İdman

Aslan Kərimov: “Qarabağ” “Rakuv”la oyunda dominant tərəf olacaq”

Sharing is caring!


“Qarabağ” “Rakuv”la oyunda dominant tərəf olacaq”.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Qarabağ”ın Polşanın “Rakuv” klubuna qarşı keçirəcəyi II təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən futbol mütəxəssisi Aslan Kərimov deyib.

O bildirib ki, qarşılaşma Ağdam təmsilçisinin I təsnifat mərhələsində Cəbəllüttariq “Linkoln”u ilə matçlarından (2:1, 4:0) fərqlənəcək:

“Maraqlı, rəqabətli oyun olacaq. “Linkoln”la matçdan fərqli olaraq, hansısa komanda mütləq dominant olmayacaq. I təsnifat mərhələsində rəqib çox boşluqlar verdi. “Rakuv”la görüşdə yaxşı və azarkeşlərə xoş oyun izləyəcəyimizi gözləyirəm”.

Azərbaycan millisinin sabiq üzvü qış təlim-məşq toplanışı zamanı “Qarabağ”ın bu rəqibinə 0:3 hesabı ilə məğlub olmasının heç nə ifadə etmədiyini söyləyib. Çünki həmin zamandan çox şey dəyişib:

“Daha dominant tərəf “Qarabağ” olacaq. Komanda hər zaman topa sahib olmada üstünlük əldə etməyə çalışır və bunun sayəsində rəqibdə boşluqlar axtarır. Düzdür, qışda bu komanda ilə qarşılaşıblar və 0:3 hesabı ilə məğlub olublar. Amma bu heç nə demək deyil. Yoxlama oyunları fərqlidir. Təlim-məşq toplanışında yeni futbolçular sınaqdan keçirilir, oyunçular yüklənmiş, yorğun halda meydana çıxırlar. Ona görə də yoxlama oyunundakı məğlubiyyət göstərici ola bilməz. Amma ən azından komandalar bir-birilərini müəyyən qədər tanıyırlar. Digər tərəfdən, indi “Rakuv”da yeni baş məşqçi var. Onun rəhbərliyi altında komanda başqa stildə futbol nümayiş etdirə bilər. Düşünürəm ki, “Rakuv” “ikinci nömrə” ilə (Yəni müdafiədən – red.) oynayacaq. “Qarabağ”ın hücum xətti həddən artıq güclüdür. Yüz faiz əminəm ki, 2-3 qol epizodu yarada biləcəklər”.

Vaxtilə Ağdam klubunda forma geyinmiş Aslan Kərimov “Qarabağ”ın standart vəziyyətlər və rəqibin əks-hücumları zamanı diqqətli davranmalı olduğunu qeyd edib:

“Qarabağ” hər zaman standart vəziyyətlərdə çətinlik çəkib. Bu oyunda da diqqətli olmaq lazımdır. Digər təhlükə əks-hücumlar ola bilər. Dominant oynadığın halda istər-istəməz boşluqlar verirsən. “Linkoln”la oyunlarda “Qarabağ”ın 4-5 təhlükəli əks-hücuma yaxalandığını gördük. Bunlardan da biri qolla nəticələndi. Bu, bizim üçün rəqibin ən təhlükəli tərəflərindən ola bilər. Lakin ümumilikdə bu cütdə “Qarabağ” üstün olan tərəfdir”.

Qeyd edək ki, sabah “Miejski” stadionunda keçiriləcək “Rakuv” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:15-də start götürəcək. Komandalar arasında cavab matçı avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir