixologiya bu haqda nə deyir – bu cür uşaqlarla necə davranmaq lazımdır, cəza olmalıdırmı?

İkinci bir məsələ, bu cür şagirdlərin cəzalandırılmaması hansı fəsadları yarada bilər? Belə hallar baş verərsə, sinif rəhbəri, yaxud məktəb direktorunun etməli olduqları ilk iş nədir? Valideynlərə məsələ necə izah olunmalıdır ki, onların aqressiyasına tuş gəlməyəsən?

Yaranmış suallara həm pedaqoji, həm psixoloji rakursdan baxmağa çalışdıq.

Bakı Dövlət Universitetinin müəllimi, pedaqogika elmləri doktoru Elza Mollayeva Oxu.Az-ın suallarına cavab olaraq bildirib ki, pedaqoji baxımdan, əlbəttə ki, belə vəziyyətdə məsələnin mahiyyəti, səbəbləri  izah edilməklə uşağa cəza vermək lazımdır.

“Əgər sinifdə və ya məktəbdə bu cür neqativ hallara rast gəlinirsə, bu, həmin məktəbdə cinsi tərbiyənin, maarifləndirmə işinin aşağı səviyyədə olmasından xəbər verir. Bu istiqamətdə məktəb ailələrlə sıx əlaqə yaratmalı, onlar arasında cinsi tərbiyə, ailə pedaqogikası, uşaqların yaş dövrlərinin spesifik xüsusiyyətləri  ilə bağlı maarifləndirmə işi aparmalıdır. Son araşdırmalar onu deməyə əsas verir ki, cinsi zorakılığa daha çox 12 yaşa çatmamış, əksər hallarda isə üç-yeddi yaş arası olan uşaqlar məruz  qalırlar. Əlbəttə, belə vəziyyətdə uşağa cəza vermək lazımdır. Ancaq cəza verilərkən onun mahiyyəti, səbəbləri uşağa izah edilməlidir. İlkin mərhələdə ona xəbərdarlıq edilməli, valideynləri ilə ciddi söhbət aparılmalıdır”.

Törətdiyi əmələ görə uşağın bir məktəbdən digərinə keçirilməsini isə Elza xanım düzgün addım hesab etmir:

“Bir çox məktəb rəhbərləri çıxış yolunu həmin uşağı məktəbdən çıxarmaqda görürlər ki, bu da düzgün addım deyil. Biz xəstəliyi müalicə etmək üçün onu yaradan səbəbləri tapmalıyıq. Bu cür uşaqların cəzalandırılmaması yeni fəsadlara münbit şərait yaratmış olar. Çünki hər bir cəzasızlıq növbəti cinayətə yol açır. Bu baxımdan, məktəbdə öz yaşıdlarına və özündən yaşca kiçik olan uşaqlara qarşı cinsi zorakılığa yol verən məktəblilər daim məktəb psixoloqu, sinif rəhbəri və məktəb rəhbərliyinin diqqət mərkəzində olmalıdırlar. Onların valideynləri ilə pedaqoji istiqamətdə iş aparmaq lazımdır. Əgər bunlar da müəyyən nəticə verməzsə, həmin uşaqlara qarşı inzibati qaydada cəza tətbiq edilməsi, daha sonra məktəbdən xaric edilməsi qaçılmazdır.

Əgər yuxarıda qeyd etdiyimiz hadisə baş verərsə, sinif rəhbəri valideyni məktəbə dəvət etməli və onunla ciddi söhbət aparmalıdır. Baş vermiş hadisə haqqında məktəb rəhbərliyinə məlumat verməlidir. Bəzi valideynlər onların uşaqları haqqında bu cür məlumatı aqressiya ilə, bəziləri isə utanc hissi ilə qarşılayırlar. Hər iki vəziyyətdə belə həssas mövzuda valideynlərlə söhbət aparmaq, onları bu istiqamətdə aparılacaq tərbiyə işinin iştirakçısına çevirmək üçün sinif rəhbərində pedaqoji ustalığın, pedaqoji taktın, pedaqoji mərifətin olması zəruridir. Burada məktəb rəhbərliyi hadisələrin sonrakı gedişini diqqətlə izləməli, belə neqativ halların bir daha baş verməməsi məktəbdə təlim-tərbiyə ilə bərabər, prioritetə çevrilməlidir”.

Psixoloq Könül Telmanqızı isə Oxu.Az-ın suallarına cavab olaraq bildirib ki, uşaqların bu cür qeyri-adekvat hərəkətlərinin əsas səbəbi valideynləri ilə lazım olduğu qədər təmas qura bilməmələri, diqqətdən kənarda qalmalarıdır. Belə ki, riskdən xəbəri olmayan uşaqların internetdə yaşlarına uyğun olmayan məzmunlara baxması onlarda davranış pozuntusuna, emosiyalarının idarə olunmamasına səbəb ola bilir.

“Davamlı bu cür videolara baxmaq və bunun bioloji tərəflərini bilməmək, avtomatik cinsi oyanma uşaqda qorxu və günah hissini yaradır. Bu vəziyyət uşağın məktəbə və sosial həyata uyğunlaşması baxımından problemə çevrilir. Yaxşı olar ki, psixoloq dəstəyi ilə yanaşı, valideynlər də bu vəziyyətin həllinə övladları ilə vaxt keçirərək yardım etsinlər.

Valideyn davranışında problem olduğunu düşündüyü övladının ona, əslində, nə demək istədiyini anlamağa cəhd etməlidir. Uyğunsuz davranışa diqqət yönəltməklə uşağın iç dünyasına nüfuz etməyə çalışmalıdır.

Baş verən hadisədə məktəblinin cəzalanıb-cəzalanmaması məsələsinə gəlincə, hesab edirəm ki, cəza ağrı yaradır və ağrı, adətən, emosional bağları gərginləşdirir. Uşağın emosional ehtiyaclarına diqqət yetirdikdə valideyn-övlad bağı dərinləşir. Bu zaman uşaq ailədən güc və diqqət alır, bu vəziyyətin düzəlməsi və bu kimi videolara baxmamaq üçün diqqətini özünü düzəltməyə fokuslayır”, – psixoloq qeyd edib.

Könül Telmanqızı məktəb daxilində psixoloqların sinif bölgüsü apararaq, uşaqlarla görüş təşkil etməsinin də önəmli olduğunu vurğulayıb:

“Valideyn – məktəb – müəllim üçbucağı yaradılmalıdır. Mütəmadi qaydada məktəb daxilində psixoloqlar sinif bölgüsü apararaq uşaqlarla görüş təşkil etməlidirlər. Ayrı-ayrılıqda həmin uşaqlarla görüşməlidirlər, lazım gələrsə, söhbətə valideyn də cəlb olunmalıdır. Qaydalar bu şəkildə, zəncirvari davam edərsə, yaranacaq problemin qarşısı öncədən alınmış olacaq.

Baş verən hadisə fonunda uşağın məktəbini dəyişdirmək məsələsinə gəlincə, hesab edirəm ki, istər müəllimlər, istərsə də valideynlər qərar verməzdən əvvəl mütəxəssisə  müraciət etməlidirlər. Çünki uşaq bu vəziyyətdə öz hərəkətinin nəticələrini, gərginliyini yığılmış aqressiyası ilə göstərə bilər. Nəzərə almaq lazımdır ki, uşaq başqa məktəbə getməyə başlayanda, hətta onun təhsil həyatı qısamüddətli olsa belə, yenidən yaşıdları ilə dostluq etmək, müəllimlərin üslubunu və tələblərini anlamaq, qəbul etmək kimi bir yeniliklə qarşılaşmış olacaq. Uyğunlaşma prosesini yaxşı idarə etmək çox vacibdir. Zamanla valideynlərin və müəllimlərin dəstəkləyici davranışı uşağın vəziyyətə daha asan uyğunlaşmasına və daha az problem yaşamasına kömək edəcək”.

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir