İdman

Yadranka Strukiç: “Bakıdakı dünya çempionatında heç bir rəsmi etiraz və ya apellyasiya olmayıb”

Sharing is caring!


Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatına dünyanın müxtəlif ölkələrindən idmançılarla yanaşı, yarış nümayəndələri də cəlb olunublar. Bunlar arasında fəallığı ilə diqqət çəkənlərdən biri də Yadranka Strukiçdir.

Tapança və tüfəngdən atəş növlərində texniki nümayəndə kimi cəlb olunan xorvatiyalı mütəxəssis Oxu.Az-a dünya çempionatının gündəliyi haqda məlumat verib:

“Ümumi götürsək, yarış yaxşı keçir. Ciddi problemin olduğunu deyə bilmərəm. Hər bir turnirdə olduğu kimi, bu dünya çempionatında da texniki məsələlər var. Biz onların həlli üçün çalışırıq.

Bu məsələləri məşqlər və finalöncəsi atışlar zamanı həll edirik. Hazırda heç bir problem və ya diqqətçəkən məsələ yoxdur. Hər şey öz axarında davam edir. İlk gündə gərginlik və təzyiq var idi. Bu da normal haldır.

Bu yarış həm də “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandırır. Ona görə də idmançıların hər birində xüsusi istək var. İlk medallar və lisenziyalardan sonra idmançılar, məşqçilər gördülər ki, burada hər şey ədalətlidir. Verilən qərarlarda heç bir problem yoxdur. Bundan sonra münsiflər və hakim heyətinə inam artdı, rahatlıq yarandı. Belə ciddi bir şikayət yoxdur.

Ola bilər ki, kimsə haradasa kiçik narazılıq edər, fikir bildirər. Amma heç bir rəsmi etiraz və ya apellyasiya olmayıb. Mən dopinq komitəsinə də təşəkkür etmək istəyirəm. Azərbaycan bu məsələdə bizimlə çox gözəl əməkdaşlıq edir. Dopinq komandası çox mükəmməl şəkildə işləyir. Heç bir problemlə qarşılaşmamışıq. Amma başqa yarışlarda bu sarıdan sıxıntılarımız olur. Ya idmançılarda dopinq çıxır, ya da müvafiq komitənin fəaliyyətində problemlər yaranır.

Bəzən dopinq komandasını dəyişmək məcburiyyətində qalırıq. Burada isə hər şey əladır. Ümumilikdə problemlər çox azdır. Stend yarışlarında atəş açmada küləklə bağlı çətinlik olmuşdu. Amma bu, bizim  səlahiyyətimizdə olan məsələ deyil. Belə nüansları çıxsaq, hər şey əladır”.

Adətən, belə miqyaslı yarışlarda ortaya texniki problemlər çıxır və ya silahlarda problem yaranır. Maraqlıdır, dünya çempionatında iştirakçılar və nümayəndələr, əsasən, nələrdən narazıdırlar?

“Tüfəng və ya tapançayla bağlı problem aşkarlanan zaman müvafiq qaydalara uyğun addımlar atılır. Məşq və ya təlimlər zamanı nəsə aşkarlanarsa, onlara problemin həll edilməsi ilə bağlı vaxt verilir. Yarış zamanı belə hal aşkarlananda isə münsiflər hadisəyə müdaxilə edirlər. Məsələ qaydalar çərçivəsində həll olunur. Ədalət prinsipləri qorunur. Problem təkcə silahlarla bağlı olmur. Hədəflər və kompüterlər də yoxlanılır. Elektron avadanlıqlarda hər an problemlər yarana bilər. Bu, normaldır. Bütün yarışlarda belə hallar olur. Çalışırıq ki, problem olmasın. Hər şey idmançılar üçün ədalətli olsun”, – deyə Yadranka Strukiç bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir