İdman

Ekspert: “Qarabağ” artıq “Gent”in nəyə qadir olduğunu yaxşı bilir” – FOTO

Sharing is caring!

“Qarabağ” artıq “Gent”in nəyə qadir olduğunu yaxşı bilir”.

Bunu “Report”a açıqlamasında futbol eksperti, menecer Səbuhi Səfiyarlı Azərbaycan və Belçika təmsilçilərinin Bakıda keçirilmiş UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

O, “köhlən atlar”ın rəqibi yaxşı analiz etdiyini bildirib:

“İki epizod istisna, “Gent”in təhlükəli hücum təşkil etməsinə, kombinasiyalar qurmasına imkan verilmədi. Buna görə qapıda elə də təhlükəli vəziyyət yaranmadı. Bu cəhətdən “Qarabağ”ın “Gent”i üstələdiyini demək olar. Çünki komanda çox yaxşı qol epizodları yaradırdı və qonaqları çətin vəziyyətə sala bilirdi. Belçika klubunun müdafiə xəttinin etibarlı olmaması tez-tez qol şansları yaratmağa imkan verirdi.

Təəssüf ki, Ramil Şeydayev penaltini boşa verdi və oyunçular bir-iki epizodda fərqlənməyə yaxın olsalar da, bundan yararlana bilmədilər. Amma lazım olan nəticəni əldə etdilər. “Qarabağ”ın bir neçə qol vəziyyəti yaradacağı və ustalıq sayəsində bundan yararlana biləcəyi əvvəlcədən gözlənilirdi. Əsas odur ki, komanda arxa xətdə etibarlı oynadı və qol buraxmadı. Burada xüsusən Bəhlul Mustafazadəni qeyd etmək istəyirəm, Julio Romao da əvvəlkindən daha yaxşı təsir bağışlayırdı”.

Səfiyarlı matçdan əvvəl Belçika təmsilçisinin kağız üzərində daha üstün hesab olunduğunu diqqətə çatdırıb:

“Amma bu oyun göstərdi ki, “Qarabağ” heç də rəqibindən geri qalmır. Qarşılaşmadan əvvəl “Gent”in növbəti mərhələ üçün şansı daha çox hesab edilirdisə, ilk oyundan sonra “Qarabağ”ın şansının 50 faizdən daha çox olduğunu demək olar”.

Ekspert ağdamlıların rəqib meydanında oyun üslubunu saxlayacağını söyləyib:

“Səfərdə azarkeş təzyiqi də bir az çox olacaq. Belçika klubu da buraxdığı qolun əvəzini çıxmağa çalışacaq. Onlarda da ustalıq səviyyəsi yüksək olan futbolçular çoxdur. Amma əminəm ki, “Qarabağ” təzyiqin altından çıxmağı bacaracaq. Komanda dəfələrlə böyük komandalara qarşı bunu nümayiş etdirib. Azərbaycan çempionu 1/8 final üçün bir addım daha öndədir”.

Qeyd edək ki, “Qarabağ” rəqibini 1:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması fevralın 23-də gerçəkləşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir