İdman

“Neftçi”nin baş məşqçisi: “Yeni transferlərin bəzilərini qeydiyyata sala bilməmişik”

Sharing is caring!


“Rəqibin necə oynayacağını və necə əzmkar komanda olduğunu bilirik. Bizi ağır matç gözləyir, bunu dərk edirik. Məqsədimiz növbəti mərhələyə adlamaqdır”.

Oxu.Az xəbər verir ki, bu sözləri UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubuna qarşı keçirəcəkləri cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.

O, sözlərinə belə davam edib:

“Burada fəaliyyətimə mərhələ adlamaqla başlamaq istəyirəm. İnanıram ki, fanatlar sabah tribunaları dolduracaqlar. Onlara söz verə bilərəm ki, uğur qazanmaq üçün hər oyunda 200 faiz gücümüzü göstərəcəyik”.

Rumıniyalı mütəxəssis azarkeşlərin yaradacağı atmosferin komandaya həm mənfi, həm də müsbət təsir göstərə biləcəyini düşünür:

“Oyuna yaxşı başlasaq, azarkeşlərin yaratdığı atmosfer bizə müsbət təsir edəcək. Lakin matç istədiyimiz kimi keçməsə, bu atmosfer oyunçularımıza mənfi təsir göstərə bilər. Əsas məqsədimiz azarkeşləri tribunaya cəlb etməkdir. Bunu da oyunumuz və nəticələrimizlə qazanmaq istəyirik”.

Start heyəti açıqlamaq istəməyən Adrian Mutu yeni transferlərdən razılığını ifadə edib:

“Yeni transferlərin bəzilərini qeydiyyata sala bilməmişik. İlk “11-liy”i məmnunluqla deyərdim. Ancaq bunu rəqibin məşqçiləri də görə bilərlər. Buna görə də açıqlamağım doğru olmaz. Mənim üçün start heyət və ehtiyat qüvvə anlayışı yoxdur. Heyəti futbolçuların həftəboyu göstərdikləri performansa görə müəyyənləşdiririk. Hər bir oyunçu öz şansını alacaq. Yeni transferlərin isə hamısından razıyam. Onlar mənim istəyimlə komandaya cəlb olunublar. Komandaya qoşulan və bundan sonra qoşulacaq oyunçuların bizə böyük köməyinin dəyəcəyinə inanıram”.

Onun sözlərinə görə, komandası fiziki cəhətdən 120 dəqiqə də mübarizə aparmaq gücündədir:

“İşi 90 dəqiqədə həll etmək istəyirik. Təlim-məşq toplanışını mən keçməsəm də, fiziki durumu səbəb kimi göstərmək istəmirəm. Komandam fiziki cəhətdən hazırdır. Yoxlama görüşləri ilə müqayisədə indi daha yaxşı vəziyyətdəyik. Gündən-günə daha yaxşı olacağıq”.

Baş məşqçi Bakı barədə heyranlıqla danışıb: “Bakı çox gözəl şəhərdir. İnsanlar mənimlə çox yaxşı davranırlar. Yeməklər isə dadlıdır”.

Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Jelezniçar” matçı saat 21:00-da start götürəcək. Bosniya və Herseqovinadakı ilk oyunda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir