Mədəniyyət

Dərbənddəki Nizami Gəncəvi parkı icarəyə verilir? “Şəhər merinin səlahiyyəti var ki…” – AÇIQLAMA

Sharing is caring!

Dərbənddə yerləşən və dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan parkın icarəyə verilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə dərc edilən informasiyalardan və sənədlərin fotoşəkillərindən görünür ki, Nizami Gəncəvi parkının icarəyə verilməsinə Dərbənd şəhərinin rəhbərliyi qərar imzalayıb.

Məsələ ilə bağlı Oxu.Az-a danışan Dərbənd azərbaycanlıları milli-mədəni muxtariyyətinin sədri Telman Tahirli parkın icarəyə verilməsini nə təsdiq, nə də təkzib edib. O bildirib ki, park ərazisinin müəyyən hissələri ictimai iaşə və kommersiya məqsədilə istifadə edilməsi üçün icarəyə verilə bilər:

“Bu informasiya sosial şəbəkələrdə yayılıb. Lakin rəsmi mətbuatda dərc edilməyib və rəsmi deyil. Dərbənddə yerləşən Nizami Gəncəvi parkı şəhərin mərkəzində kifayət qədər geniş ərazini əhatə edir. Parkın ortasında Rusiyada ən böyük və ən gözəl hesab edilən, möhtəşəm fontan tikilib. Hər şəhərin merinin səlahiyyəti var ki, parklarda müəyyən ərazini icarəyə versin. Bundan başqa parkın baxımına, abadlaşdırılmasına da şəhər meri nəzarət edir. Nizami parkının bütövlükdə icarəyə verilməsi mümkün deyil. Ola bilər, hansısa kiçik əraziləri icarəyə verib, müxtəlif məqsədlərlə istifadəsini təmin edərək, əldə olunan vəsaiti parkın baxımı, təmizlənməsi kimi məqamlara yönəltmək istəyirlər.

Bu yaxınlarda Azərbaycanın xalq artisti Emin Ağalarov Dərbəndə gəlmişdi. O təklif etdi ki, Dərbənddə “Zəfəran” adlı böyük və gözəl restoran tikilsin. Biznes tərəfindən baxanda Nizami parkında da restoranların, ictimai iaşə obyektlərinin olması pis təklif deyil.

Amma Nizami parkının ərazisi təxmini 5-6 hektardır. Bu qədər böyük ərazini saxlamaq, təmizləmək, abadlaşdırmaq üçün büdcədə kifayət qədər pul olmalıdır. Parkın ərazisindən əlavə gəlir qazanılsa, bu heç də pis olmaz. Parkın icarəyə verilməsini başqa cür təqdim etmək istəyən qüvvələr ola bilər. Ona görə, hər yazılana inanmaq doğru olmazdı”.

Qeyd edək ki, məsələyə münasibət öyrənmək üçün Azərbaycan Mədəniyyət Nazirliyi ilə də əlaqə saxladıq. Nazirlikdən bildirilib ki, qurum ölkənin daxilində olan mədəni irs abidələrinin qorunması ilə məşğul olduğundan, bu məsələyə hansısa şərh verilməsi məqsədəuyğun deyil.

Xatırladaq ki, Nizami Gəncəvi adına park Dərbənd şəhərində yerləşən mədəniyyət və istirahət parkı olması ilə yanaşı həm də fəaliyyətdə olan mədəni irs abidəsidir.

Nizami Gəncəvi parkı Y.A.Qaqarin, Q.Əliyev və E.K.Paşabekov küçələrini arasında və Dərbəndin əsas görməli yerlərindən olan Narın-Qalasının şimal divarı boyunca uzanır.

Parkdakı şimal divarının elementlərindən biri 1853-cü ildə rus qoşunları tərəfindən tikilmiş, 1866-cı ildə yenidən daşdan tikilmiş taxta mayakdır. Dərbənd mayakı parkın əsas görməli yeridir. Parkdakı mayak Rusiyanın qorunan abidələri siyahısına və UNESCO-nun tarixi siyahısına daxil edilib.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir